“Qobustan” sənət toplusunun qış sayı işıq üzü görüb.
Kulis.az xəbər verir ki, «Qobustan» sənət toplusunun qış sayı çapdan çıxıb. Dərginin baş məqaləsinin müəllifi, Xalq yazıçısı Anar Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr etdiyi «Nida işarəsindən dəmir yumruğa» essesində Müzəffər Ali Baş Komandanın Azərbaycan xalqı qarşısında xidmətlərini, böyük Qarabağ zəfərinə aparan ömür yolunu təhlil edib.
Həmçinin bu sayda sənətin müxtəlif sahələrinə aid araşdırma yazıları, esse və məqalələr, müsahibələr yer alıb.
- Görkəmli alim Vilayət Quliyev « Xəlil Musayev - Molla Nəsrəddinçi rəssam» məqaləsində ölkəmizdə az tanınan, amma sənət tariximizdə özünəməxsus yer tutan karikaturçu rəssam Xəlil Musayevin film kimi həyat və yaradıcılıq hekayəsini təqdim edir.
- Akademik İsa Həbibbəyli «Kamançanın insanlıq dərsləri» məqaləsində Ağacəbrayıl Abasəliyevin yaradıcılıq yoluna, bu qədim alətin fəlsəfəsinə nəzər salır...
- Avropada yaşayan yazıçı-esseist Vahid Qazi «ABBA ilə Stokholmdan Ağdama» essesində məşhur qrupun unudulmaz mahnıları ilə öz yaddaşına səyahət edir.
- Xalq artisti, rejissor Ramiz Həsənoğlunun 75 illik yubileyi dərgi səhifələrində Pərvinin yazısı ilə qeyd olunur...
- Pərviz Seyidli Anarın «Təhminənin sirri» hekayəsindən təsirlənib ədəbiyyatımızın Qadın simvoluna aid düşüncələrini bölüşür.
- Gənc şair-esseist Ramil Əhməd şəhərlər rubrikasını İstanbul yazısı ilə davam etdirir.
- Ülvi Bahadır musiqinin insan ovqatına, psixologiyasına, düşüncə və tərbiyəsinə təsirini müxtəlif nəzəriyyələrin əsasında incələyir.
- Teatrşünas Dağlar Yusif «Özünə qapanmış dünyanı oxumaq:İşarə» essesində postmodern teatrda işarələr sistemini anlatmağa çalışır...
- Narıngül Nadir dərginin rəngli səhifələrində Sənətin Məcnunu – Səttar Bəhlulzadənin ev muzeyinə aid təəssüratlarını bölüşür.
- Dərginin rəngli səhifələrində başqa bir istedadlı gənc rəssam Əsra Rəfibəylinin qeyri-adi əl işləri və müsahibəsi yer alıb.
- UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilmiş Lənkəranın sirrlərindən, mədəni və tarixi keçmişindən Xatirə Xatun danışır.
- Xalq artisti Həmidə Ömərova dərginin əməkdaşı Esmira Nəzərli ilə söhbətində həyat və yaradıcılıq yolunu yada salır...
- Şair, bir vaxt «Qobustan»ın baş redaktoru olmuş Ələkbər Salahzadə qış sayında qızı Aydanın məqaləsi ilə hörmətlə anılır...
- Aynur Hilali «İlkinliyin dəyişməz çöhrəsi» məqaləsində meydan tamaşalarının tarixinə nəzər salır...
- Zülfiyyə Qəniyevanın "Qurama"sında kiçik, amma maraqlı faktlar yer alıb.
Dərgini AYB-nin 4-cü mərtəbəsindən, “Qobustan”ın redaksiyasından əldə edə bilərsiniz.