"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar
22 iyun 2026
# 16:39

Bu gün İranın dünyaşöhrətli rejissoru, ssenarist və prodüser Abbas Kiyarüstəminin doğum günüdür.

Kulis.az onun məşhur sitatlarını Sevinc Mürvətqızının təqdimatında təqdim edir.

Bəşəri olmaq üçün öz mədəniyyətinizdə kök salmalısınız.

Zil qaranlıqda belə poeziya hələ də var və o, sizin üçün oradadır.

Mənim üçün artıq tək bir sözlə ifadə olunan kino mümkün deyildi. Bir dalan, çıxılmaza dirənmişdim. Ona görə də geri dönmək barədə düşündüm.

Heç kimə necə yaşamalı olduğu barədə verəcək bir məsləhətim yoxdur.

Avtomobilim mənim ən yaxın dostumdur. Ofisimdir. Evimdir. Çəkiliş meydançamdır. Maşında yanımda kimsə əyləşəndə daxili bir doğmalıq, məhrəmlik hiss edirəm. Biz ən rahat oturacaqlarda əyləşirik, çünki üz-üzə deyil, yan-yana dururuq.

Tez-tez müşahidə edirəm ki, qarşımızda olan şey bir çərçivənin içində olmayınca, ona baxa bilmirik.

Kinozal oturacaqları insanları tənbəlləşdirir. Onlar bütün məlumatın hazır şəkildə özlərinə verilməsini gözləyirlər. Mənim üçün isə sual işarələri həyatın durğu işarələridir.

Mən tamaşaçını zalda yuxuya verən filmlərə üstünlük verirəm. Elə filmlər olub ki, teatrda gözümü mürgülədib, amma eyni filmlər gecələr məni yatlamağa qoymayıb, səhər onlar haqqında düşünərək oyanmışam və həftələrlə beynimdə fırlatmışam.

Həyat təcrübəsi bizə öyrədir ki, aşiq bir insan kimi olmaq daha realdır, çünki bu vəziyyətdə hər şey qeyri-müəyyəndir.

Yaxşı kino inana bildiyimiz, pis kino isə inana bilmədiyimiz kinodur. Sizin gördüyünüz və inandığınız şeylər məni çox maraqlandırır.

Gənc rejissorlarla danışanda görürəm ki, onlar öz filmləri üçün elə bərk narahat olurlar ki, sonda bu narahatlıq yekun işdə özünü büruzə verir və ona can verir. Halbuki, xırdalığına qədər planlaşdırılmış layihələrin son nəticəsinə baxırsan və onun bomboş olduğunu görürsən.

Uşaqlar çox güclü və müstəqil xarakterlərdir, onlar Marlon Brandodan daha maraqlı şeylər ortaya qoya bilərlər. Bəzən onlara rejissorluq etmək və ya nəyisə əmr etmək çox çətin olur.

Kino sizə eyni anda həm baba/nənə, həm də nəvə olmaq imkanı verir, halbuki real həyatda eyni vaxtda hər ikisi ola bilməzsiniz.

Məncə, kişi münasibətə daha bədbin, qadın isə hələ də böyük ümidlərlə baxır.

Doğrudur, özünü tanımağın ən yaxşı yolu özünü fərqli vəziyyətlərə salmaqdır.

Elə illər var idi ki, Hiçkok mənim üçün bir ustad kimi idi, amma indi onun çox süni olduğunu düşünürəm. Filmlərə baxıb onların texniki cəhətdən necə gözəl olduğunu deyə bilərəm, amma heç bir texniki ustalıq məni heyran etmir.

Rejissorlar hər zaman yaratmırlar, onlar həddindən artıq tələblərlə həm də məhv edə bilərlər.

Mən heç vaxt dialoqları tam yazmıram, sadəcə, qeydlər aparıram. Və bu qeydlər tamamilə həmin insan haqqındakı biliklərimə əsaslanır.

Təcrübədən keçirmədiyim heç bir şeyi mövzu kimi axtarmıram. Onu mütləq hiss etməliyəm.

Çəkilişə başlayanda mən personajlarla heç bir məşq etmirəm. Beləliklə, onları özümə tərəf çəkməkdənsə, mən onlara doğru səyahət edirəm; bu, yaratmağa çalışdığım hər şeydən daha çox real insana yaxındır. Beləcə, onlara nəsə verirəm, eyni zamanda onlardan nəsə alıram.

Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir.

Neftimizin bitdiyi gün İranın azad olacağı gündür.

İnsanların mənim filmlərim zamanı yatmasından qətiyyən narahat deyiləm, çünki bilirəm ki, bəzi çox yaxşı filmlər sizi yatmağa, mürgüləməyə hazırlaya bilər. Bunu heç də pis qarşılamaq lazım deyil.

# 119 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər