Bakıda Beynəlxalq ədəbiyyat festivalı başladı

Bakıda Beynəlxalq ədəbiyyat festivalı başladı
1 oktyabr 2019
# 12:59

Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində Avrasiya materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festivallar festivalının açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, festivalın təşkilatçıları Avrasiya Millətlər Assambleyası və Rusiya Federasiyasının "LiFFt" Beynəlxalq Humanitar Fondudur.

Layihənin Azərbaycan tərəfdən həmtəşkilatçısı Heydər Əliyev Fondu, tərəfdaşı Azərbaycan Mədəniyyət Nazirliyi, ayrıca Mədəniyyət Nazirliyinin “Söz” layihəsi və Bakı Kitab Mərkəzidir.

Festival Birləşmiş Millətlər Təşkilatının himayəsi altında, UNİCEF-in dəstəyi ilə keçirilir.

Festivalın təntənəli açılışında Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, Xalq yazıçıları Anar, Elçin, Çingiz Abdullayev, Xalq şairləri Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Qazaxstanın xalq yazıçısı Oljes Süleymenov, kolumbiyalı şair Fernando Rendon, türkiyəli şair Tuğrul Tanyol və başqa qonaqlar iştirak ediblər.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxış edərək Avrasiya Festivallar Festivalı kimi bir ədəbi bayramın Bakıya gəlişinə sevindiyini bildirib: "Mən bundan əvvəl Qazaxıstanda ədəbiyyata həsr olunmuş forumda, daha sonra isə Tatarstan Yazıçılar Birliyinin yubileyində iştirak etmişdim. İndi isə Bakıda belə bir ədəbiyyat tədbiri keçirilir. Təsadüfi deyil ki, 2019-cu il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Nəsimi ili" elan olunub. Bundan başqa, bu il Yazıçılar Birliyinin yaranmasının 85 illiyidir. İnanıram ki, ədəbiyyat xalqları birləşdirən mühüm vasitədir. Buna görə də bu festivalı olduqca əhəmiyyətli hesab edirəm".

Avrasiya Millətlər Assambleyasının direktoru Svetlana Konstantinova tədbirin təşkilində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

"LiFFt"in təşkilat komitəsinin sədri Marqarita Al isə Avrasiya ədəbiyyatının vacib missiyasının gələcəyin insanını yaratmaq olduğunu diqqətə çatdırıb: "Bu mənada bizim festivalın əhəmiyyəti çox böyükdür. Bakı festivalına 52 ölkədən 150 yazar qatılır. Adətən ədəbiyyat festivalları uzaqbaşı 5-6 nüfuzlu yazıçının iştirakı ilə diqqət çəkdiyi halda Bakı festivalına birdən-birə 33 nüfuzlu yazıçı qatılır, bu da festivalın çox yüksək reytinqindən xəbər verir. Mən inanıram ki, Bakıda keçirilən növbəti festivalımız olduqca yaddaqalan olacaq".

Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenov isə Heydər Əliyev Fonduna və Avrasiya Millətlər Assambleyasına təşəkkürünü bildirib, "LiFFt" festivallar festivalının ədəbiyyatın nüfuzunun artırılmasında böyük rol oynayacağına inandığını qeyd edib.

"LiFFt" festivallar festivalının ötənilki qalibi, layihənin hazırkı baş koordinatoru Varis Yolçuyev Azərbaycan ədəbiyyatının Nizamidən üzü bəri dünyada sevildiyini bildirib: "Bu gün də ədəbiyyatın sıravi üzvü kimi ona xidmət etdiyimiz üçün çox şadıq. Bu dəfə müsabiqəyə Azərbaycandan 403 müəllif qatılıb. Onlardan 30 nəfərin əsəri isə seçim turundan keçib".

Sonra 4-cü Avrasiya Festivallar Festivalının himni səsləndirilib və Festivalın bayrağı Varis Yolçuyevə təqdim olunub.

Qeyd edək ki, festivalda çağdaş ədəbiyyatın ən qlobal məsələləri 7 plenar iclasda müzakirə olunacaq, eləcə də ədəbi-bədii gecələr, dəyirmi masalar, kitab təqdimatları keçiriləcək. Festivalda Azərbaycan üzrə spiker qismində Xalq yazıçıları Anar, Elçin, Kamal Abdulla, Çingiz Abdullayev, Afaq Məsud və Natiq Rəsulzadə, akademik Nizami Cəfərov və rejissor Ramiz Fətəliyev çıxış edəcəklər.

# 2974 dəfə oxunub

Müəllifin son yazıları

# # #