Tbilisi Tarix Muzeyində Azərbaycan və Gürcüstan rəssamlarının əsərlərindən ibarət növbəti beynəlxalq incəsənət sərgisi açılıb.
Kulis.az xəbər verir ki, sərgi Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə təşkil olunub. “İncəsənət dünyanı birləşdirir – sərhəd tanımayan rənglər” (Art Unites the World – Colors That Know No Boundaries) adlı sərgi Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafına töhfə vermək məqsədi daşıyır.
Sərginin açılışında Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, yerli və xarici ictimaiyyət nümayəndələri, sənət adamları, rəssamlar və mədəniyyət xadimləri iştirak ediblər.
Azərbaycan üzrə kurator, rəssam Elminaz Qəhrəmanova bildirib ki, ekspozisiyada ümumilikdə 70-dən çox rəssamın əsəri təqdim olunur. Onlardan 37-si Azərbaycan, 35-i isə Gürcüstan və İran rəssamlarının əsərləridir.
Ekspozisiyada AzərbaycanıElminaz Qəhrəmanova, Ehtiram Kərimov, Esmira Xəlilova, Fidan Mehman, Gülnarə Quliyeva, Səfurə İbrahimova, Səkinə Cəfərli, Sevinc İsmayılzadə, Həsən Hüseynov, Əməkdar rəssam Həmzə Abdullayev, Yusra Arslan və digər sənətkarlar öz əsərləri ilə təmsil edir.