"Şəxsi yazışmaları icazəsiz paylaşmaq..." - Virtual ədəbsizlik necə yarandı?

"Şəxsi yazışmaları icazəsiz paylaşmaq..."  - Virtual ədəbsizlik necə yarandı?
15 oktyabr 2025
# 10:00

Kulis.az psixiatr Orxan Fərəclinin "Texnoloji ədəb qaydaları" yazısını təqdim edir.

Virtual ədəb nədir?

Tanımadığınız şəxslərə “siz” müraciəti etmək, söz kəsməmək, asqıran zaman ağızı tutmaq, yemək yeyərkən səs çıxarmamağa çalışmaq, yaşlılara ehtiramla yanaşmaq kimi, ümumi ədəb qaydalarını çoxumuz bilir və əməl etməyə çalışırıq. Amma virtual aləmin yeni qaydaları öyrənmək və tətbiq etmək , həyatda bizə öyrədilən ümumi qaydalardan fərqlidir.

Nəyin olar nəyin olmazını valideynlərimiz və ailə böyüklərimiz uşaqlıqdan öyrətdiyi halda virtual aləmdə bunu kontrol edəcək və göz ağardacaq heçkimin olmaması prosesi daha da qəlizləşdirir.

Azca tərbiyə problemi olan uşağa nəzarət mexanizminin olmaması halında problem daha da böyüdüyü kimi, internet məkanında da xüsusi nəzarət mexanizminin olmaması bu şəxslərin özü və ətrafı üçün ciddi təhlükəsizlik və davamlı stress problemləri yarada bilir. Beynəlxalq media resurslarında etik qaydaları tənizmləyən “etiket” sözündən ilhamlanaraq “netiket” sözünü işlətməyə başlayıblar.

Azərbaycan dilində isə buna “virtual ədəb” və həmən bu ədəb qaydalarının pozulmasına isə “virtual ədəbsizlik” deyilməsinin tərəfdarıyam.

İlk virtual ədəbsizlik necə yarandı?

Çox uzaq yox, elə mən uşaq olanda “krosna” antenalarının hələ çox evlərə girmədiyi vaxtlarda insanlar bir – birilə şəhərlərarası telefonla danışmaq üçün zəngi “zakaz” edirdilər. Yəni əvvəlcədən poçta deyirdilər ki, siz bizim qohumumuza zəng edib deyin ki, biz birazdan danışmaq istəyirik, hazır olanda bizi calaşdıracaqlar. Bir növ evinə qonaq gedəcəyin adamın qapısını döyüb ədəblə gözləyirdin.

Bəzən bu və ya daxili telefon danışıqları zamanı “araya düşənlər” olurdu , yəni sən iki telefon əlaqəsi yaradan insanın xəttinə girib onların bütün danışıqlarını dinləyə bilirdin. Zənnimcə, ilk texnoloji ədəbsizlik də məhz elə ordan başladı.

Ünsiyyət vasitələrinin yeni “protokolları”

Yurdum insanının real məkanda əsrlərdir formalaşdırdığı çox sadə, insan şəxsiyyətinə hörmət edən, qarşısındakına nə qədər hörmət etdiyini göstərən ünsiyyət qaydaları var. Bu qaydalar illər ərzində müəyyən dəyişikliyə məruz qalsa da, əsas qayəsi olan qarşılıqlı hörmət prinsipləri heç vaxt pozulmamışdı. Çox təəssüflər olsun ki, texnologiya sərhədsizliyi bu şəxsi sahəyə də öz neqativ toxunuşlarını etdi.

Bu mövzuda bəlkə də ən çox pozulan sahələrdən biri ünsiyyət, telefon sahəsidir desəm, yanılmaram. Məqalədə yazdıqlarımın illərdir şəxsi müşahidlərim əsasında formalaşdırdığım nüanslar olmaqla bərabər həm də ətrafımdakı insanları da narahat edə biləcəyi ehtimalı ilə konkret bəndlər formasında tövsiyyə xarakterli olmasına çalışdım.

• Zənglər: Əvvəlcədən xəbər vermədən görüntülü zəng etmək şəxsi sərhədlərin pozulması kimi qəbul olunur. Bu məsələ nəinki tanımadığınız, hətta dost və qohumlarla da ciddi nəzarət olunacaq məsələdir.

• Səs yazıları: 1–2 dəqiqədən artıq olan uzun səs yazıları qarşı tərəfi çətin vəziyyətdə qoyur. Ən uyğun variant qısa mesajlar və ya əsas məqamları yazmaqdır.

• Ardıcıl şəkil və fayl göndərmək: Özəl söhbətlərdə belə qarşı tərəfin internet trafikini, telefon yaddaşını və zamanını nəzərə almaq vacibdir.

Sosial şəbəkə davranışları

• Şəkillərdə icazə: Başqalarının şəklini onların razılığı olmadan paylaşmaq etik deyil.

• “Tag” və “mention” qaydaları: İnsanları istənilən paylaşıma etiketləmək onların şəxsi sərhədlərinə hörmətsizlik kimi qəbul olunur.

• Onlayn status və oxuma bildirişləri: Kiminsə mesajınızı oxuyub cavab verməməsi, məşhur “iki mavi quş"un görülməsini özünüzə qarşı hörmətsizlik kimi qəbul etməyin, qarşı tərəf həmin vaxtlarda məşğul ola bilər.

Məxfilik və hörmət

• Yazışmaların paylaşılması: Şəxsi yazışmaları icazəsiz paylaşmaq ciddi etik pozuntu hesab edilir.

• Qrup söhbətləri: Gərəksiz bildirişlər, mövzu ilə əlaqəsi olmayan mesajlar qrupdakıların vaxtını alır.

• “Zoom ” görüşlərinin qaydaları: Onlayn görüşlərdə kamera açmaq, fon səs-küyü azaltmaq, vaxtı uzatmamaq – bunlar da müasir qeyri - etik davranışlardandır.

Unutmaq olmaz ki, sizinlə necə davranılmağını istəyirsinizsə, siz də elə davranın.

Bu qızıl qayda internet məkanında da eyni qüvvəsini saxlayır.

# 285 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər