Rənglər kraliçası - Yeni hekayə

Rənglər kraliçası - Yeni hekayə
31 may 2021
# 17:20

Kulis.az Sara İbrahimin “Rənglər kraliçası” adlı yeni hekayəsini təqdim edir.

Hər keçən dəqiqə məni bir az da həyəcanlandırdı. Kompüterin mausunu tutan əlim həyəcandan əsirdi. Gözüm saatda, bir də pəncərənin jalüzlərindən güclə görünən, artıq toranlaşmağa başlayan çöldə qalmışdı.

Dünən nahardan sonra müdirim yanına çağırıb mənə həvalə edəcəyi işin nə dərəcədə mühüm olduğunu diqqətimə çatdırmaq üçün hardasa on dəqiqə moizə etmişdi. Bu iş mənim üçün yeniydi.İndiyə qədər məşğul olduğum işlə o qədər də əlaqəsi yox idi.

Şöbə rəisi hesabatı özü edirdi; işçilərdən kiməsə həvalə etdiyini xatırlamırdım. O, mənə nə edəcəyimi başa salıb:

- Zümrüd, hesabat iki günə hazır olmalıdı. Diqqətli ol, Müşahidə Şurasına göndəriləcək. Bu iş səninçün tramplin də ola bilər. Öhdəsindən gəlsən, daha müştərilərlə işləməyəcəksən. Maaşında da artım olacaq, - dedi.

Dünən bütün günü əlləşsəm də, hesabatın cüzi hissəsini edə bilmişdim. İşlədiyim müəssisə böyük olduğundan dövriyyəsi də böyük idi; milyonlarla daxil olan, çıxan məbləğlər.

Saat 6-da iş vaxtım bitirdi. Mən hələ də işi sona çatdıra bilməmişdim. Şöbə rəisi arada yaxınlaşıb hesabatla maraqlanır, mənə bəzi məsləhətlər verib gedirdi.

Saatın əqrəbləri 6-nı göstərirdi. Sağ-solumda oturan yoldaşlarım artıq yığışmağa başladı. Bir azdan səs-küylü otaqlara, zallara səssizlik hakim kəsiləcək. Yəqin, məndən başqa bu nəhəng, səkkizmərtəbəli binada heç kim qalmayacaq. Bunları düşündükcə həyəcanlanırdım. Özüm özümə təskinlik verməyə başladım: “Lap yaxşı,qoy çıxıb getsinlər. Sakitlik olsa, mənə də işləmək rahat olar”.

Mənimlə yanaşı masada oturan qız yerimdən tərpənmədiyimi, hələ də kompyüterin ekranı boyda cədvəllərə gözümü dikdiyimi görüb təəccüblə:

- Zümrüd, sən niyə qalxmırsan; deyəsən evə getmək fikrin yoxdu, - dedi.

Gözümü kompyüterin ekranından çəkməyib mızıldandım:

- Siz gedin, mən hələ bir az işləyəcəm.

Yoldaşlarım bir-bir mənimlə sağollaşıb zalı tərk etdi. Ən sonuncu çıxan şöbə rəisimiz oldu. Yaxınlaşıb çiynimin üstdən kompüterə boylandı:

- Hə, neyləmisən, sabah təhvil verə biləcəksən?

Ürəyim guppuldasa da, özümü sakit göstərməyə çalışıb gülümsədim.

- Az qalıb, Nərgiz xanım, yekunlaşdırıram, sabah sizin emailə göndərəcəyəm,narahat olmayın.

Nərgiz xanımın qırx yaşına rəğmən çox cavan görünən qəşəng çöhrəsində təbəssüm göründü,razılıqla başını tərpədib məni təriflədi.

- Afərin. Doğrusu,sənə tapşıranda bir az tərəddüd edirdim,amma bilirəm ki,çalışqansan,tutduğunu buraxan deyilsən. Mən daha başqa hesabatla məşğul olacam. Öhdəsindən gələ bilsən,bundan sonra bunu sənə verəcəm,- üzbəüz divardakı saata baxıb tələsik mənimlə sağollaşdı, - hələlik, sabah danışarıq.

Beş dəqiqədən sonra zala sükut çökdü. Hamı çıxıb getmişdi. Çox keçmədi ki, otaqların, kabinetlərin zala baxan işıqlı pəncərələri də qaranlığa büründü. İşdən çıxıb gedənlər oturduğum masanın qarşısından keçdiyindən əksəriyyəti mənimlə sağollaşıb gedirdi. Hər dəfə başımı qaldırıb mənimlə xudahafisləşənlərə cavab verəndə, köksümü ötürüb yenidən işimə qayıtmalı olurdum.

Zal tamam boşalanda birdən-birə içimdə xof yarandı: Bu boyda binada məndən başqa heç kim qalmadı; birdən yanğın,ya da nəsə bir hadisə olsa...
Sonra ürəyimdə özümü danladım: “Mühafizəçilər ki getməyib,həm də bəlkə o biri mərtəbələrdə də kimsə var.Necə qorxaqsan,işinlə məşğul ol,bitirə bilməsən sabah necə olacaq, onu düşün”.

Bir saatdan çox çalışmağıma baxmayaraq hələ də işi sona çatdıra bilməmişdim. Sona çatmağa az qalmış nəticə əvvəlkiylə üst-üstə düşmürdü. Hardasa səhv edirdim. Axtarır,düzəldir yenidən sona çatanda yenə istədiyim rəqəmə çıxa bilmirdim. Yorğunluqdan çox,həyəcandan,əsəbdən ürəyim ağzıma gəlirdi.Elə səhv eləməyimə səbəb də bu idi.

Rəqəmlər gözümün qabağından qaçmağa başladı.Mənə elə gəlirdi ki, başım şişib qazana dönüb. Gözlərimin içi yanırdı.

Həmişə gördüyüm işdə bir əyləncə, maraq tapırdım. Rəqəmlərlə, işarələrlə ürəyimdə söhbət edirdim. Elədiyim işdən zövq alaraq çalışırdım. Hər rəqəm,hər işarə sanki mənə öz nəğməsini oxuyurdu. İndi onlara düşmənim kimi baxır, ürəyimdən qışqırıb bağırmaq keçirdi: “lənətə gələsiz, axı hər şey düzdü,bəs niyə alınmır!?”.
Başımın içində sanki təbil çalırdılar. Beynimdən keçən eyni fikirlər qulağımda çingildəyir,ürəyimi sıxırdı: “Bacarmadım,öhdəsindən gələ bilmədim.Sabah nə deyəcəm”.

Mausu hirslə kənara itələyib başımı qollarımın üstünə qoydum. Təslim olmağı sevmirdim; indiyə qədər heç bir işdən qorxub geri çəkilməmişdim. Çətinliklə də olsa,qarşıma qoyduğum məqsədə çatmışdım. Birinci dəfə idi ki, belə aciz duruma düşürdüm.

Boğazımı yandıran qəhər indi göz yaşlarına çevrilib yanaqlarımdan əllərimin üstünə damcılayırdı. Özümü məğlub,bacarıqsız hiss edirdim.

“Daha mənə heç bir iş tapşırmayacaqlar,haqları da var” Beynimi döyəcləyən bu fikirlər sanki gözəgörünməz bir ələ çevrilib ürəyimi ovcunda sıxıb əzirdi.

- Axşamın xeyir, Zümrüd, niyə getməmisən,bu vaxt burda neyləyirsən?
Səsə diksinib başımı qaldırdım. Yaşlı gözlərimi gizlədə bilmədiyimə görə özümü itirdim. Qarşımda dayanıb üzümə baxan qadına nə deyəcəyimi bilmədən susurdum.

Bu, şirkətin mühüm departamentlərindən birinin direktoru Səbinə xanım idi. Savadına, bacarığına görə şirkətdə hamı ona hörmət edirdi. Nə qədər aciz, çətin vəziyyətə düşsəm də, kiminsə qarşısında ağlamağı heç vaxt özümə sığışdırmamışdım. İndi özümü oğurluq üstə yaxalanmış adam kimi hiss edirdim.Sanki bütün gücüm,dərrakəm keyləşmişdi. Qadının üzünə anlaqsız adamlar kimi baxırdım.

O, çantasını bir əlindən o birinə keçirib mənə doğru bir addım atdı. Üzündəki təəccübü mülayim,qayğıkeş ifadə əvəz etdi. Yəqin ki,evə getməyə hazırlaşırdı, məni görüb ayaq saxlamışdı. Hiss edirdim ki ağlamağım onu çox heyrətləndirib. Bunu onun həmişə laqeyd, donuq görünən üzünün indi yüz səksən dərəcə dəyişməyindən başa düşmək olurdu.

- Bəlkə sənə bir köməyim dəyə bilər, nə olub, Zümrüd? - diqqətlə üzümə baxaraq soruşdu.

Onu heç vaxt belə yaxından görməmişdim. Kiminləsə belə mehriban səslə danışdığını da xatırlamırdım. Səbinə xanım şirkətin ən qaraqabaq, adamayovuşmaz işçisiydi. Onun nəinki danışıb-güldüyünü, heç kiməsə azacıq da olsa gülümsədiyini görməmişdim. Haqqında bəzi dedi-qodular eşitmişdim. Zahiri görünüşü də qəribəydi. Ciddi, qaraqabaq görünüşüylə təzad təşkil edən əlvan rəngli geyimləri onu gülünc göstərirdi. Çox zövqsüz geyinirdi. O,sarı rəngli köynəyinin üstdən yaşıl pencəklə qırmızı şalvar geyinib işə gəlsəydi kimsə təəccüblənməzdi. Əndrabadi geyimləri işçilərdə gülüş doğururdu.

40-45 yaşlı qadının bu qədər zövqsüz geyinməsi qəribə görünsə də, zaman keçdikcə onun geyimlərinə gözümüz öyrəşmişdi. Səbinə xanıma qızlarla öz aramızda “tovuzquşu” deyib gülürdük.

O, heç kimlə dostluq,yoldaşlıq etmirdi.Həddindən artıq quru və rəsmi adam təsiri bağışlayırdı.Buna görə çoxlarının bu qaraqabaq,üzündə həmişə acıqlı ifadə olan qadından xoşu gəlmirdi. Hərdən mənə elə gəlirdi ki, onun insanlardan ümumiyyətlə zəhləsi gedir; məcbur olmasa günlərlə ağzını açıb danışmaz.

Səbinə xanımın, xüsusilə, əksəriyyəti cavan qızlar olan bizim departamentin -müştərilərə xidmət departamentinin - qızlarını görən gözü yox idi.

Novruz bayramı şənliyi keçirilirdi. Təşkilatçılar tədbirə maraq qatmaq üçün əyləncəli müsabiqələr fikirləşmişdi.Bunlardan biri də idarənin ən zövqlü və zövqsüz geyinən işçisini təyin etmək oldu.Müsabiqə açıq səsvermə yolu ilə keçirilirdi.

Ən zövqsüz geyinən işçi sözsüz ki,Səbinə xanım idi,amma heç kim onun adını çəkmirdi.Hər kəs zarafatla ən yaxın dostunun adını deyib keçirdi.Yalnız bizim departamentin qızları bu “ənənəni”pozdu.Hamı bir nəfər kimi Səbinə xanımın adını söyləyirdi.Hər dəfə qızlardan biri mikrofona yaxınlaşıb onun adını çəkəndə zaldan gülüş səsləri eşidilirdi.

Salonun yuxarı başında,rəhbərliklə eyni masada oturan Səbinə xanımın üzü hər dəfə kimsə onun adını çəkəndə rəng verib rəng alırdı.Hiss olunurdu ki,bu qədər işçilərin içərisində adının bu məzəli müsabiqədə çəkilməsi onu özündən çıxarır.

Səbinə xanım o gündən sanki bizə müharibə elan etdi. Bəzi sənədləri imzalatmaq üçün yanına gedəndə qaşqabağını töküb bizi gözlədirdi.

Bir dəfə onunla aramızda daha bir xoşagəlməz hadisə baş verdi. Sanitar qovşağına girəndə onunla qapıda üz-üzə gəldik. Salamlaşıb kənara çəkilərək keçməsi üçün ona yol verdim. İçəridə güzgülər olan foyedə makiyajlarını təzələyən qızlar məni görəndə gülüşdülər.

- Tovuzquşunu gördün,bu gün lap ağ eləyib.

Söhbətin nədən getdiyini başa düşüb zarafatlarına zarafatla cavab verdim

- Ağ eləməyib,qırmızı edib; bu gün bizim rənglər kraliçası qırmızıyla çəhrayını qatıb biri-birinə.

- Zümrüd tovuzquşuna yeni ad qoydu; indi də rənglər kraliçası oldu, - qızlardan biri pıqqıldayıb bərkdən güldü.

- Qızlar, bilirsiniz ağlıma nə gəldi;idarənin yubileyində belə bir müsabiqə təşkil edərik: “Üz-gözündən ən çox zəhrimar yağan işçi”. Heç şübhəm yoxdur ki, bu nominasiyanın da qalibi Səbinə xanım olacaq,- qəhqəhəylə gülüb geri çevrildim və... qarşımda Səbinə xanımı gördüm.

Üzbəüz divardakı böyük güzgünün qarşısına keçdiyimdən indi giriş qapısından içəri keçənləri görmürdüm.O,bu qapıdan beş dəqiqə əvvəl çıxmışdı,yenidən geri qayıdacağı ağlıma gəlməzdi.

Səbinə xanım geniş açılmış gözləri ilə mənə baxırdı. Gözlərində bir anlıq təəssüf,həm də qəzəb qığılcımları görünüb yox oldu. Onu görəndən yerimdə donub qalmışdım. Pərtliyimdən necə hərəkət edəcəyimi bilmirdim. Məni acılayacağını düşünürdüm,amma o, üz-gözünü turşudub başını yellədərək çanağa yaxınlaşıb əlini yumağa başladı. Görünür,mətbəxdə nahar edirmiş,əlini yumaq üçün yenidən bura qayıtmışdı.

O vaxtdan onun gözünə görünməməyə çalışırdım. Zatən, o da görəndə üzünü yana çevirib məni görməzdən gəlirdi. Hiss edirdim ki, o gündən sonra qaşqabaqlı sifəti məni görəndə bir az da turşuyur.

İndiki vəziyyətimdə Səbinə xanımdan başqa kiminlə desən qarşılaşmağa razıydım. Onun məni belə aciz, ağlar gözlərlə görməyini heç istəməzdim. Ona qarşı elədiyim o hərəkətdən sonra mənimlə belə mehriban danışmağından xəcalət çəkirdim. Yanımdan sakitcə keçib gedə bilərdi; axı həmişə rastlaşanda özünü görməzliyə vururdu, indi niyə keçib getmədi. Hələ yaxınlaşıb niyə gec getməyimlə maraqlanır.

O, məndən cavab gözləyən baxışlarını üzümə dikmişdi. Yerimdə dikəlib başımla kompüterə işarə edərək astadan:
- Bir hesabat var, sabah təhvil verməliyəm, amma alınmır,- mızıldandım.
Özümü ələ almağa, sakit danışmağa çalışsam da, səsim titrəyirdi.

Qaşlarını çatıb mənə qulaq asan qadının baxışları altında sıxılırdım. Onun tez getməsini istəyirdim. O çıxan kimi mən də yığışıb getməyi düşünürdüm. Daha qalmağın mənası yox idi; onsuz da heç nə alınmırdı. Sabah işin öhdəsindən gələ bilmədiyimi etiraf etməliydim.
O, deyəsən getməyi düşünmürdü. Çantasını yanındakı kürsünün üstünə qoyub plaşını soyundu. Əyləşdiyim masanın arxasına keçib mənə yaxınlaşdı. İşgüzar görkəm alıb yanımdakı stulu çəkib oturdu.

Kompüterin mausunu əlinin altında sürüşdürüb ekranda görünən cədvələ baxdı.

- Gəl, bir yerdə baxaq, lap əvvəldən başlayaq. Birlikdə həll edəcəyik, narahat olma.

İki dəqiqədən sonra Səbinə xanım sanki yanında olduğumu unutmuşdu; diqqətlə cədvəlləri gözdən keçirir,rəqəmləri yoxlayıb tutuşdururdu. Arada bir-iki sual verməyini nəzərə almasaq,demək olar ki,məndən heç nə soruşmurdu.Sanki bu işlə neçə vaxtdı məşğul olmuşdu. Əlinin cəld hərəkətini izləyərək gözaltı onu süzürdüm. Gözünün ətrafını incə qırışlar basmışdı. Üzü yorğun görünsə də, təravətliydi. Dolğun yanaqları, biçimli dodaqları yaraşıqlı göstərsə də,boyası getmiş saçları onu bir qədər yaşlı göstərirdi. Baxımsız olmasaydı,onu hətta gözəl hesab etmək olardı.

Ona diqqətlə baxdığımı hiss edib çiyni üstdən mənə tərəf qanrıldı, ekrandakı işarələdiyi yeri mənə göstərib:

- Bax, səhvin burdadı; ayın ikisində daxil olan məbləği gözdən qaçırmısan. Ona görə nəticən alınmır, - dedi.

Göstərdiyi rəqəmi lazım olan yerə daxil edib ekranın küncündə görünən yekun məbləği mənə göstərdi.

- Sənə lazım olan nəticə alındı, buyurub baxa bilərsən.

Həqiqətən, nəticə gözlərim önündəydi; hər şey indi uyğun gəlirdi. Hesabatım hazır idi,sabah boynumu büküb bacarıqsız olduğumu etiraf etməli olmayacaqdım.

Səbinə xanımın boynuna atılıb onu qucaqlayardım,amma aramızdakı münasibət buna imkan vermirdi. Gözlərim indi sevincdən yaşarmış halda onun əlini sıxdım.

- Bilsəniz, sizə necə minnətdaram, Səbinə xanım. Bu hesabat mənimçün çox vacib idi. Nə qədər təşəkkür etsəm,yenə azdı.

Dodağının ucuna xəfif, bir az da kinayəli (bu,bəlkə də mənə belə göründü) təbəssüm qondu, cavab verməyib plaşını qoyduğu kürsüyə tərəf getdi. Mənə tərəf dönüb amiranə səslə:
- Təşəkkür etmək lazım deyil, işin əsas hissəsini özün eləmişdin.İndi isə gecdir, hazırlaşıb çıx daha,- dedi.

Plaşını geyinib çantasını qoluna keçirərək getməyə hazırlaşdı. Artıq mənim də geyinib çıxmağa hazır olduğumu görəndə duruxub üzümə baxdı.
- Maşınımı yaxında, binanın qarşısında saxlamışam. Səni də apara bilərəm,hansı tərəfdə yaşayırsan? - səsində bayaqkı amiranəlikdən əsər qalmamışdı.

- Montin tərəfdə, amma siz narahat olmayın; metroyla on dəqiqəyə çatıram,- tələsik dilləndim.

Qaşları dartıldı,üzü mülayim, həmişəki sərtliyinə tərs mütənasib xoş ifadə aldı.

- Nə xoş təsadüf, mən də o tərəfdə yaşayıram, gedək.

Maşını idarə edərkən bütün diqqətini yola yönəltmişdi. Arada bir-iki dəfə mənə tərəf çevrilib tıxaclardan gileyləndi, vəssalam. Fürsətdən istifadə edib ondan üzr istəmək istəyirdim, amma yola zillənən baxışlarındakı sərt ifadədən çəkinirdim. Qəribə qadın idi; bir dəqiqə əvvəl gülümsəyən siması qəfil yaz səması kimi tutulub sərtləşirdi.

Yaşadığım ərazidəki metro stansiyasına çatanda dilləndim.

- Zəhmət olmasa, saxlayın. Burdan evimizə beş dəqiqəlik yoldu.

Maşının sürətini bir qədər azaldıb mənə tərəf döndü:

- Hansı küçədə yaşayırsan bəlkə yolumun üstüdür?

Ünvanı söyləyəndə əlini sükandan çəkib çiynimə toxundu:
- Qonşuyuq ki! İşə bax, eyni məhəllədə yaşayırıq, necə olub ki,indiyədək rastlaşmamışıq?

Məhəlləmizə girib beşmərtəbəli binalardan birinin qarşısında dayandıq.
Səbinə xanımın yaşadığı evlə bizim evin arasında iki bina vardı.

O, maşını səkinin kənarına verib mənə yaxınlaşdı. Dayanıb onun maşını kənara çəkməsini gözləyirdim. Sağollaşıb getmək istəyəndə heç gözləmədiyim halda məni evinə dəvət etdi.

- Gedək bizə qonağım ol, evim ikinci mərtəbədədi, sağdakı pəncərə, - gülümsədi, - sənin hesabatını və qonşu olduğumuzu pürrəngi çayla qeyd edək.
- Çox sağ olun, amma getsəm yaxşıdı,evdə nigarandılar, - təşəkkür edib ondan ayrıldım.

O gündən sonra onunla aramızdakı buzlar əriməyə başladı. Daha məni görəndə üz-gözünü turşudub salamımı ağızucu almırdı.Yanına sənədlə gedəndə məni qapıda qəsdən gözlətmirdi.

...Bir ay olardı ki, Səbinə xanım işə gəlmirdi. Deyirdilər ki,özünü yaxşı hiss etmir, məzuniyyət götürüb evində müalicə olunur. Mənə ən çətin anımda kömək edən bu qadına bir təşəkkür borcum vardı. Qərara aldım ki, işdən çıxanda ona baş çəkib əhvalını soruşum.

Qapını özü açdı. Məni gözləmirdi.Bir neçə saniyə duruxub üzümə baxdı, sonra məni içəri buraxdı. Rəngi azca soluxmuşdu. Gözlərinin altı qaralıb torbalanmışdı. Əynindəki ev geyimləri də iş geyimləri kimi rəngarəng idi. Dəhlizin, otaqların işığı yanırdı. Dəhlizin divarındakı yağlı boyayla, primitiv üsulla çəkilmiş, qarmaqarışıq, əlvan rənglərlə boyanmış çiçək rəsmi diqqətimi çəkdi.

Qonaq otağında da parlaq rənglər mozaikası göz qamaşdırırdı. Evin divar kağızlarından tutmuş abajurlara, çilçırağa, pərdələrə kimi hər şey alışdığım monoton rənglərdən uzaq, parlaq rənglərə, çalarlara bürünmüşdü. Yerdəki qırmızı güllü yaşıl yelənli xalça, yuxarı başda qoyulmuş ağappaq pianino adamda istər-istəməz şən əhval-ruhiyyə yaradırdı. Səbinə xanımın işə geyindiyi parlaq geyimləri mənə gülünc görünürdü, amma evdəki rəngli ab-hava məndə xoş hisslər yaradırdı.

Qonaq otağının qapısı ağzında 14-15 yaşlı ağbəniz qız uşağı göründü. Yanaqları yastı sifətində irəli çıxmışdı. Kiçik, uzunsov gözləri sevinclə parıldayırdı. Ağzı yarıaçıq halda mənə baxıb gülümsəyirdi. Güləndə seyrək dişləri görsənirdi. Əlində əlvan geyimli gəlincik tutmuşdu. Özü də gəlinciyi kimi al-əlvan ev geyimindəydi.

Qız gəlinciyinin mənə göstərib körpə uşaq kimi sevincək:
- Bax buna,paltarını mən tikmişəm,görürsən necə qəşəngdi?- dedi.
Sonra əynimdəki qara şalvarın üstdən geydiyim ağ köynəklə pencəyimə baxıb dodağını büzərək:

- Özün qəşəng qızsan,amma paltarın çiçi deyil, - deyib qonşu otağa qaçdı.
Mətbəxdən əlində çay dəstgahıyla qonaq otağına keçən Səbinə xanım gülümsəyərək:

- Mələk modelyerdi, Zümrüd, onun sözlərindən incimə. Mənim bütün paltarlarımı o seçib bəyənir.Sabah işə hansı paltarda gedəcəyimə də Mələk qərar verir,- dedi.

Çayları mizin üstünə qoyub yanımda əyləşdi. Mələk qonşu otaqda öz-özünə danışır, arada bərkdən gülürdü.

Səbinə xanım Mələyin səsi eşidilən qonşu otağa boylanıb yenidən mənə döndü:
- Özünü stilist, modelyer zənn edir. Əlvan rəngləri sevir. Rəssamlıq qabiliyyəti də var, - divarda asılmış şəkilləri göstərdi, - bunları o çəkib. Onun xoşuna gələn paltarları geyinməyimi istəyir. Seçdiyi paltarları geyinəndə sevinir, xoşbəxt olur. Bu, mənə hər şeydən vacibdir.

On dəqiqədən sonra ona şəfa diləyib ayağa qalxdım. Səbinə xanım məni qapıya qədər ötürdü. Yeyin addımlarla pillələri enib kuçəyə çıxdım. Üzbəüz küçədəki geyim mağazasının önündən keçəndə ayaq saxladım.Vitrində manekenin əynindəki paltar diqqətimi çəkdi. Manekenə geydirilmiş yaşıl, sarı rəngli çiçəklərlə süslənmiş paltar bir az əvvəl tərk etdiyim evin divarında asılmış tablonu xatırladırdı.

“Özün qəşəngsən,amma paltarların çiçi deyil”.

Mənə elə gəldi ki, Mələyin bayaq dediyi bu sözləri yenidən eşitdim və heç düşünmədən mağazaya girdim.

# 13480 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #