Arif Məlikovun xatirəsi anılıb

Arif Məlikovun xatirəsi anılıb
13 sentyabr 2019
# 16:28

Sentyabrın 13-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, akademik, professor Arif Məlikovun anadan olmasının 86 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə tanınmış mədəniyyət, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək görkəmli bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib.

Azərbaycan musiqisinin inkişafına böyük töhfələr vermiş bəstəkarın yaradıcılığının səciyyəvi xüsusiyyətlərindən danışan A. Bayramova qeyd edib ki, onun əsərləri təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da böyük şöhrət qazanıb. Bəstəkar səkkiz simfoniyanın, simfonik poemanın, “Məhəbbət əfsanəsi", “İki qəlbin poeması” baletlərinin, bir çox kino və dram əsərinə yazılan musiqilərin müəllifidir.

Vurğulanıb ki, Arif Məlikov keçmiş dövrlərin musiqi mədəniyyətinin klassik ənənələrini, eyni zamanda bütün müasir musiqi cərəyan və istiqamətlərini əsaslı şəkildə mənimsəyib və bütün bunların hamısı onun individual yaradıcılıq üslubuna emal edilib. O, nəinki dahi bəstəkar, istedadlı rəssam, dirijor, eyni zamanda çoxlu sayda tələbə yetişdirən və yetişdirməkdə davam edən pedaqoq kimi hər zaman xatırlanacaq. Onun tələbələrinin əksəriyyəti müəllimdən mənimsədikləri ənənələri ləyaqətlə davam etdirirlər.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov çıxış edərək görkəmli sənətkarın milli musiqimizin inkişafındakı xidmətlərindən söz açıb, onun yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər. /azertag.az/

# 2137 dəfə oxunub

Müəllifin son yazıları

# # #