Rasim Balayev: “Prezidentlə görüşmək şərəfdir”

Rasim Balayev:  “Prezidentlə görüşmək şərəfdir”
9 avqust 2023
# 18:19

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib.

Kulis.az xəbər verir ki, 75 yaşlı sənətkar Prezidentlə yadda qalan, səmimi görüşündən təəssüratlarını bölüşüb.

“Mən qəhrəman deyiləm, yalnız qəhrəmanları oynamışam. Prezidentlə görüşmək şərəfdir. Çox sağ olsun ki, işinin çox və sıx qrafikinin olduğu bir zamanda mənə diqqətini ayırdı. Prezident mənim təvazökar əməyimə yüksək qiymət verdi. Cənab Prezidentə təşəkkürümü bildirirəm. “İstiqlal” ordeni böyük iş və addır. Mən bundan sonra qalan ömrümü elə yaşayacağam ki, bu ordenə layiq olsun”.

Rasim Balayev Vətən müharibəsi haqqında sənət əsərlərinin ərsəyə gətirilməsinin vacib olduğunu vurğulayıb:

“Mən Cənab Prezidentə də dedim. Bu gün Azərbaycan kinosunun vəziyyəti o qədər də ürəkaçan deyil, amma biz borcluyuq ki, yaxın keçmişimizdəki yaşanan 44 günlük qələbəmizi, şəhidlərimizin, qəhrəman qazilərimizin obrazlarını ekrana gətirək. Əminəm ki, Azərbaycan kinosunun tənəzzül dövrü bitəcək, layiqli ekran əsərləri yenidən tamaşaçını sevindirəcək”. Qeyd edək ki, R. Balayev “İstiqlal” ordeninə qədər 1998-ci il avqustun 7-də “Şöhrət”, 2018-ci il avqustun 1-də “Şərəf” ordenləri ilə təltif edilib.

# 1059 dəfə oxunub

Müəllifin son yazıları

# # #