Britaniyanın "Rolling Stones" rok qrupunun gitaraçısı Kit Riçards pərəstişkarları üçün açıqlama verib.
Kulis.az xəbər verir ki, 82 yaşlı musiqiçinin sözlərini "Uncut" nəşri yayıb.
Riçardsın sözlərinə görə, qrup "Foreign Tongues" adlı yeni albomunun işıq üzü görməsinə baxmayaraq, qastrol səfərlərindən imtina edəcək.
"Səyahətlər adamı taqətdən salır..."
Sənətçi qastrollarla bağlı yaranan vəziyyəti bu cür izah edib:
"Bilmirəm, qastrollar bizim üçün artıq mümkündürmü? Səyahətlər adamı tamamilə taqətdən salır. Hətta bu yaşda belə, bütün bunlar hələ də bir qədər heyrətləndiricidir".
Bununla belə, o, qrupun paytaxtlardan birində xüsusi bir konsert verə biləcəyini istisna etməyib. Riçards əlavə edib ki, nə qədər gücü çatırsa və bacarırsa, "Rolling Stones"da ifa etməyə davam edəcək.
Qrup daxilində fikir ayrılığı: Cagger səhnəyə can atır
Maraqlıdır ki, Kit Riçardsın bu bədbin açıqlaması qrupun lideri Mik Caggerin mövqeyi ilə ziddiyyət təşkil edir. Belə ki, Cagger bu yaxınlarda verdiyi müsahibə zamanı "Rolling Stones"la yenidən qastrol səfərinə çıxmağı səbirsizliklə gözlədiyini xüsusi vurğulamışdı.
Xatırladaq ki, bir müddət əvvəl Mik Cagger "Beatles" və "Rolling Stones" qrupları arasında uzun illərdir davam edən rəqabət və düşmənçilik iddialarına da son qoyaraq yayılan şayiələri təkzib etmişdi.