Şübhə - Coşqun Xəliloğlunun hekayəsi

Şübhə - Coşqun Xəliloğlunun hekayəsi
16 may 2024
# 13:30

Kulis.az Coşqun Xəliloğlunun "Şübhə" hekayəsini təqdim edir.

Qatarla ezamiyyətə gedirdim. Kupe yoldaşım Dünyamin kişi söhbətcil, xoşbəniz bir adam idi. Yola körpü salmaq üçün ordan-burdan söhbət edirdik. Yol yoldaşım başına gəlmiş maraqlı bir əhvalat danışdı.

...Sovet dönəmində tikinti idarələrinin birində müdir işləyirdim. Səhər planlaşdırılmasından sonra adətim üzrə kabinetdə oturub gündəlik işlərlə məşğul idim. Birdən katibə qapını açıb:

– Dünyamin müəllim, yanınıza gələn var, Sizi görmək istəyir, –dedi.

Mən, –Qəbul günü gələr, bu gün işim çoxdur, –dedim.

Katibə çıxdı və tez də içəri qayıtdı:

–Yenə xahiş etdi ki, onu qəbul edəsiniz. Deyir, mütləq görüşməliyəm, çox vacib işim var.

Mən tərəddüdlə:

– Yaxşı, de gəlsin.

Qapıdan içəri səliqə ilə geyinmiş, üzü tər-təmiz qırxılmış, saçları zövqlə daranmış, boylu-buxunlu, 35-40 yaşlarında, ciddi görkəmli bir kişi daxil oldu. Düşündüm ki, çağırılmamış qonaq heç də təmiz niyyətlə gəlməyib. Allah evini yıxmışlar yəqin yenə məndən döşəyiblər yuxarılara. Gələn ya “Xalq Nəzarəti”ndəndir, ya da “KQB”-dən. Yadıma birinci olaraq aylıq plan düşdü. Yerinə yetirmişik, ürəyimdə sevindim. Bəlkə əmimoğlunun adına aldığım maşının mənə məxsus olduğunu biliblər...Ya da həyat yoldaşıma srağa gün ad günündə hədiyyə etdiyim bahalı briliyant qaşlı üzükdən xəbərdardılar. Olmaya Mərdəkanda tikdirdiyim bağ evi haqqında nəsə məlumat alıblar. Yox, yox. Birdən... Birdən məndən düz iyirmi yaş kiçik bir qadınla qeyri-rəsmi yaşadığımdan duyuq düşərlər ha...

– Xoş gəlmisiniz, –mən özümü güclə topladım. Ona əyləşmək üçün yer göstərdim.

– Sağ olun! –Səsindəki rəsmiyyətdən fikrimdə yanılmadığımı təsdiqlədim. Yazıblar, özü də möhkəm yazıblar. Dünən nazirlikdəki dostum üçün üç kub taxta materialı göndərmişdim. Yəqin yolda tutulub. Cəhənnəmə ki... Özümü ələ almağa çalışdım. Keçən dəfə də belə bir iş olmuşdu. Bir təhər razı saldım. Olmasın üç-dörd ayın qazancı.

Düyməni basıb katibəyə iki stəkan çay gətrməyi tapşırdım.

– Çay içmirəm, sağ olun, –razılığını bildirdi.

“Hə, çay içmir. İşlər şuluqdu. Yəqin ciddi yoxlama aparacaq”.

- Dünyamin müəllim, bilirsiniz, niyə gəlmişəm...

Sözünü ağzında yarımçıq qoydum:

– Əcəb eləyib gəlmisiniz, həmişə Siz gələsiniz, –demişdim ki, gözlərim şalvarının ütüsünə sataşdı. İllərlə həsrətini çəkdiyim, indi-indi yerimi bərkitdiyim müdir kreslosu gözümdən düşdü. İşləyəndə də belə vəzifədə işləyəsən e... –həsəd hissi keçirdim.

Dəqiqələr saat kimi uzun görünürdü. Kürəyimdən tər damcıları axdığını hiss etdim. Bu zaman alnımda da tər muncuqları olduğunu başa düşdüm. Cib dəsmalını çıxarıb üz-gözümü silməyə başladım. Onun qürurlü, məğrur baxışları altında kiçildiyimi, yumağa döndüyümü hiss edirdim.

– Müəllim, hamı sizdən...

İnanın ki, bu sözləri eşidəndə az qaldım özümdən gedb yerə yıxılım. O, sözünə davam elədi: –razıdır. Ona görə də Sizdən xahiş eləməyə gəlmişəm. Doğrusu, deməyə də utanıram.

Yüz faiz məni dolayır. Arxayındı ki məni həbs etdirəcək. Güclə eşidiləcək səslə “Buyurun.” dedim.

– Mən məktəbdə müəllim işləyirəm. Dünənki külək vaxtı pəncərəmiz açıq qalıb, şüşələri sınıb. Gəldim ki, mümkünsə, mənə kömək edəsiniz.

– Yaxşı, gözləyin. –Dərindən nəfəs alaraq müavinimə zəng edib müəllimə kömək etməsini göstəriş verdim. O təşəkkür edib kabinetdən çıxdı. Mən isə hələ də özümə gəlməmişdim.

# 1293 dəfə oxunub

Müəllifin son yazıları

# # #