Azərbaycan 29 may – 1 iyun tarixlərində Tbilisidə “Expo Georgia” mərkəzində keçiriləcək XXVII Beynəlxalq Kitab Festivalında milli stendlə təmsil olunacaq.
Kulis.az xəbər verir ki, stenddə Azərbaycan haqqında yeni nəşr olunan kitablar nümayiş etdiriləcək, tədbir iştirakçılarına ölkəmizin tarixi və mədəniyyəti barədə məlumatlar veriləcək.
Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin də qatılacağı beynəlxalq tədbirdə görkəmli yazıçı Mir Cəlal Paşayevin gürcü dilində nəşr olunmuş “Bir gəncin manifesti” kitabının təqdimat mərasimi də keçiriləcək.
Nümayəndə heyətinin Gürcüstana səfəri çərçivəsində qonşu ölkənin Milli Parlament Kitabxanasında Azərbaycan Ədəbiyyatı Guşəsinin açılış mərasimi də baş tutacaq.
Qeyd edək ki, Tbilisi Beynəlxalq Kitab Festivalı 1998-ci ildən keçirilir, məqsədi Gürcüstanda mütaliənin təbliği və nəşriyyat sektorunun inkişafını dəstəkləməkdir.