Aktauda Azərbaycan mədəniyyət günləri keçirilib

Aktauda Azərbaycan mədəniyyət günləri keçirilib
27 aprel 2018
# 17:08

Qazaxıstanın Aktau şəhərində Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində Azərbaycan mədəniyyət günləri keçirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş mədəniyyət günləri çərçivəsində universitetdə cümhuriyyətin 100 illiyinə həsr olunmuş fotosərgi açılıb. Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi və fəaliyyətinə aid fotolar, materiallar, rəsmi sənədlərin surətləri ilə yanaşı, 1918-ci ildə azərbaycanlılara qarşı təşkil olunan soyqırımı haqqında da fotoşəkillər yer alıb.

Tədbirin açılışında Azərbaycanın Aktaudakı baş konsulu Elxan Zeynalov cümhuriyyətin yaranma tarixi, həmin dövrlərdə xalqımıza qarşı törədilən qanlı cinayətlər barədə məlumat verib.

Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş “Əbədi məzuniyyət” filmi nümayiş etdirilib.

Tədbir çərçivəsində, həmçinin “Azərbaycan haqqında nə bilirsiniz?” müsabiqəsi elan edilib.

Tədbirdə Azərbaycanın turizm potensialı, gənclər üçün ölkəmizə turistik səfərlərin təqdimatı keçirilib.

Təqdimatda baş konsul Elxan Zeynalov silsilə tədbirlər nəticəsində tələbələrin Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və musiqisi haqqında daha geniş məlumatlar əldə etdiklərinə əminliyini ifadə edib. O, xalqımızın şanlı tarixi səhifələrindən olan Şərqdə və bütün müsəlman aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil ölkəmizin yüksək inkişaf yolunda olduğunu qeyd edib. Bildirilib ki, bu gün Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən də turizm sahəsində böyük inkişafa nail olunub.

Azərbaycanın turizm şirkətinin nümayəndəsi Cavid Cavadov çıxışında ölkəmizin turizm imkanları və məkanları, gənclər üçün təşkil olunan turlar haqqında məlumat verib.

Çıxışlardan sonra “Azərbaycan haqqında nə bilirsiniz?” müsabiqəsinin qalibləri, həmçinin baş konsulluğun fəaliyyətində yaxından iştirak edən azərbaycanlı tələbələr təltif olundular.

Qaliblərə baş konsulluğun fəxri fərmanları və Azərbaycan haqqında kitab və suvenirlər hədiyyə edilib.

Müsabiqənin qalibi universitetin 3-cü kurs tələbəsi Daniyar Axov isə 3 günlük Azərbaycana (Bakı və Qəbələ) turist paketi əldə edib.

Tədbir Azərbaycan mədəniyyət günləri çərçivəsində Manqistau vilayətindəki azərbaycanlıların “Dostluq” Milli - Mədəni Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Qarabağ” ansamblının müşayiəti ilə konsert təşkil olunub.

Mədəniyyət günləri çərçivəsində universitetdə Azərbaycan kinosu günləri də keçirilib. Universitetin kino zalında Azərbaycanın tarixi və şəxsiyyətləri ilə bağlı “Babək”, “Nəsimi”, “Nizami”, “Dədə Qorqud”, “O olmasın, bu olsun” bədii filmləri nümayiş etdirilib. /azertag.az/

# 1026 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #