Komitə sədri ilə yazıçının qeyri-adi xaş əhvalatı

Komitə sədri ilə yazıçının qeyri-adi xaş əhvalatı
7 sentyabr 2019
# 13:17

Atamla bağlı belə məzəli xatirələr çoxdur. “Xaş əhvalatı”nı qələmə alan tanınmış şairimiz Əliağa Kürçaylının oğlu Ülfətdir; atamla “Azərnəşr”də birgə işləyirdilər...

Niyə indi verirəm bu yazını?

Dedim, həm, Əliağa Kürçaylının, həm Əlfi Qasımovun, həm də, bu günlərdə dünyasını dəyişmiş ziyalı və dövlət adamı Nazim İbrahimovun ruhu şad olsun...

İlqar Əlfioğlu

1985-ci ilin qışı idi. “Azərnəşr”də, bədii ədəbiyyat şöbəsində çalışırdım. Redaksiyanı ikinci ailəsinə çevirib hər işçisinin nazıyla oynayan müdirimiz Əlfi Qasımovun qəlbinin genişliyindən, kövrəkliyindən istifadə edən redaksiya işçiləri hər iki-üç gündən bir ondan nəsə xahiş edirdilər. Xüsusən, mən lap ağını çıxarmışdım. Xətrimi istədiyini bildiyim üçün ağına-bozuna baxmayaraq, heç dəxli olmayan şeyləri boynuna qoyurdum.

O günlərdən iyirmi ilə yaxın bir müddət keçir. Tez-tez onu yada salıram. Ovaxtkı ərköyünlüyümə nə üçün dözdüyü mənə indi aydın olur. Əsl ziyalı və əsl yazıçı təbiətinə malik olan Əlfi müəllim həm də mərhum şair dostunun oğlu olduğum üçün xətrimə dəymirmiş.

Günlərin bir günü növbəti nahar fasiləsindən həmişəki kimi gec gəldiyimə baxmayaraq üzr istəmək əvəzinə düz yaxınlaşdım mənim yerimlə üzbəüz əyləşən müdirimin masasına ki, bəs, Əlfi müəllim, indicə “Pasaj bazarı”ndan gəlirəm, əla dırnaq satırlar...

Söhbətimin yersiz və mənasız olması onu qətrə qədər də halından çıxarmadı. Başını qaldırmadan, əlində nəsə yaza-yaza bircə bunu soruşdu:

- Nə dırnaq?

- Mal dırnağı.

Guya ələdüşməz bir şey imiş. Gözünü yazısından ayırmayaraq əlini şalvarının arxa cibinə apardı, bir qırmızı onluq çıxarıb stolun üstünə qoydu və nəzə yaza-yaza soruşdu ki, bəs eləyər?

- Eləyər – dedim.

- Get, al. – dedi.

Utanmaz-utanmaz onluğu da götürüb düşdüm aşağı. Girdim bazara. Yaxınlaşdım bayaq gördüyüm, dana ayağı satan kişiyə, dırnaqların qiymətini soruşdum. Malını bir xeyli tərifləyəndən sonra kişi dedi ki, bax, bunları dördə, amma bu gördüklərini beş manata verirəm. Baxdım, dördə dedikləri iri, ətli ayaqlardır, beşə dedikləri isə arıq. Soruşdum, xırdaları niyə irilərindən bahadır. Kişi kiçik bir fasilə verib mənalı-mənalı gülümsündü. Yəni, sən axı hardan biləsən, ay yazıq, indi sənə nə anladım...

Sonra ağzını bir az qulağıma yaxınlaşdırıb astaca “Bunlar qabaq ayaqlardı” - dedi.

Daha bu boyda hikmətin qarşısında söz deməyin artıq olduğunu düşünərək onluğu çıxarıb qoydum piştaxtanın üstünə, iki arıq ayağı da götürüb qoltuğuma vurdum və birbaş nəşriyyata qayıtdım. Otağımıza girərək keçib oturdum yerimdə, kağıza bükülü ayaqları da qoydum masamın üstünə...

Qadınlı-kişili, bütün işçilərimiz otaqda idi. Baxıb gördüm, nəşr planında kitabı olan professor Qulu Xəlilov da burdadı, lap küncdəki boş stolun arxasında oturub, əliylə alnına söykək verib çox diqqətlə qarşısındakı yazıya baxır. Baxdım ki, yaxınlaşıb salam versəm, mane olaram, fikrini dağıdaram, çaşdıraram kişini və yerimdən qımıldanmadım. Bir az da ətrafıma göz gəzdirdim və bu işgüzar atmosferdən utanıb masamın yeşiyindən nəsə bir yazı çıxarıb qoydum qabağıma – guya mən də nəsə qurdalanıram. Amma fikrim o bir cüt mal dırnağının yanında idi. Bir tərəfdən də o dal-qabaq məsələsi yaman karıxdırmışdı məni. Elə istəyirdim yaxınlaşıb Əlfi müəllimin özündən soruşum, özümü güclə saxladım. Xülasə, bu cür xəyallarla işin növbəti saatını da müvəffəqiyyətlə başa vurmuşdum ki, Əlfi müəllimin səsi gəldi:

- Ə, aldınmı?

- Aldım – dedim.

- Aç görüm – deyib yaxınlaşdı masama, mən də durub bükülünü açmağa başladım. Əlfi müəllim əvvəlcə diqqətlə ayaqları nəzərdən keçirdi, sonra birini götürüb burnuna yaxınlaşdırdı, mənə baxdı və: “Ə, lap qan eləmisən, vallah!” - deyib kəhrəba rənginə çalan dırnaqları yenə səliqəylə kağızına bükdü, aparıb qoydu öz masasının çəkməcəsinə.

Yenə eynəyini qutusundan çıxarıb girişdi işləməyə. Mən isə o dal-qabaq məsələsini ondan xəbər almağa yenə utandım.

Bu vaxt Əlfi müəllimin sağındakı stolda qərar tutmuş gözəl tərcüməçimiz, şair və ən ümdəsi isə hal əhli olan Vilayət Rüstəmzadə qarşısındakı əlyazmanı bir kənara atdı və divara söykədiyi əsanı qapıb çənəsinə dayaq verdi. Bildim ki, Vilayət bugünkü iş gününə yekun vurur, fürsəti fövtə verməyib soruşdum ki, ay Vilayət, sən bilərsən, niyə malın qabaq ayağı dal ayağından baha olur? Vilayət yerində bir qədər qurdalanıb özünəməxsus arxayın, əmin və inandırıcı danışıq tərziylə aşağıdakıları bəyan elədi:

- Belədi də, starik, ağzında dal deyirsən! İndi bu dalın qabaqla bir fərqi olmalıdır, yoxsa yox? Onda ki, mal dırnağı ola... Səni bilmirəm, amma lələşin xaşdan bircə qaşıq dadan kimi, bilir, bu dal ayağın xaşıdı, yoxsa qabaq...

Bir şey anlamasam da, “həə...” – deyib, daha üstünü vurmadım. Bu əsnada hansı xoş məramlasa otağımızda yenə də qəfil peyda olmuş partkomumuz Vahid mənim Vilayətə sualımda bir işıq ucu görərək həmişəki kimi siyasi sayıqlıq göstərdi və mal dırnaqları mövzusunda diskussiyamıza qoşulmaq qərarına gəldi:

- Mənə elə gəlir ki, qabaq ayaqlar qabaqda yerləşdiyi üçün, heyvanın boynuna yaxın olduğu üçün və qidanın ən şirəli yerini özünə çəkdiyi üçün daha vitaminli, daha qiymətlidir.

Bu yerdə gördüm ki, otağımızın hörmətli qonağı Qulu Xəlilov ayağa durdu, qələm-kağızını qovluğuna qoyub bağladı və düz qapıya yönəldi. Lap otaqdan çıxanda nə düşündüsə, ayaq saxladı, üzünü bizə sarı çevirib bir az əsəbi tərzdə dilləndi:

- Malın arxa tərəfinin bulaşıqdan başı ayılır ki?.. Sonradan nə qədər yusan da, qoxusu çəkilmir. Necə baha ola bilər?

Kişi bunu dedi və qapını çırpıb getdi. Bu heynidə Əlfi müəllim qalxdı ayağa ki, daha sizə heç sözüm yoxdu, otaqda qız var, qadın var. Bu nə söhbətdi səhərdən atmısız ortaya?! Yaxşısı budur, deyin: xaşı səhər harda yeyək?

Hərə bir yerin adını çəkdi. Axırda bu qərara gəldik ki, səhər səkkiz tamamda yığışaq Səadət sarayıyla üzbəüzdəki padvalın qabağına. Qalxıb hamı evinə getdi.

Səhər saat səkkiz tamamda deyilən yerdə görüşdük. Elə padvala enmək istəyirdik ki, siqnal səsi eşitdik. Çönüb gördük, Mətbuat Komitəsinin maşını düz qabağımızda dayanıb, sədrimiz Nazim İbrahimov da içində. Boylanıb bizə baxır. Yəni, bir saatdan sonra iş başlanır, burda nə işiniz var? Vəziyyət o qədər əcaib və gülməli idi ki, bir an nə edəcəyimizi bilmədik, çaşqınlıq içində döyüküb qaldıq.

Bu vaxt Əlfi müəllim qabağa çıxıb sədri əvvəlcə başıyla salamladı, sonra əliylə padvala işarə edib deyəsən, Nazim İbrahimovu ora dəvət eləməyə başladı. Yəni, düşüb qonağımız olaydın. Padvalın qapısında isə iri, qırmızı hərflərlə yazılmışdı: “XAŞ”. Daha bu boyda səmimiyyət qarşısında söz tapa bilməyən sədrimiz ötəri gülümsəyərək maşınının qapısını örtdü. Otuz-qırx metr gedib dayandılar idarənin qabağında. Nazim müəllim maşından düşüb qalxdı komitəyə. Əlfi müəllim baxıb gördü ki, yerimizdə donub qalmışıq, əlini çiynimə qoyub “Əşşi, bizdən dəvət eləməkdi, özündən küssün” – dedi və keçdi padvala. Bir anda qırışığımız açıldı və onun dalınca padvala endik.

Ülfət Kürçaylı

# 3019 dəfə oxunub

Müəllifin son yazıları

# # #