Noyabrın 14–dən 16-dək Türkmənistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Aşqabad şəhərində “Xoşbəxtlik dövrünün teatr sənəti” adlı IV Beynəlxalq Teatr Festivalı keçiriləcək. Ölkəmizi bu festivalda Şuşa Dövlət Musiqili Dram Teatrı təmsil edəcək.
Kulis.az xəbər verir ki, teatr festivala Xalq yazıçısı İlyas Əfəndiyevin “Boy çiçəyi” tamaşası ilə yollanır. Şuşa Dövlət Musiqili Dram Teatrı noyabrın 15-də Böyük Saparmurat Türkmənbaşı adına Baş Dram Teatrının səhnəsində çıxış edəcək.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur. Rolları Əməkdar artistlər Nazir Rüstəmov (Həsənzadə), Azad Məmmədov (Fərəc), aktyorlar Zəhra Salayeva (Nargilə) və Püstəxanım Zeynalova (Nəzakət) ifa edirlər.
Görkəmli Azərbaycan dramaturqu, Xalq yazıçısı İlyas Əfəndiyevin “Boy çiçəyi” (sonradan “Sən həmişə mənimləsən” adı ilə məşhurlaşmışdır) pyesinin yazılmasından 60 ilə yaxın vaxt keçməsinə baxmayaraq, əsər bu gün də sevilir, bu gün də tamaşaçı zövqünü oxşayır.