AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov “Aşıq Qurbani” dastanının 1880-ci ildə İstanbulda nəşr edilmiş 40 səhifədən ibarət nüsxəsini əldə edib.
APA xəbər verir ki, dastanın Azərbaycanda yayılmış və çap edilmiş variantında Araz kənarında yaşayan Hüseynalı xanın yoxsul qardaşının oğlu Qurbaniyə yuxuda buta verilir və o, Gəncə xanı Ziyad xanın qızı Pəri xanıma vurulur, çətinliklərdən sonra ona qovuşur. İstanbul variantında isə Əcəm diyarında yaşayan Qurbani Qarabağ hökmdarı İzzət xanın bacısı Pərüzat xanıma aşiq olur və bir sıra macəralardan sonra onunla evlənir.
Azərbaycan variantında Qurbaniyə “mürşid” dediyi Şeyx oğlu Şah İsmayıl kömək edirsə, İstanbul variantında ona “mürşid” deyə üz tutduğu Şah Abbas yardım edir. Bir sıra şeir parçaları hər iki variantda təkrar olunur.