Danimarkada zəhərli kitablar aşkar edilib

Danimarkada zəhərli kitablar aşkar edilib
10 iyul 2018
# 09:57

Cənubi Danimarka Universitetinin tədqiqatçıları Jakob Povl Holck və Kaare Lund Rasmussen universitetin kitabxanasında qədim kitabları tədqiq edərkən 3 zəhərli kitab kəşf ediblər.

Kulis.azın verdiyi xəbərə görə, onlar kitabların 16-cı və 17-ci əsrə aid olduğunu bildiriblər. Kitabları laboratoriyaya apararkən qarşıya qoyulan məqsəd orta əsrlərə aid əlyazmaların tədqiq olunması, latınca yazıların aşkara çıxarılması olub.

Lakin yazıları tədqiq edən tədqiqatçılar bir müddət sonra qalın, yaşıl boya təbəqəsinin onlara mane olduğunu hiss ediblər.

Araşdırma zamanı məlum olub ki, yaşıl təbəqə əslində zəhərli tərkibə malik olan arsen (mışyak) maddəsidir. “Paris Green” adlı boyanın tərkibinə qatılan bu maddə kitabların, eləcə də bəzi rəsm əsərlərin uzun müddət təzə qalması, həşəratların onlara yaxın düşməməsi üçün istifadə olunduğu güman edilir.

1870-ci illərdə amerikalı bir həkimin səyi nəticəsində arsen maddəsinin kitablar üzərində tətbiq olunmasına son qoyulsa da göründüyü kimi təhlükə tamamilə keçməyib.

Xatırladaq ki, vərəqlərinə rəngli zəhər sürtülmüş əlyazmaya oxucular Umberto Ekonun məşhur “Gülün adı” kitabında rast gəliblər. Lakin orda məqsəd Aristotelə məxsus olan bu əlyazmanın qorunması deyil, onu oxuyan adamın əlini dilində isladaraq vərəqləri çevirərkən zəhərlənməsidir.

# 1162 dəfə oxunub

Müəllifin son yazıları

# # #