Nobel araşdırmaçısından Əkrəm Əylisli ŞƏRHİ

Nobel araşdırmaçısından Əkrəm Əylisli ŞƏRHİ
14 mart 2014
# 14:56

Kulis.az Nobel araşdırmaçısı, Nobel mükafatçıları barədə kitabın müəllifi olan Etibar Əliyevlə qısa müsahibəni təqdim edir.

- Etibar müəllim, əvvəlcə ondan başlayaq ki, Əkrəm Əylisinin adını Nobel Sülh Mükafatına təqdim edənlər dünyada nə qədər tanınan, nə qədər ciddi şəxslərdir?

- Emmanuel Vallerşteyn nəhəng intellektual sayılır. Dünyanın 10 intellektual şəxsindən biridir. Digərləri ilə daha çox Rusiyaya bağlı adamlardır. Əkrəm Əylisli Andrey Bitovun adını tez-tez çəkir və mən buna çox təəssüflənirəm. Çünki Bitov ermənipərəst adamdır. Azərbaycanlıları təhqir edən romanı da var. “Ermənistan dərsləri” adlanan romanda genosid sözünü işlədən ilk rus yazıçılarındandır.

Başqa bir maraqlı məqam ondan ibarətdir ki, Nobel Sülh Mükafatı əsərə görə verilmir. Millətlər arasında sülhün qorunması, silahlı qüvvələr arasında gərginliyinin azaldılması kimi addımlar bu mükafatın verilməsində daha çox rol oynayır. Məsələn, ilk Nobel mükafatçısı Anri Dünan Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının qurucusudur. ABŞ-ın məşhur dövlət xadimi Henri Kissincer Vyetnam müharibəsinin başa çatdırılmasındakı roluna görə bu mükafata layiq görülüb. Ənvər Sədat mükafatı İsraillə obyektiv sülhün əldə olunması üçün göstərdiyi səylərə görə alıb.

Əgər Əkrəm Əylisli erməni fikir adamları ilə birgə konqres yaradıb, bu konqres vasitəsilə və təbii ki, sülh yolu ilə heç olmasa iki rayonun azad edilməsinə nail olsaydı, bu zaman Nobel Sülh Mükafatından söhbət gedə bilərdi.

Nəticə etibarilə Əkrəm Əylislinin yazdığı əsərin praqmatik tərəfi olmayıb.

- Belə çıxır ki, “Daş yuxular”ı sülhə xidmət eləyən əsər kimi qiymətləndirmirsiniz.

- Əkrəm Əylisli özü belə hesab edə bilər. Amma nəticə budur ki, bu əsərin sülh prosesinə heç bir müsbət təsiri olmadı. Bu əsər millətləri barışdırmaq işinə fayda verə bilmədi. Bir-iki erməni ziyalısı əsəri təriflədi, vəssalam. Ermənilər “Daş yuxular”dan sonra daha aqressivləşdi. Qarabağ məsələsində obyektiv sülh o zaman ola bilər ki, torpaqlarımız işğaldan azad edilsin.

- Deyirsiniz ki, millətlər arasında sülhün qorunması, silahlı qüvvələr arasında gərginliyinin azaldılması kimi addımlar bu mükafatın verilməsində daha çox rol oynayır. Amma başqa maraqlı məqamlar da var: 20 yanvar baş verən il Qorbaçova Nobel verildi. Obama isə bu mükafatı heç bir iş görməmiş aldı.

- Siz bu siyahıya BMT-nin baş katibi olmuş Kofi Annanı da əlavə edə bilərsiniz. Onun rəhbərlik etdiyi təşkilatın qəbul etdiyi 6 qətnamə Ermənistan tərəfindən yerinə yetirilməsə də bu adama Nobel verdilər. Qorbaçova bu mükafat soyuq müharibənin aradan qaldırılması və Almaniyanın birləşməsinə görə verilib. Təəssüf ki, bu mükafat veriləndə Bakı qırğını nəzərə alınmadı. Bu, təbii ki, qüsurlardan biridir. Qorbaçova mükafat məhz həmin il verilməyə də bilərdi.

Barak Obama seçki dövründə verdiyi vədlərlə siyasi arenaya aktiv bir şəxs kimi daxil olmuşdu. Obamaya bu mükafatı verməklə onun üzərinə sülhlə, demokratiya ilə bağlı böyük məsuliyyət qoymaq istədilər. Amma sonrakı proseslər göstərdi ki, Obama ona olan etimadı doğrulda bilmədi. Belə nəticəyə gəlmək olar ki, Obamaya Nobel düzgün verilməyib. Bəlkə Nobel Komitəsində də bu haqda düşünürlər. Ancaq mükafatı geri alma mexanizmi yoxdur.

Şirin Ebadi İranda, qapalı dövlətdə vətəndaşların hüquqlarının qorunması, hüquq maarifçiliyi fəaliyyətinə görə bu mükafata layiq görülüb. Ancaq o son zamanlar passiv mövqeyi ilə seçilir.

BMT-nin komissarlığına üç dəfə Nobel mükafatı verilib. Bundan başqa sülməramlı qüvvələr, Avropa İttifaqı bu mükafatı alıb. Bax bu qərarlar da xeyli mübahisəlidir.

Ümumiyyətlə Nobel mükafatları arasında ən mübahisə doğuranı sülh mükafatıdır. Bu mükafat veriləndə paradoksal hallar yaşanır.

- İndiyədək yazıçılardan Nobel Sülh Mükafatı alan olubmu?

- Məncə belə bir hal olmayıb. Nobel Sülh Mükafatı almış şəxslər sonradan kitab yazıblar, bundan başqa ədəbiyyat üzrə Nobel Mükafatının siyasi səbəblərə görə verilməsi halı olub. Məsələn geniş yayılmış belə bir fikir var ki, Soljenitsına bu mükafat siyasi amillərə görə verilib.

- Sizcə Qarabağ problemi sülh yolu ilə həll olunsa Nobel Sülh Mükafatı kimə verilə bilər?

- Maraqlı sualdır. 1994-cü ildə İsak Rabin, Şimon Peres və Yasir Ərəfata sülh mükafatı bir yerdə verilib. Kissencerə isə mükafat vyetnamlı Le Dık Txo ilə bir yerdə verilib. Qarabağ problemində obyektiv sülh əldə olunsa, Ermənistan tərəfdən jest edən, biz tərəfdən və beynəlxalq təşkilatlardan isə onları buna sülh yolu məcbur edən şəxs Nobel ala bilər. ABŞ prezidentlərindən biri Cimmi Karter Afrika ölkələrində xəstəliklərin aradan qaldırılması, muzeylərin bərpa olunması istiqamətində göstərdiyi fəaliyyətə görə Nobel almışdı. Bununla onu demək istəyirəm ki, iki dövlət arasında obyektiv sülhə nail olan başqa ölkə vətəndaşının da Nobel alması mümkündür.

# 2269 dəfə oxunub

Müəllifin son yazıları

# # #