Səndən sonra dünya mənə çox kiçik görünür - Qalib Şəfahət

Səndən sonra dünya mənə çox kiçik görünür - Qalib Şəfahət
12 dekabr 2023
# 12:20

Kulis.az Qalib Şəfahətin yeni şeirlərini təqdim edir.

Darıxıram

(Anamın əziz xatirəsinə)

Tək olub təklənmişəm
Ana!
Ruhunla danışıram
qorunmaq üçün,
təklikdən, tənhalıqdan,
tənələrdən...
Bezmişəm Ana!
Üzüləndə
əlim göydən,
ayağım yerdən,
boşluqda uçuram,
hər yana baş çəkirəm,
hər tərəfə qaçıram.
Kimi axtarırsan?
-deyirlər,
onda göylərə üz tutub,
göylərə baxıram,
hər dəm, hər an.
Hələ yanına gəlməyə
nə vaxtım yox,
nə də tələsmirəm.
Əlimdə işim çoxdu.
Bəlkə ruhunu
narahat edirəm,
Məni bağışla!
Özündən sonra
Nə bir qardaş,
nə bir bacı,
qoydun mənə.
Arxa olmaq üçün arxamda.
Nə də həyatımın yoldaşı yox,
bel bağlamağa.
Hər şeyi özünlə apardın.
Bləkə də,
təklik mübarizdir deyə.
İndi,
hamı ac it kimi baxır üzümə.
Üzüm yaman sırtılıb,
göylərə baxmaqdan.
Nəyin qalıb bu göy üzündə,
soruşurlar,
hələ dərdimi deyə bilmirəm.
Səndən sonra bir bəhanəm
yoxdur,
səni axtarmağa...
Darıxmaq,
gözlə qaş arasındadır,
gedib gəlmək üçün
Izin istəmişəm,
izin ver demişəm,
Allaha.
Yanında qalmağa.

20.11.23

***
Ana,
səndən sonra
dünya mənə
çox kiçik görünür.
Uşaqlıqda
oynadığım,
top boyda...
Yanında yer
böyüksə,
bir az
yer ayır mənə.

08.11.23

***
Bu ildə
yosunlar
göyərmədi.
Dəniz
köynəksiz,
balıqlar
yeməksiz qaldı.

17. 11. 23

***
Həyat mənə
təzə ayaqqbı
geyinmək kimi
çətin gəlir.
Dabanımdan
vurur.

***
Yaşamaq eşqinə,
yaşamaq gərək.
Heç kəs
səni
əvəz eləmir.

***

Zamanə adam

Zəmanə səni doğa bilmədi,
Sən zamanəni doğub,
Öz qanından, canından
Zamanə yaratdın,
zamənə qurdun.
Artıq budaqları artladın,
lazımsız
qol qanadını qırdın.
Böyütdün, yeritdin,
arxasında durdun.
Arxa oldun,
arxalandı zaman sənə,
Iman sənin, güman sənin oldu.
Sən zamanəyə oxşamadın,
Zamanə sənə oxşadı.
Sifəti ilə, ruhu ilə...
Ruhundan qidalandı,
canından mayalandı.
Səninlə yaşadı,
səninlə qaldı.
Sən onu böyütdün,
Sən onu yedirtdin, içirtdin,
öyüt, nəsiət verdin.
Üzünə ağ olanda qılığına girdin.
Indi ürəklər deyirsən
bizim zamanəmiz
Çox öyrəşdirdin özünə
Sənsiz zəmanə yiyəsiz,
sahibsiz olacaq
Özünü özündən uçuracaq.
Səndən sonra,
qırıq-salxaq zəmanə qalacaq.

23.11.23

Ev tikdin

Ömrümə lağım atdın
Qazdın, mənə ev tikdin.
Nə axtarıdın, nə tapdın?
Yozdun, mənə ev tikdin.

Inandım şirin dilə,
Üzümə gülə-gülə,
Ömrümü pillə-pillə,
Düzdün, mənə ev tikdin.

Keçirdik qarlı qışı,
Islatdı yaz yağışı.
Alnımdakı qırışı
Pozdun mənə ev tikdin.

Nə söz oldu, nə söhbət,
Bitdi o eşq-məhəbbət.
Aramızdan bir sərhət -
Cızdın mənə ev tikdin.

Nə dərd oldun, nə dərman,
Nə haqq oldun, nə fərman.
Hərəmizə bir ünvan,
Yazdın mənə ev tikdin.

Özünə alışdırıb,
Talehlə barışdırıb,
Ağlımı qarışdırıb,
Sözdən mənə ev tikdin.

03.12.23

O qızın sevdası

Əzablarım dözmədi,
Canımın ağrısına.
Kimim var gəlib qala,
Dərdimin qayğısına.

Ömrümü vərəq-vərəq,
Vərəqlədi bu sevgi.
Dost, düşmənin içindən
Soraqladı bu sevgi.

Indi pərəsəng düşüb
Dərdim eşqin əlindən.
Asılıb qalıb elə-
Hər cəfası qəlbimdən.

Unuduram hər şeyi
Hər şey bəhanəm mənim.
O qızın sevdası da
Kəsilib dərdə qənim.

09.12.23.

# 903 dəfə oxunub

Müəllifin son yazıları

# # #