Rəqs etmək üçün dünyaya gələn qadın

Rəqs etmək üçün dünyaya gələn qadın
26 dekabr 2022
# 15:40

Kulis.az Səfurə Çərkəzqızının "Sevgi, Rəqs, Musiqi Üçbucağı" adlı yazısını təqdim edir.

26 dekabr Azərbaycan rəqsinin şahzadəsi Əminə Dilbazinin doğum günüdür!

Ya 1998-ci iliydi, ya da ondan sonrakı... Amma ilk telefon söhbətimizi, onun hökmlü səs tonunu, bu tona uyuşmayan zarafatyana atmacalarını, çaşqınlığımı hiss eləyəndə ləzzətlə uğunub getməyini lap dünənki kimi xatırlayıram. Bu vaxta qədər yalnız ekranda gördüyüm bu xanımın qəribə, ipə-sapa yatmaz cazibəsinin təsirinə necə düşmüşdümsə, bir dəqiqə belə vaxt itirmədən onunla görüşmək, üzbəüz oturub qəzet üçün müsahibə almaq arzusu məni bərk həyəcanlandırırdı. Görüş üçün söhbəti qətiləşdirmək, onu razı salmaq lazımıydı. Amma o, gözlənilməz sualı ilə yenə məni təəccübləndirməyi bacardı:
– Ərə getmisən?
– Yooox...
– Çox pis! Deməli, çirkin qızsan! Gözəl olsaydın, mənim kimi səni də bir oğlan qaçırardı...
Yenə uğunub getdi.
Mənsə çaşqınlığımla gülməyim arasında qalmışdım...
***
Sözdən belə, öncə yaranmış rəqs sənətinin ən mahir ifaçılarından biri, bədən dilinin fəlsəfəsi, gözəlliyi ilə milyonların sevgisini qazanmış Əminə Dilbazi qarşımdaydı! Azərbaycan rəqsinin şahzadəsi sayılan, səksəni haqlasa da, şux, enerji dolu bu xanımla artıq üzbəüz dayanmışdım!
Məni elə qapının ağzındaca başdan ayağa süzdü, sonra yenə zarafata başladı:

- Yoox, çirkin qız deyilmişsən. Amma balaca qızsan. Mən də balacayam, dərd eləmə. Bilirsən, Üzeyir bəy mənə həmişə “balaca qız” deyərdi.
Sonra xatirələr bir-bir çözüldü...
Əminə xanım 20-ci əsrin əvvəllərində - 1919-cu il dekabrın 26-da Qazaxda doğulub. Amma ailənin böyük oğlu Cavanşirin ağır xəstəliyə tutulması onların paytaxta köçməsinə səbəb olur. Qardaşının vəfatından sonra atası onsuz da ipə-sapa yatmayan, ağacdan-ağaca tullanan, dava-dalaşdan başı açılmayan Əminənin saçlarını kəsdirib “Sən mənim Cavanşirimsən” - deyir. Hətta ona çərkəzi paltar alıb geyindirir, papaq tikdirir, üstəlik, xəncər də sifariş verir. Bütün bunlar balaca Əminənin yerişinə, duruşuna, bir az da oğlan ədası qatır. İdmanla da məşğul olur, yarışlarda iştirak eləyir, uğur qazanır. Çox qəribədir ki, bu oğlansayağı qızcığaz sonradan Azərbaycanın ən gözəl, incə rəqslərini elə incəliklə də oynamağı bacarır, bunun sayəsində şöhrət də qazanır.
Hər şey 1934-cü ilin payızından başlayır. Onda cəmi 15 yaşı varmış...
Çox yaxşı yadımdadır, Əminə xanım bu xatirəni həvəslə, həm də məzəli bir tərzdə danışmışdı: “O vaxt Azərbaycanda ilk rəqs ansamblı yaratmaq istəyirdilər. Ona görə də oğlanların, qızların arasından istedadlı olanları seçirdilər. Məni də yoxladılar. Soruşdular ki, hansı havaya oynayacaqsan? Mən də bilmədim nə deyim. Əslində, heç oynamaq istəmirdim, mən hara, rəqs hara? Dedim ki, “Hopsa” çalın. Dedilər, axı belə hava yoxdu. Heç özüm də bilmirdim, bu “Hopsa” haradan ağlıma gəlmişdi. Axırda zümzümə eləyib oğlan kimi atılıb düşdüm. Hamı gülməyə başladı... Üç-dörd gündən sonra dedilər ki, oynamağımı bəyəniblər. Mənsə rəqqasə olmaq istəmirdim, amma biləndə ki, hər ay 200 manat təqaüd alacam, sevindim. Vəziyyətimiz yaxşı deyildi, atam rəhmətə getmişdi, anam bizi böyütmək üçün gecə-gündüz işləyirdi. Pul söhbətindən sonra razılaşdım. O gündən Azərbaycan Xalq Rəqs Ansamblının üzvü oldum”.
Beləliklə, rəqs sənəti Əminə Dilbazini qazanır. O, 1936-1969-cu illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti kimi çalışır. Eyni zamanda, müxtəlif illərdə rəqs qrupuna rəhbərlik edir. Həm milli, həm də dünya xalqlarının rəqslərini ustalıqla oynayır. Bölgələri qarış-qarış gəzib qədim rəqslərimizi araşdırır, öyrənir, öz repertuarına salır. “İnnabı”, “Tərəkəmə”, “Naz eləmə”, “Turacı”, “Ceyran bala”, “Uzundərə” kimi milli rəqslərin bir çoxuna yeni quruluş verir, fərqli çalarlar gətirir. Əminə xanım oynadığı rəqslərlə filmlərə də çəkilir. O, 1954-cü ildə Əməkdar artist, 1959-cu ildə isə Xalq artisti fəxri adlarını alır. Azərbaycan müstəqillik qazanandan sonra isə “İstiqlal” ordeninə layiq görülür. Uzun illər Bakı Xoreoqrafiya Məktəbində, Azərbaycan Milli Konservatoriyası nəzdindəki İncəsənət Gimnaziyasında müəllimlik edir...
Əminə Dilbazi Azərbaycan rəqsini, onun gözəlliyini Çin, Hindistan, Pakistan, Rusiya, Ukrayna, Fransa, Almaniya, İsrail, Əlcəzair, Polşa, Macarıstan, Türkiyə, İran kimi ölkələrdə təbliğ edir, alqışlar qazanır. Bir dəfə qastrolda olanda maraqlı bir hadisə yaşayır: “Mirzəyi” rəqsini oynayırdım, hər əlimdə iki stəkan, gah fırlanıram, gah qolumu başımın üstündən dolandırıb gətirirəm... Rəqs bitəndən sonra bir nəfər mənə yaxınlaşdı. Dedi, necə olur ki, stəkan əlinizdən düşmür, bəlkə, ovcunuza yapışdırmısız? Mən də ovcumu göstərdim, dedim, gəl, bax...”
...Əminə xanımla çox şeylərdən danışmışdıq. Amma mənim ağlımda hələ bir sual da vardı. Fürsət tapıb onu da soruşdum:
- Cövdət müəllim, doğrudan, sizi qaçırıb?
Yenə uğundu:

- Əlbəttə! Bilmirsiniz?! Biz musiqi məktəbində bir oxumuşuq. Sonra onunla Filarmoniyada da rastlaşdıq, o vaxt bədii rəhbər işləyirdi. Bir gün rəqsimə baxdı, bəyəndi. Sən demə, özümü də bəyənib. Amma uzun müddət mənə demədi bunu, ürək eləmirmiş. Bir günsə məni qaçırdı, gətirdi evlərinə! Anasına dedi ki, ciyi, gəlinini gətirdim. Evləndik, uşaqlarımız oldu, peşman da deyiləm...
Bir evdə iki dəyərli sənətkar! Böyük bəstəkar Cövdət Hacıyev Əminə xanımın rəqsə olan sevgisini dəyərləndirirdi. Onlar həm həyatda, həm də sənətdə bir-birinə arxa, dayaq idilər. Övladlarını da sevgi, rəqs, musiqi dolu bir mühitdə böyütmüşdülər...
Bu evdə olduğum müddətdə o mühit mənim də ruhuma hopmuşdu, özümü sevgi, rəqs, musiqi üçbucağında hiss edirdim.
Küçəyə çıxanda hava qaralmışdı. Qaranlığı fürsət bilib, indiyə kimi heç yerdə eşitmədiyim, oxumadığım, elə indicə “bəstələdiyim” musiqini zümzümə eləyə-eləyə əllərimi incə hərəkətlə havada süzdürdüm...
***
Rəqs etmək üçün bu dünyaya gəlmək... nə gözəl ömürmüş! Əminə xanım bu ömrü 91 il yaşadı. Dolu-dolu, eşqlə, ətrafına enerji, sevgi ötürərək. Bir ömrü rəqsə çevirərək!

# 2159 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #