Heykəllər dağlara qaçacaq – Kəramətin şeirləri

Heykəllər dağlara qaçacaq – Kəramətin şeirləri
28 dekabr 2019
# 18:31

Kulis.az 80-ci illərin ən tanınmış imzalarından olan Kəramətin şeirlərini təqdim edir.

***

Səni sevmək
qadağa zonasına girmək
"Tövbə" demədən
Allahın üzünü görmək

Əllərini...
hə, hə, əllərini müqəddəs kitablar kimi
ələ almaqdı.

Sonra nədir?
Bilirsənmi? -
uyurkən, soyuq olmasın deyə
üstünü ehmalca örtməkdi
qarşına çıxanları bağrına basıb öpməkdi

Səni sevmək.
bu mənasız "Həyat"a
məna qatmaqdı.

Heykəllər dağlara qaçacaq

Bəri dur,
qulağına pıçıldayım
Heykəllər bir gün
dağlara qaçacaq
Hamilə gəlinə bənzər qəbirlər
ölüləri doğacaq.

Çiçəkləyən saçların qaralacaq.
Hardan bildim, sorsana
Qızılgül qoxuyur
əlindəki sarımsaq.

Yanar işıldaböcəklər,
sönər işıldaböcəklər

Sevdalı sevdasızım,
"Sevda" dərsi keçilməz
Allahı sonradan qazanmaq olmur
O səndə var, ya da yox
Yanar işıldaböcəklər,
Sönər işıldaböcəklər.

Nəğmələrin qolları
qandal götürməz,
Türmə böyüklərin uşaq bağçası
Uşaqların türməsidir bağçalar
Sonradan azadlıq qazanmaq olmur
Adam azad doğulur
ya da ki, kölə.

Yanar-sönər işıldaböcəklər.

Külqabıya gül qoyursan hələ də
Güldanlara kül tökürsən hələ də
Həyatda haqq aramaq
özü də haqsız işdi
Haqqı da sonradan qazanmaq olmur
Allahı da elə
Sevdanı da elə

Yanar işıldaböcəklər,
Sönər işıldaböcəklər,

Sönər

Mövlud Mövluda

intihar mövsümü bitəcək, əlbət
güllər də solacaq qəbrinin üstdə
göylərin sonuncu mərtəbəsindən
qorxma, at özünü səbrimin üstdə

misralar vərəqdə intihar edir
qızılgül açıbdı asfalt... görürsən
cismi vətəndaşdı, ruhu mühacir
ağlaya-ağlaya nəyə gülürsən?

bircə sığınacaq göz tapammadın
yaxınlar-uzaqlar hüdülədilər.
tutub saxlamağa söz tapammadın
səni uçuruma itələdilər.

baş rolda sənmiydin? "Olum, ya ölüm"
beləcə sonlanır yas tamaşası
səhnədə pərdə də ağ kəfəndimi
süpürgəçi qadın - son tamaşaçı.

***

gedənlərin dalınca
ağ yaylıq yelləməyin
göz yaşı da tökməyin
qara paltar da geyməyin
kitablara, kompüterə, xatirələrə
biri təyyarəylə, birisi gəmylə getdi
vağzal üzlüm, liman gözlüm

belə olur, belədi
özünü aldatma
bu yalan dünyada yalandı hər şey
gəmilər limana çatınca
qatarlar vağzala yetincədi
Quranda da belədi
başdaşı-zad qoyulmaz
torpağın üzü qaradı, somsoyuq
torpaq üzlüm

Saat, nəğmə və sən

Məndə sübh quşları oxuyur
səndə saat neçədi?
səndə pişik miyoltusudu yaz
məndə hərf-hərf, heca-hecadı.

dünən də yordun, qırdın
sabah da yoracaqsan
məni yaxşı tanırsan
sevər yerimdə vuracaqsan

boş ver, özünü yorma
qapım yox, kandarda durma
bilməm, səhər-gecədi
məndə nəğmə çağıdı
səndə saat neçədi?

Belə

O qədər sərxoşam ki...
bilirsən, yıxıla bilərəm
gir qoluma, yabançı

mən, vallahi-billahi
quş ola bilərəm...
dünyadı da, dünyadaşım
tuş ola bilərəm,
sənə də, sənə də

adamdan keçib gedirəm
sən məni yeyirsən,
mən səni içib gedirəm
gir qoluma, yabançı

heç yabançı olmadım
itimə, ağacıma
gir qoluma, yabançı

yeri, yeri, yeri

gedişin gəlişindi
ay yeri, yeri, yeri.
Daldanacaq deyiləm
Day yeri, yeri, yeri.

Ovçu, ovun qanlıdı
baxdım, üzün qanladı
sevgi ikicanlıdı
say, yeri, yeri, yeri.

çiçəyin çırtlayıbdı
at çayı adlayıbdı
"of"un pardaqlayıbdı
"oy", yeri, yeri, yeri

Çiçək qızlar, ipək qarılar

Nə fərqi nəyim oldunuz
Siz yerim, göyüm oldunuz
Çağırdım, "hey-hey"m oldunuz
Çiçək qızlar, ipək qarılar

Həyat beləmi olur
Ömrün yalanı olur
Sizdə qalanı olur
Çiçək qızlar, ipək qarılar.

Dünya sizdən gəlib keçir
Boşalıb, dolub keçir
Cəzbin şərabını içir
Çiçək qızlar, ipək qarılar

Adam məni sevməz ki

Günəşin şüaları
dan üzü qayanı, dağı sevər
hamı uşağı sevər
yerdəkilər
göy qurşağı sevər

yadam, yadam
axı kim yadı sevər
yadam, yadam, yadam, yad
kimsənə yadı sevməz
Adam adamı sevər
Adam məni sevməz ki

Atıb get də, nə olsun
gülə-gülə sevərəm
Nə olsun, öldürginən
ölə-ölə sevərəm.

Ağac sevər, daş sevər
gözlərində yaş sevər
Sevsə, o günəş sevər
Adam məni sevməz ki

# 2402 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #