Babək rayonunun Göynük kəndi yaxınlığında yerləşən Bülövqaya yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı Ubeyd mədəniyyətinə aid maddi mədəniyyət nümunələri, o cümlədən boyalı keramika, mədənçilik alətləri aşkar olunub.
Kulis.az xəbər verir ki, araşdırmalar nəticəsində müəyyən olunub ki, bu maddi mədəniyyət nümunələri, yarımköçəri həyat tərzi keçirən tayfaların şimala, o cümlədən Naxçıvana doğru hərəkəti ilə bağlı olub.
Ubeyd tayfalarının şimala doğru hərəkəti Cənubi Qafqazın bol otlaqları, zəngin xammal mənbələri, o cümlədən obsidian və mis yataqları ilə bağlı olub.
Qeyd edək ki, bu tapıntılar Azərbaycanla Şimali Mesopotamiya arasında sıx iqtisadi-mədəni əlaqələrin mövcud olduğunu, Yaxın Şərqə şəhərləşməni gətirən Ubeyd tayfalarının Naxçıvan ərazisində məskən saldığını təsdiqləyir.