Virtual dünyanın real sakinləri: Tiktok-u fəth edən gəlin–qaynana səmimiyyəti

Virtual dünyanın real sakinləri: Tiktok-u fəth edən gəlin–qaynana səmimiyyəti
30 yanvar 2026
# 13:11

TikTok platformasında milyonlarla izləyici toplayan kontentlər informativ, praktik həllərlə bağlı həmçinin əyləncə və trend formatında olsa da, bəziləri reallıq və səmimiyyətlə fərqlənir. Belə uğurlardan biri də Sənubər Hüseynovanın qaynanası ilə birlikdə hazırladığı videolardır. 26 yaşlı Sənubər, ADA Universitetinin məzunu və hazırda Belçikada magistr təhsili alan gənc yaradıcıdır. O, TikTok-da ailə münasibətlərini, səmimiyyətini və Azərbaycan dəyərlərini izləyicilərə çatdırmaqla fərqli bir üslub ortaya qoyub. Bu müsahibədə Sənubər kontent yaradarkən necə ilhamlandığını, izləyicilərlə qurduğu əlaqəni və gələcək planlarını bölüşür.

1. Özünüzü təqdim edə bilərsinizmi? TikTok-da kontent yaratmağa başlamağa necə qərar verdiniz?

Mən Sənubər Hüseynova TikTok-da real həyatımı, səmimi anılarımı paylaşan kontent yaradıcısıyam.

Əslində, TikTok-da kontent yaratmağa başlamaq fikri toyumuz zamanı çəkilən videonun qısa zamanda çox viral olması ilə formalaşmışdı. Həmin videodan sonra TikTok-da hesab açmaq qərarına gəldim. Ancaq xaricə köçməyimiz planlarımı bir müddətlik təxirə saldı. Artıq Bakıya qayıtdığımız üçün hesab edirəm ki, başlamaq üçün ən uyğun zamandır.

2. TikTok hesabınızda qayınananızla birlikdə videolar hazırlayırsınız. Bu fikir necə yarandı?

Biz Koreyadan yeni qayıtmışdıq. Geri dönəndən sonra ailə ilə görüşdüyümüz, bir süfrə ətrafında toplaşdığımız və hədiyyələr paylaşdığımız səmimi bir ailə vlogu çəkmək istədim. Video zamanı xırda, amma diqqətçəkən bir detal oldu. Mən ailədə kimisə salamlayanda adətən “hello” deyirəm — “Hello xala”, “Hello qaynanam” və s. Elə həmin videoda da qayınanam bir məqamda gülümsəyərək “hello gəlin” dedi.

Bu fraqment izləyicilərin xüsusi marağına səbəb oldu. Bacımın məsləhəti ilə həmin hissəni videonun əvvəlinə əlavə etdim. Qayınanamın gözlərinin bir qədər çəkik olması isə izləyicilərdə belə bir təəssürat yaratdı ki, o, koreyalıdır və ya xaricidir. Bu detal videoya marağı daha da artırdı. Nəticədə video qısa zamanda çox baxış topladı və viral oldu.

Gələn reaksiyalardan sonra anladım ki, izləyicilər üçün qaynana–gəlin mövzusu xüsusilə maraqlıdır və elə bundan sonra birlikdə bu formatda videolar çəkməyə başladıq.

3. İlk videolarınızı paylaşanda TikTok-da bu səviyyədə maraq görəcəyinizi gözləyirdinizmi?

Açığı, videolarımın milyonlarla izlənəcəyini və bu qədər geniş maraq doğuracağını heç düşünmürdüm. Sadəcə səmimi və təbii kontent hazırladığımız üçün müəyyən qədər izləyici toplayacağını gözləyirdim. Amma bu qədər böyük diqqət görməsi mənim üçün də tamamilə gözlənilməz oldu.

4. Sizcə, kontentinizin TikTok-da insanları cəlb etməsinin əsas səbəbi nədir? İzləyiciləriniz ən çox nəyi bəyənir?

Düşünürəm ki, kontentimin TikTok-da izləyiciləri cəlb etməsinin əsas səbəbi səmimilik və təbiilikdir. Videolarımızda heç bir qurma və ya ssenari yoxdur — ailə daxilində bir-birimizlə necə davranırıqsa, videolarda da həmin münasibət eyni şəkildə əks olunur. Bundan əlavə, Azərbaycan ailəsinin dəyərlərini təbii və samimi şəkildə göstərməyimiz izləyicilərə çox yaxın və tanış gəlir.

5. Qayınananızla birlikdə video çəkmək asandır, yoxsa çətin? Bu proses TikTok üçün necə gedir?

Videolar əvvəlcədən planlanmış ssenari olmadan çəkildiyi üçün proses çox rahat keçir. Öz aramızda necə danışırıqsa, söhbətlərimiz videolarda da elə olduğu kimi əks olunur. Buna görə də bu, mənim üçün də, qaynanam üçün də heç bir çətinlik yaratmır.

6. Sizi TikTok tövsiyələrinə çıxaran xüsusi bir video oldumu? Həmin video haqqında nə xatırlayırsınız? ⁠Ümumilikdə, hansı videodan sonra TikTok-da populyarlığınız artmağa başladı? Sizcə bu artımı nə sürətləndirdi?

Bir gün yay vaxtı evdə qaynanamla oturanda düşündük ki, xalçaları yuyaq. Qaynanamın kiçik bir xalçası vardı, onu çıxardıq və dedik: “Gəlin, bu xalçanı yuyub, kadrları da videoya çəkək.” Video əyləncəli xarakter daşısa da, heç düşünmürdük ki, bu qədər maraq doğuracaq — həmin videomu TikTok-da təxminən 4 milyon insan izləyib. Əsas səbəb videodakı səmimiyyət və təbiilik idi. Bu video, TikTok-da məşhur olmağıma səbəb olan videolardan biri oldu.

7. TikTok-da populyarlığınız artdıqdan sonra həyatınızda nə dəyişdi?

Əslində, həyatımızda böyük dəyişikliklər olmadı. Sadəcə insanlar küçədə bizi tanıyır, yaxınlaşıb TikTok-dakı videolarımızı bəyəndiklərini və bizi sevərək izlədiklərini bildirirlər. Bu isə bizim üçün çox xoşdur.

8. TikTok gündəlik həyatınıza necə təsir edib? Bu platforma sizə nə qazandırıb?

TikTok həyatımda çox şey dəyişdi. Gündəlik həyatımı, xüsusilə də qaynanamla keçirdiyimiz səmimi anları paylaşmaq həm məni daha sosial etdi, həm də insanlara ailə münasibətlərinin isti və yaxın tərəfini göstərməyə imkan verdi. TikTok mənə sevgi, dəstək və gözləmədiyim qədər dəyərli izləyici qazandırdı.

9. TikTok-da izləyicilərinizdən hansı reaksiyaları və ya mesajları alırsınız? Sizi xüsusilə təsirləndirən bir hekayə olubmu?

TikTok-da izləyicilərdən çox gözəl və səmimi mesajlar alıram. Ən çox təsir edənlər “Sizin videolarınız mənə ailə istiliyini xatırladır” kimi sözlərdir. Xüsusilə bir izləyicinin mesajı yadımdadır: demişdi ki, qaynanası ilə münasibəti çətin olub, amma videolarımı izlədikdən sonra ona fərqli gözlə baxmağa başlayıb. Bu cür mesajlar məni daha da həvəsləndirir və doğru yolda olduğumu hiss etdirir.

10. TikTok videolarınızda ailə dəyərləri, hörmət və yumoru necə balanslaşdırırsınız?

Mənim üçün əsas olan hörmətdir. Yumor videolarımın bir hissəsidir, amma heç vaxt ailə dəyərlərinin önünə keçmir. Hər şeyi təbii axarında, kimisə incitmədən və real həyatda olduğu kimi paylaşmağa çalışıram. Məncə, balans səmimiyyətdən keçir: hörmət həmişə əsasdır, yumor isə bunu daha rahat və gülümsədən şəkildə çatdırmağa kömək edir.

11. TikTok-da trend olan kontentlərlə müqayisədə, videolarınızın əsas fərqi nədir?

TikTok-da bir çox trend kontent mövcuddur, amma mən videolarımda trendlərdən çox reallığa və səmimiyyətə önəm verirəm. Gündəlik həyatım, ailə münasibətləri və təbii anlar kontentimi fərqləndirir. Trend videolar adətən əyləncəyə fokuslanır, mən isə videolarımda ailə dəyərlərini, hörməti və yumoru birlikdə göstərməyə çalışıram. İnsanlar da məhz bu səmimiyyəti hiss etdikləri üçün bizə bağlanırlar.

12. Sizcə, TikTok auditoriyası real münasibətlərə və səmimiyyətə necə reaksiya verir?

Öz təcrübəmdən deyə bilərəm ki, TikTok auditoriyası süni kontentdənsə real münasibətlərə daha isti yanaşır. İnsanlar özlərini videolarda gördükdə, reaksiya da daha güclü olur.

13. Gələcəkdə TikTok-da hansı yeni növ kontentlər paylaşmağı planlaşdırırsınız?

Gələcəkdə də ailə kontentini qoruyaraq paylaşmağa davam etmək istəyirəm. Bununla yanaşı, baxım və kosmetik mövzulara da daha çox yer verməyi planlaşdırıram. Artıq xaricdən bəzi brendlərlə əməkdaşlıq təklifləri alıram və hesab edirəm ki, bu istiqamətdə inkişaf edərək həm ailə dəyərlərini, həm də gözəllik və baxım kontentini balanslı şəkildə təqdim edə bilərəm.

14. TikTok-un sizə yaratdığı imkanlar və qazandırdığı təcrübələr barədə nə deyə bilərsiniz?

TikTok mənə yalnız bir platforma deyil, həm də böyük bir təcrübə qazandırdı. İnsanlarla ünsiyyət qurmağı, özümü daha rahat ifadə etməyi və gündəlik həyatımı dəyərə çevirməyi öyrətdi. Eyni zamanda yeni imkanlar açdı — fərqli ölkələrdən izləyicilər, brend əməkdaşlıqları və yaradıcı inkişaf baxımından mənə çox şey qatdı. Ən önəmlisi isə səmimiyyətin həqiqətən qarşılıq tapdığını öz təcrübəmdə görmüş oldum.

15. Sonda, TikTok-da sizi izləyən insanlara hansı mesajı vermək istərdiniz?

TikTok-da məni izləyən hər kəsə ürəkdən təşəkkür edirəm. Hər birinizin sevgisi, hörməti və diqqəti mənim üçün çox dəyərlidir. Sizinlə videolarımı paylaşmaq, gündəlik həyatımın kiçik, amma mənalı anlarını göstərmək mənə böyük xoşbəxtlik verir. Hər mesajınız, hər bəyənmə və hər şərh məni səmimi şəkildə sevindirir və daha da motivasiya edir. Yaxşı ki, birlikdəyik, yaxşı ki, mənimləsiniz. Sizin dəstəyiniz hər videomu daha dəyərli və mənalı edir.

Sənubər Hüseynovanın TikTok hekayəsi göstərir ki, rəqəmsal platforma yalnız əylənib, öyrənməklə məhdudlaşmır, həm də səmimiyyəti və ailə dəyərlərini paylaşmaq üçün güclü bir vasitədir. Onun videolarında real həyat, hörmət və yumor birləşərək izləyicilərlə dərin bir bağ yaradır. Bu uğur onu sübut edir ki, izləyicilər süni trendlərdən çox, reallığa və ürəkdən gələn kontentə dəyər verirlə

# 76 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər