Qan içində boğulan dini müharibələr - Artur Rembo

Qan içində boğulan dini müharibələr - Artur Rembo
8 iyul 2026
# 15:03

Kulis.az görkəmli fransız şair Artur Rembonun "Söz kimyagəri" şeirini təqdim edir.

Bir az özüm haqqında.

İndiyəcən uğradığım dəliliklərinin yalnız bircəsinin tarixi…

Lap çoxdan dünyanın bütün mənbələrini

özümdə cəmləşdirməyimlə fəxr edirdim

və çağdaş rəssamlıqla poeziyanın

ən məşhur örnəkləri məndə gülüş doğururdu.

Qapıların üstündən asılan səfehcəsinə çəkilmiş şəkillərdən,

avara komediantların divarlarındakı afişa

və dekorlarından ləzzət alırdım;

moddan düşmüş ədəbiyyat,

yalnız kilsədə “yaşayan” latın dili,

bisavad müəlliflərin qələmə aldığı

erotik romanlar,

sehrli nağıllar,

əcdadlarımızın keçmişinə ayna tutan nəsr əsərləri,

xırda uşaq kitabları,

əski operalar,

səfeh nəqarətlər,

sadəlövh ritmlər… məni çəkən bunlar idi…

Səlib yürüşləri,

izi-tozuyla birgə qeybə çəkilən ekspedisiyalar,

tarixsiz – quru yerdə qurulan respublikalar,

qan içində boğulan dini müharibələr,

kökündən dəyişən adətlər, insanların köçəri həyatı,

qitələrin iqlimcə bir-birinə qarışması…

bunların sadəcə adı gələndə uçunurdum.

Bütün bu möcüzələrə mən cani-dildən inanırdım.

Mən saitlərin rəngini uydurdum:

A – qaradır, E-ağ, İ-qırmızı, O-mavi,

U isə yaşıldı.

Mən hər bri sait üçün ayrıca hərəkət

və forma müəyyənləşdirdim

və bu hərəkət edən ritmlərin üstündə,

mənə elə gəlirdi ki,

poeziyanın əsas qanununu kəşf etmişəm – demək,

bir gün tez, ya bir gün gec

insan hislərinin bütün mövcud rənglərini üzə çıxaracam.

Əvvəl-əvvəl bu bir məşq idi.

Məşq edə-edə mən sükutun da,

gecələrin də səsini “yazırdım”.

Mən ifadəsi mümkün olmayan şeylərin ifadəsinə çalışırdım.

Başım gicəllənə-gicəllənə dünyadakı bütün “başgicəllənmələri” qeydiyyatdan keçirdim.

Fransız dilindən tərcümə: Cavanşir Yusifli

# 324 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər