“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı davam edir.
Kulis.az APA-ya istinadən xəbər verir ki, festivalın proqramına müxtəlif ənənəvi və yeni musiqi janrlarından ibarət silsilə konsertlər, beynəlxalq elmi simpozium və musiqi ifaçılarının müsabiqəsi daxil edilib.
Ötən gün axşam festival çərçivəsində Daş Salnamə Muzeyində muğam axşamı təşkil olunub. Musiqisevərlər muğam sənətinin təbliğində böyük rolu olan tanınmış və sevilən xanəndələrin təqdimatında muğam aləminə səyahət ediblər. Muğam axşamında Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər Təyyar Bayramov, Babək Niftəliyev, Sevinc Sarıyeva, eləcə də Aytən Məhərrəmova, Hüseyn Məlikov, Mirələm Mirələmov “Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Segah”, “Humayun”, “Şüştər”, “Çahargah” muğamlarını ifa ediblər.
Daş Salnamə Muzeyində həmçinin muğam ifaçılarının fotolarından ibarət sərgi də təqdim olunub. Daha çox muğam ifaçılarını öz kamerasının lentinə köçürən özbəkistanlı fotoqraf Hüsniddin Ato sənətçilərə sevgisini onların fotoşəkillərini bir araya toplayaraq nümayiş etdirib.
İyunun 19-da festival çərçivəsində Azərbaycan Milli Konservatoriyasında konsert proqramı olub. İranlı Mahan Mirarab gitarada, həmyerlimiz Elçin Şirinov isə pianoda ifa ediblər. Musiqçilərin çıxışı böyük maraqla qarşılanıb.
“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində isə əfqan rübabı və hind sarodunun dünyaşöhrətli ifaçısı Daud Xan Sadozai musiqi ansamblı ilə çıxış edib.
Daud Xan Sadozai mütəmadi olaraq solo konsertlər verərək müxtəlif musiqiçilər və nüfuzlu ansambllarla, eyni zamanda öz ansamblı ilə çıxış edir. O, ifaçısı olduğu alətlərin klassik və ənənəvi folklor üslublarının gözəlliyini, klassik qəzəli böyük incəlik və ornamentlərlə nümayiş etdirməyə nail olur. D.Sadozai müntəzəm şəkildə Avropa ölkələrində ustad dərsləri və seminarlarda iştirak edir. O, həmçinin əfqan musiqisinin inkişafı, təbliği və qorunmasında göstərdiyi xidmətlərə görə 2019-2022-ci illərdə Ağa Xan Musiqi Mükafatına layiq görülüb.
Festival iyunun 25-dək davam edəcək.