Tez şöhrət tapdı, dostu onu bıçaqladığı üçün canına qıydı, xəstəxanaya gec çatdırıldı deyə öldü

Elçin Atakişiyev, meyxanaçı, qəzəlxan

Elçin Atakişiyev, meyxanaçı, qəzəlxan

11 fevral 2022
# 12:05

Bu gün məşhur meyxanaçı, qəzəlxan Elçin Atakişiyevin anım günüdür. Kulis.az mərhum meyxanaçı Elçin Atakişiyev haqda 10 maraqlı faktı təqdim edir.

1. Elçin uşaq yaşlarından şeiriyyata həvəs göstərib. 1975-ci ildə Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbdə oxuduğu vaxtlardan muğam və qəzəllərin mahir bilicisi idi. Məktəbi bitirəndə artıq kənd Elçini püxtələşmiş şair kimi tanıyırdı. Bu bilik və bacarığı ona atasından keçmişdi. Atası Arif kəndin tanınmış xanəndələrindən olmuşdu.

2. “Olmuşuq məsti xumar” onun ən məşhur, hətta şah əsəri hesab edilir. Çoxlarının sevdiyi, lakin müəllifini bilmədiyi bir çox musiqili meyxanaların, mahnıların da müəllifidir.

3. Onun haqqındakı ən maraqlı faktlardan biri də budur ki, Elçin kitab oxumağı çox sevərmiş, hətta o, gecə şam işığında da kitab oxuyarmış. Elçin qəzəllər də yazarmış. Toylara dəvət olunduğu üçün insan adlarının mənasını kitablardan öyrənib. Qardaşı ondan soruşanda ki, bunlara niyə vaxt ayırırsan, Elçin deyib: “Mən meyxanaçıyam məndən dediyim sözün və çəkdiyim adların mənasını soruşa bilərlər”.

Məşədibaba, Elçin.

4. Şöhrət onu çox tez tapır. Meyxana meydanındakı biri-birindən mənalı meyxanaları onun qısa zaman ərzində şöhrət qazanmasına səbəb olur. 1992-ci ildə Azərbaycanın ilk şoumeni Qorxmaz Əlilinin rəhbərliyi ilə keçirilən Respublika Meyxana Müsabiqəsində Elçin öz istedadı və mənalı meyxanaları ilə birinci yerin qalibi olur. Buna görə də Elçinə rəsmi olaraq pul mükafatı verilir.

5. Elçin deyəndə Məşədibaba, Məşədibaba deyəndə Elçin ilk yada düşən adlardır. Bu iki şəxs eyni kəndin yetirmələri, həmkar olmaqla yanaşı yaxın dost olublar. Sonu faciə ilə bitən bu dostluq, deyilənə görə, onların bəzi həmkarlarını narahat edib. Çünki onlar hər ikisi olduqca istedadlı meyxanaçı və qəzəlxan kimi digər rəqiblərini ötüb keçirdilər. Onlar isə həmin məşum günə qədər toylarda meyxana deyər, deyişər, rəqib olar, həyatda isə dostluqlarını davam etdirərdilər.

6. Sonu ölümlə nəticələnən bu anlaşmazlığa meyxana məclislərinin birində Elçinin deyişmə zamanı dediyi çox adi bir ifadə səbəb olur. Sonradan şişirdildiyi kimi həmin ifadədə, “ana, arvad” və s. kimi sözlər də səslənməyib. Hətta Elçinin o cavabını Məşədibaba təbəssümlə qarşılayıb və dostuna cavab verib, meyxana davam edib. O zaman Məşədibaba və Elçinə yaxın olan şəxslərin dediyinə görə Məşədibabanın Elçini bıçaqla vurması onu öldürmək yox, bir növ cəzalandırmaq məqsədi daşıyıb. Məşədibaba dostunu öldürmək istəmir, ancaq idealları naminə onu vurmaqdan başqa çarə tapa bilmir.

7. Deyilənə görə, 1994-cü ildə, həmin hadisə baş verən gün Elçin Məşədibaba ilə eyni cür geyinmək istəyib. Qətlin başqa səbəblərdən baş verdiyi Elçinin atasının məhkəmədə dediyi sözlərdən də aydın görünür: "Bir oğlum məzara getdi, o birisini zindana göndərməyin". Həmin vaxt məhkəmə də vəziyyəti nəzərə alır, adam öldürməsinə baxmayaraq, Məşədibaba 6 il həbs çəkir. Azadlığa çıxdıqdan sonra daim Elçinə etdiyinə görə peşmanlıq çəkib. Şahidlərin sözlərinə görə, Məşədibaba həbsxanadan çıxdığı gün ilk olaraq Elçinin qəbrinin üstünə gedib. Elçinin ölümü barədə yazılanları və deyilənləri çoxları şayiə kimi qələmə versələr də, onun öz vikipediya hesabında ölüm faktı belə qeyd olunub: xəstəxanaya gec çatdırıldığı üçün güclü qanaxmadan dünyasını dəyişib.

8. Dəfələrlə deyişdiyi meyxanaçılardan olan mərhum Molla Məhəmməd toyların birində Elçini belə xatırlayır:

“Elçinin ölümü ilə bağlı səslənən bütün fikirlər isə iddia olaraq qalır. Təbii ki, bu iddiaların heç biri hüquqi sənədlərdə təsdiqini tapmadığı üçün bu variantların üzərindən ciddi hökm vermək olmur. Təsdiqlənmiş fakt isə yerində qalır: Elçini 11 fevral 1994-cü ildə ən yaxın dostu və həmkarı Məşədibaba bıçaqlayaraq öldürüb. Nəticədə həm Elçin, həm də Məşədibaba bədbəxt olur, aralarından su keçməyən iki dostdan biri digərinin qatilinə çevrilir...”

9. Məşədibabanın anası isə bu ölümün səbəbini başqa cür açıqlayır:

“Elçinin öldürücü yarası olmayıb, onun meyitinin ardınca biz özümüz Sabunçuya, morqa getdik. Həkim, mənə dedi ki, “ana, onu tez çatdırsaydılar, əməliyyat edəcəkdik o, ölməyəcəkdi. Öldürücü yarası yox idi”. Məşədibaba koftanın üstündən ona bir bıçaq vurub, qarın nahiyəsi deşilib. Elçini neçə saat gəzdiriblər, beş litr qanı süzülüb gedib. Görüblər ki, Elçin maşında çənə atır, ondan sonra onu xəstəxanaya aparıblar”.

10. Meyxana camiəsində ən sirli hadisə kimi qəbul edilən bu qətl çox söz-söhbətə çevrilmişdi. Məşədibaba da həmin hadisədən sonra bir ömür boyu peşman yaşayır və sonda faciəvi şəkildə özünü yandıraraq, xəstəxanada dünyasını dəyişir.

# 8342 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #