“Multikulturalizm” jurnalının yeni sayı çıxdı

“Multikulturalizm” jurnalının yeni sayı çıxdı
25 may 2018
# 11:03

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalının 2018-ci il üçün birinci sayı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, Jurnal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamı ilə açılır.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Novruz bayramı münasibəti ilə Azərbaycan xalqına təbriki çap edilib. Jurnalın rəsmi bölməsi “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması – VI Qlobal Bakı Forumu”nun gündəliyi ilə qapanır.

“Azərbaycançılıq” rubrikası altında Dağ yəhudiləri icmasının sədri Milix Yevdayevin “Tragedy has no borders” (Faciənin sərhədi yoxdur) məqaləsi dərc olunub.

“Terror multikulturalizmə qarşı” rubrikasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində keçirilmiş beynəlxalq konfrasın gündəliyi verilib.

Jurnalın “Multikulturalizm və onun tədrisi” bölməsində Azərbaycan Dillər Universitetinin Multikulturalizm Elmi-Tədqiqat Laboratoriyasının elmi işçisi Turan Kərimlinin məqaləsi dərc edilib.

“Çoxmədəniyyətlilik” rubrikasında həmin laboratoriyanın digər əməkdaşı Əli Fərhadovun “Azərbaycandilli xristian əlyazmaları tariximizdən” adlı məqaləsi yer alıb.

“Tariximiz, bugünümüz” rubrikasında “Alban Apostol kilsəsi: tarixi baxış” adlı “Dəyirmi masa”nın mətni dərc edilib.

“Polemika” bölməsində dünya şöhrətli alim, yazıçı Umberto Eko ilə kardinal Karlo Martininin dialoqu yer alıb.

“Axundov zalı”nın poeziya guşəsində Rəşad Məcidin şeirləri, nəsr guşəsində isə Əjdər Olun “Ölümlə zarafat” portret hekayəsi oxuculara təqdim edilir.

“Höte zalı” rubrikasının poeziya guşəsində rusiyalı şair Yuriy Kuznetsovun “Nizaminin kölgəsi” şeiri, nəsr guşəsində isə Bertran Rasselin “İlahiyyatçının yuxusunu qarşıdırmağı” hekayəsi çap olunub.

“Tənqid və esseistika” bölməsində professor Rahid Uluselin “Kainatın alı məqsədləri boyunca” essesi dərc edilib.

Jurnalın “Multikulturalizm mozaikası” rubrikasında 2018-ci ilin birinci rübündə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, eləcə də ölkə ərazisində keçirilən bir sıra tədbirlər və VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin gündəliyi işıqlandırılıb.

Jurnalın budəfəki “Region” əlavəsində “Muğan bölgəsinin rəngi” başlığı altında Oqtay Rza, Balaxan İspəroğlu, Şakir Xanhüseynli, Nisə Bəyim, Mətləb Ağa, Arif Alim, Sakit Sabiroğlu, Kürçaylı və başqa şairlərin şeirləri, eləcə də Mübariz Cəfərlinin “Ağır səfər” hekayəsi çap olunub.

# 1682 dəfə oxunub

Müəllifin son yazıları

# # #