Qondarma poetizm, nənədən qalma bayatı, müəllif nimdaşlığı - Hekayə müzakirəsi

Qondarma poetizm, nənədən qalma bayatı, müəllif nimdaşlığı - Hekayə müzakirəsi
13 iyul 2022
# 15:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Nadir Yalçının “Nina Nikolayevna” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.


Cavanşir Yusifli

Bitməyən müharibə hekayə(t)ləri - Cavanşir Yusifli yazır » Manera.Az

Nadirin "Nina Nikolayevna" adlı hekayəsinin analizi bir neçə baxımdan maraqlı ola bilər. Əvvəlcə, aktyor oyunu. Biz hər hansı hekayəni quran, fikrindən, ürəyindən keçirib mətləb, ideya olmaq istəyən əhvalatları “oynayan" müəllifin yazı tərzini nəzərdə tuturuq.

Nadir o səhnədə bəzən lirik ricətə sövq təbii varan, bəzən haçansa yaddan çıxardığı əhvalatı, bəlkə, onun ən incə aspektini mətləbə daxil etmək istəyən, amma yenə də lirik haşiyələrə bənd olan aktyor kimi görünür. Bu, Nadirin yazı üsuludur, onu mübahisələndirmək olarmı?

Məncə, yox, amma kimsə eləsə, riski də göz önünə almalıdır.

Hekayədə xoşuma gələn bir neçə cəhət oldu:

1. Müəllif danışmaq istədiyi olayları öz təbii axarında, bir az da sadəlövhlüklə təqdim edə bilir, lirik naxışların altındakı kədər gizləndikcə gizlənir, həmin axarın lap dibində üzür;

2. Detalı naxış kimi vurub keçir, onun bakirəliyinə toxunmur. Nina hər şeyi – dili, adətləri, hər şeyi lazımınca öyrənir, laylaları belə, amma körpə səsinə həsrət qalır, bu məqamda belə bir pasaj var: bu lay-lay səsləri onu da beşik kimi yırğalayırdı...

Rasim Qaraca

Çürükçülük, cəfəng, dəxilsiz söhbətlər – Rasim Qaraca Anarı sərt tənqid etdi

Nadirin “Nina” hekayəsini uğurun başlanğıcı saymaq olar. Yazıçı kompozisiya qurmağı bacarır, danışdığı hadisənin dinamikasını sona qədər qoruyub saxlayır. Bunlarla yanaşı hekayənin ciddi qüsurları var.

Birincisi, köhnəlmiş romantik təhkiyə, Markes-Əkrəm Əylisli üslubudur. “Günəşlə ay arasında bardaş quran toranlıq” kimi ifadələr gənc yazarın göstərmək istədiyi flmin qarşısında qalın tül pərdə kimi çəkilir, mənzərəni aydın görməyə qoymur. Ümumən, təbiət hadisələrinə insana aid keyfiyyətlər yükləmək Azərbaycan nəsrində və şeirində gənc ədiblərin vidalaşmalı olduğu üslubdur.

“Bardaş quran toranlıq”da gözəl heç nə yoxdur və Nadirin danışdığı hadisəyə heç bir rənglilik qatmır, yazıçının çatdırmaq istədiyinin əksinə təsir doğurur. Və ya belə bir cümlə: “Bütün susan qaratoyuqların acığına bu oğrun vədəni nəğmələndirirdi”. Hekayənin əvvəlindəki bu qondarma poetizm sonda yenidən davam etdirilir - “Bu oğrun vədəni nəğməsinin bağrına basırdı”.

“Oğrun vədəni nəğmələndirmək” və ya “nəğməni bağrına basmaq” necə olur, görəsən? Anlaşılan, yazıçı hadisəni danışmaq, Nina obrazını zənginləşdirmək, xarakter cizgilərinə diqqəti artırmaq yerinə hekayənin paralelində əcaib bir struktur yaratmaqla məşğuldur. Nəticədə hekayə (hadisənin özü) ikinci plana keçir, söz və məna oyunları üstünlük qazanır. Həddən artıq allı-ballı yazmağa cəhd etmək Nadirin hələlik ən zəif cəhətidir…

Maral Yaqubova

Fotoğraf açıklaması yok.

Gənclərin uydurduğu “bədii dünya”larda gəzmək, kəşf etmək, bu uydurma mətnlərdəki təfərrüatların ötürdüyü düşüncə modelini görmək, ənənəvi mətn vərdişləri ilə “gizlən-qaç” oyunlarında (olanda!) iştirak etmək maraqlıdır. Təbii ki, söhbət çağın ritmini duymayan, səsini zamanın səsinə qatmayan, "köhnə"nin içində israrla ayaq döyən mətnlərdən getmir.

Mətnin, bütövlükdə ədəbiyyatın “gəncliyi” onun nə qədər mükəmməl olmasından ziyadə cəsarətli olması ilə, tərəddüdlərlə, qorxularla, şübhələrlə savaş cəhdləri ilə ölçülür. Nadir Yalçının “Nina Nikolayevna” hekayəsini də mətndə fərqlilik görmək niyyəti ilə oxudum.

Hekayə qovaq ağacının altındakı bir zümzümənin təsviri ilə başlayır və elə həmin zaman-məkanda eyni zümzümə altında bitir. Oxucu üçün hekayənin başında yad olan bu zümzümə hekayənin sonunda tədricən doğmalaşır, “qəmin nəşəyə dönüşdüyü bu sədada” – nənədən qalma bayatılarda sanki bir “Sarı gəlin” havası duyulur. Hekayənin əvvəlindən qonşu Əsgərin bilmədiyini bildiyini bizə bildirən təhkiyəçinin xatirələrinin – yaddaşının cızdığı trayektoriya üzrə hərəkət edirik.

Birinci sinfə gedən uşağın gözündən və səsindən hekayəni dinləməyə başlayırıq: yayın cırhacırında “qızmar Günəşlə əlbir olub od ələyən nənənin” səhnəyə daxil olması ilə hər şey başlayır. Ninanın kəndə gəlişi (tanışlıq) epizodu uşaq təhkiyəçinin “kamera”sından nəql olunur və növbəti dəfə bu kameranı yeniyetmə təhkiyəçinin əlində görürük, sonra Ninanın öldüyü günü nəql edən böyümüş təhkiyəçinin… Mətn də məhz bu kameranın yaddaşında hifz olunmuş bu üç fraqmenti “qovaq ağacının altında” bir-birinə montaj etmək niyyəti ilə inşa olunur.

Təhkiyəçinin yaddaşında hərəkət etdikcə hadisələrdən çox, hadisələrin yaratdığı emosional rənglər və çalarlarla üz-üzə qalırıq, emosional yaddaşın mətnləşməsi prosesinə şahid oluruq. Ayrı-ayrı epizodlar (ki, hekayədə əsasən üç epizod var: Ninanın kəndə gəldiyi gün, nənənin öldüyü gün, Ninanın öldüyü gün) arasındakı uzun məsafələr emosional yaddaşın iri addımları ilə qət olunur. Mətndə təhkiyənin can atmağa çalışdığı “səliqə” emosionallığın dağınıqlığına tab gətirə bilmir.

Ənvər və Ninanın “hal-qəziyyəsi”nin təfərrüatları müəllifin mətnin minimal məkanında yaratdığı maksimum semantik sıxlıqda arxa plana keçir. Oxucu hadisənin mahiyyətinə fiqurativ-məcazlı diskursun içindən keçərək vaqif olur. Lirizmə xas hakim səs (şeirdə bu şair olur) hekayənin bütününə yayılır, bu tək səsin uzaqbaşı çalarlaşması baş tutur. Poetizmlər, məcazlar, ifadə və təsvir vasitələri, poetik konstruksiyanın təkrarlara meyl etməsi (məs., “Ağ-ağ ağı deyən ağıçılar harayladı ötənləri keçənləri”) və s. lirizmi artırır. Bu da hekayə personajlarının konkretliliyini (kameranın yaddaşına düşmüş üç aydın görüntünü) getdikcə bulanıqlaşdırır, cizgilərini itirir, və mətn mövzu ilə oxşarlıq paradiqmasında dayanan bütün eşq hekayətlərinə (ədəbiyyatımızın kafir qızlarını və ya tabu sevgilərini xatırlayaq…) elegiyaya çevrilir.

Düzdür, bu yanaşma mövzunun “əyalət hekayəsi” potensialına qarşı müəllifin açdığı savaş cəhdini ifadə edir və müəyyən qədər alınır. Tanış mövzu estetik şəkildə təqdim oluna bilir, informasiya şəklində (əhvalatçılıq səviyyəsində) qalmır. Sadəcə olaraq müəllif mətnin estetik arxitektonikasını birtərəfli (təkcə lirik-emosional planda) qurur. Belə ki, müəllif və mövzu arasında emosional bağ mətnin azadlığına mane olur, mətni çərçivələyir, mətnin daha geniş müqayisə müstəvisinə (mövzunun fərqli baxış bucaqlarından görünməsinə) çıxmasına əngəl yaradır.

Məsələn, əhlət ağacı (bəhrəsizlik), zeytun ağacı (əbədiyyət, yaşam, barış) detalları əslində çox funksional ola biləcəkləri halda səthi qalırlar. Emosional dalğınlıq təhkiyəçiyə bəzən fikirləri toparlamaqda mane olur. Ninanın sinəsindəki xaçı necə gördüyünü nəql edərkən yeniyetmə yaşlarında olduğuna işarə etdiyini (ağzının sulandığı vaxtlar) unudur, tələsik hesab dərsində üstəgəl işarəsini (birinci sinifdə oxuduğu vaxta dönür) yenicə öyrəndiyini deyir.

Eləcə də, “Mərdanın baş dərisisən” ifadəsindəki quruluq, “axar-baxarlı çay ömrümüz” və “boz kəndimiz” ifadələri arasındakı semantik zidiyyətin görünməzdən gəlinməsi, “aran təpəcikləri” bənzətməsinin qeyri-effektivliyi və s. mənə görə yazarın zehnindəki dünyanın “bişməmiş” mətnləşməsi ilə bağlıdır. Vizual olmayan materialdan – ona təqdim olunan verbal (söz) kərpiclərdən zehnində yeni bir vizual dünya yaratmağa çalışan oxucuya bu çiy materiallar bir qədər mane olur. Mətn emosional ola bilər, həddən artıq emosional da ola bilər. Bu normaldır. Tək bir şərtlə, emosional dünya gözəl (formaca və məzmunca!) inşa olunmalıdır.

Sərhədsiz, mühakiməsiz və tabusuz bir dünyaya iddiallı metamodernist sənətin birbaşa içində olmasaq da, uzaqdan da olsa gəlib çatan səs-sədasını eşitdiyimiz bir çağda yaşayırıq. Son illərdə ədəbiyyatın dərinlik və mənəviyyat axtarışları istər-istəməz emosional olana meyl etdirir.

Nadir Yalçın da bu dünyanın ritmini duyur, “Nina Nikolayevna” hekayəsində emosional ovqatı əyalət müstəvisindən xilas edə bilir, amma bu xilasetmə işini bir az tələsik edir. Hətta poetizmlərin bolluğu, lap deyək gözəlliyi, bu tələskənliyi ört-basdır edə bilmir…

İlham Əziz

İlham Əzizin kitabı təqdim olunacaq

Nadir Yalçının “Nina Nikolayevna” hekayəsi adından bəllidir ki, cəsarət tələb edir. Bu mövzularda Azərbaycan nəsrində xeyli hekayə yazılıb. Qonşu xalqların insanları bu talelərlə doludur. Ninanın hekayəsi bu adamların, bu talelərin nəsr güzgüsüdür. Nadir güzgünü elə yerdən tutub ki, biz insanlıq dramının hər tərəfini apaydın görürük. Səhv etmirəmsə bizim nəsrdə bu yaşlarda belə ustalıqla hekayə yazılmayıb. Bir Əkrəmi göstərə bilərik, yaş etibarı ilə Nadir hətta onu arxada qoyub. Amma dil və estetika eynidir.

Bu da Nadirin nəsr ənənəmizi gözəl şəkildə əxz etməyinin nəticəsidir. Hekayədə təhkiyə sona qədər dinamika və intonasiyanı qoruyur. Mətn o qədər sənətkarlıqla yazılıb ki, elə ilk cümlələrdən oxucunu ağuşuna alır, sirli, sehrli dünyaya aparır. İnanclararası konflikti bir ox ətrafında dövr etdirib əridir. Və insan faniliyinin tək gümanı olan inancın nişanəsini dava-şava etmədən qərib qadının saçlarında gizlətməsi, qoruması, Nadirin bu dəyərləri sevməyindən, onlara hörmətindən süzülüb mətnə dönüşməsidir.

Epitetlər, metaforalar yerində, şişirdilmədən, hekayənin hər tərəfininə səpilib. Nadir elə yaşdadır ki, onun mətnləri “dəmyə mətn”lərdir. Göy üzündən damla-damla yağan istedadın nəticəsidir. O hələlik heç bir arxdan “su” gətirib o cümlələri göyərtmir. Kənar təsirlərdən uzaq, arın-arxayın təhkiyədir. “Nina Nikolayevna” hekayəsi müasir Azərbaycan nəsrinin incilərindəndir. Müəllifi canı-dildən təbrik edirəm, uğurlar diləyirəm!

Nargis İsmayılova

Nargiz Ismayilova (Azerbaijan) | ATUNIS GALAXY POETRY

Nadirin hekayəsi axıcılığı ilə seçilir, mövzu baxımından ürək açan deyil. Mənə sovet dövründə yaşayan yaşlı insanların psixiologiyasını xatırlatdı.Bu hekayədə Nadirin yazı tərzi çağdaş dünya ədəbiyyatı estetikasına uyğun gəlmir. Sanki yazar bilərək hekayəni məhəlliləşdirir. Hekayənin obrazı mənə Malena fikmindəki uşağı xatırlatdı. Bu tərz hekayəni daha öncə rəhmətli Rafiq Babayevin kitabında oxumuşdum.

Nazlı Çələbi

Nazlı Çələbinin kitabı təqdim olunacaq

Çox təsirləndim.

Cahil insanlar! Din adı altında başqasını kökündən qoparmağa, məhv etməyə necə də razıdırlar?! Çox qəzəbləndim.

Yazıq qadın. İnsanlar düşünmür ki, dinindən, dilindən, irqindən asılı olmayaraq insan elə insandır. Onun da nəsil ağacına bağlılığı var. Biz müsəlmanıq deyə kimsədən üstün deyilik! Sözə bax hələ: "Sən əlini nəyə vursan murdarlanacaq". Gör insanı necə alçaldır. Murdar dediyin sənin naqis düşüncəndir.

Budağından qoparılan gül, yeni qönçə verərmi? Bəlkə də, naçar qalmış Nina ona görə ana olmadı ki, bu insanların nəsli artmasın.

Fəridə

Bulud sarayı – Fəridədən yeni hekayə

Nadir Yalçının hekayəsini oxudum. Müəllifin adını görməsəm bu hekayəni, yəqin ki, sovet dövrü müəlliflərimizdən biri yazıb kimi düşünərdim.

Həmin illərin ədəbi-bədii estetikası, dili, bəzək-düzəyi. Amma müəllif o dövrdə dini inanc məsələsinə sentimentalcasına da olsa "toxunan" bir hekayəni yaza bilərdimi, bu da ayrı bir problemdir.

Bu hekayə bu gün bizə lazımdırmı? Oxucu olaraq deyim ki, mənə bu cür hekayələr maraqlı gəlmir. Müəllifin çabasını, əziyyətini, xüsusi performans göstərmək, nimdaşlığın arasından boylana bilmək cəhdlərini görürsən, amma bu günün ədəbi hətta sosial mənzərəsində bu əziyyəti çəkməyə dəyərmi?!

Güllü mütəkkələr də, göbəyi atlas döşəkcələr də, "əlhəm"-filan kimi sözlər də bu günün oxucusu üçün həddən artıq uzaq və yad detallardır.

Xüsusi bir dünyəvi ideya, mesaj ötürmüş olsaydı bütün bu iradlarımı müəllifin o mesajına bağışlaya bilərdim.

Amma bu gün gənc bir müəllifin nimdaşlığı belə "bəzəyib-düzəmək" cəhdi mənim üçün maraqlı deyil.

Təvəkgül Boysunar

Vəsvəsə - Təvəkgül Boysunardan yeni hekayə

Hekayədən zövq aldığımı deyə bilmərəm. Çünki Nadirin əsas problemlərindən biri olan Sovet nəsrinin təsirindən çıxa bilməmək bu hekayədə də artıqlamasıyla görsənir.

Nəticədə mətn, hadisə oxucunu inandırmır. Bir qədər süni təəssürat bağışlayır. Həyatdan yox, kitabdan, mütaliədən gəldiyi açıq-aşkar görsənir. Çünki bu dəqiqə Azərbaycanda Nadirin təsvir etdiyi kimi kənd yoxdur, nəinki kənd, bu dəqiqə belə bir Azərbaycan da mövcud deyil. Bu gün hətta Bakıdan hər hansı bir kəndə gəlin aparılması az qala nadir bir hadisə ikən, Rusiyadan rus qızıyla qayıdan bir adamın həmin qızı kəndə gəlin aparması müasir dövrün yox, ancaq Sovet dövrünün hadisəsi kimi görsənir.

Əlbəttə, müasir dövrdə də belə hadisə ola bilər, amma müəllif oxucunu buna inandıra bilməyib. Çünki bu dəqiqə Azərbaycan kəndlərində müsəlman olmayan qıza "kəlmeyi-şəhadət" öyrədən Molla Məmməd yaşamır, yaxud "dirsəklənəndə qolunun altına qoşa zər xaralı döşəkcə atılan, gəzəndə ağır tərpənən, danışanda asta dillənən, başıpapaqlı Sotlanəhməd dayı, Əsəd əmi, Qəşəm kişi" yaşamır, bu kişilər Sovet Azərbaycanının kişiləriydilər və bu kişilərin əvəzinə indi həmin kəndlərdə güzəran dərdindən qocalığını da ikiqat ağır keçirən başqa cür kişilər yaşayır, şəhərli görən kimi elə yoldaca üç-beş manat borc istəyən işsiz-gücsüz adamlar yaşayır.

Yəni, bir sözlə, Nadir, Sovet kəndini təsvir edib. Üstəgəl, bu kənd Nadirin şəxsən nə vaxtsa görüb yaşadığı kənd yox, Sovet nəsri vasitəsiylə kitablardan tanıdığı kənddir.

Hekayədəki din təəssübkeşliyi də müasir dövrün dindən uzaq əhli-kef insanlarıyla səsləşmir.

Ancaq Nadirin istedadı, təbii ki, daha gözəl mətnlər yaratmağa qadirdir. Həm bu hekayədəki poetik əhvali-ruhiyyə, həm də gənc yaşda Nadirin nəsr meydanına atılması, çoxlu müsbət rəy alması bunu təsdiqləyir. İnanıram ki, bir sıra təsirlərdən uzaq durmağı bacarsa, Nadir bu istedadıyla gözəl hekayələr yazacaq.

Həmin təsirlərdən qurtulmaq üçün isə Nadir ilk növbədə Azərbaycan nəsrinin, xüsusən də Sovet nəsrinin mütaliəsini dərhal dayandırmalıdır. Hətta oxuduqlarını da bir müddətlik unutmağa çalışmalıdır.

# 10567 dəfə oxunub

Müəllifin son yazıları

# # #