Bakıda məşhur fotoqrafın sərgisi açılır

Bakıda məşhur fotoqrafın sərgisi açılır
5 noyabr 2019
# 15:41

Noyabrın 18-də Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf, sovet fotoqrafiyasının klassiki Yakov Xalipin əsərlərindən ibarət “Avanqard davamçısı. Azərbaycan gündəliyi” adlı sərgi açılacaq.

Bakıda ilk dəfə keçiriləcək sərgi Moskvadakı Lümyer qardaşları adına Fotoqrafiya Mərkəzi ilə birgə təşkil olunur.

Ekspozisiyada müəllifin 1930-1960-cı illərdə çəkdiyi 100-dən çox ən maraqlı fotolarından ibarət kolleksiyası təqdim ediləcək.

Sərgidə Yakov Xalipin sovet fotoqrafiya sənətinin klassikası sayılan işlərı ilə yanaşı, müəllifin Azərbaycanda çəkdiyi fotoları da ilk dəfə nümayiş olunacaq.

Ekspozisiyada Yakov Xalipin sovet fotoqrafiyasının “qızıl fond”una daxil olan işləri, həmkarı və müəllimi Aleksandr Rodçenko ilə birlikdə çəkdiyi fotolar, jurnallar üçün olan əsərləri və s. yer alacaq. Sərgidə Yakov Xalipin qəhrəman papaninçilərin “Şimal Qütbü-1”Arktik stansiyasından xilas edilməsi üzrə ekspedisiyadan, şair Konstantin Simonovla birlikdə keçdiyi Böyük Vətən müharibəsi illərindən, Sovet İttifaqında və digər ölkələrdə müharibədən sonrakı dövrü əhatə edən fotoreportajları da nümayiş olunacaq.

Heydər Əliyev Mərkəzindəki sərgidə, həmçinin Yakov Xalipin ailəsinə aid olan arxivdən eksponatlar yer alacaq. Eyni zamanda, fotoqrafa aid müxtəlif sənədlər, teleqramlar, 1930-cu illərə aid açıqcalar, Yakov Xalipin fotoşəkillərinin olduğu nadir kitablar, jurnallar, fotoqrafın yaratdığı tematik albomlar, üzərində çalışdığı kitablar və s. təqdim ediləcək.

Sərgi 2020-ci il martın 29-dək davam edəcək. /azertag.az/

# 1885 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #