“Ögey ana” filminin canlı şahidi: "Bütün təhlükəli səhnələri mən canlandırmışam"

“Ögey ana” filminin canlı şahidi:  "Bütün təhlükəli səhnələri mən canlandırmışam"
20 fevral 2024
# 18:20

"Əslində, İsmayıl rolunda tam başqa biri oynamalı idi, səhv etmirəmsə, rejissorun da qohumu idi. Nədənsə Həbib İsmayılov onu yox, Ceyhunun oyun tərzini bəyəndi. O, sadəcə, o biri uşağın məşqlərinə baxırdı. Həbib müəllim yəqin hiss edib ki, əsl İsmayıl Ceyhundur".

Kulis.az xəbər verir ki, bu sözləri moderator.az-a "Ögey ana" filminin canlı şahidi İsmayıllı rayonu Qalacıq kənd sakini Vaqif Babayev deyib.

O, filmdə Ceyhun Mirzəyevin dubyoru olduğunu qeyd edib:

“1957 və 1958-ci illər idi... “Ögey ana” filmini iki ilə çəkdilər. Həbib İsmayılov rejissor idi. 11 yaşım var idi. Məktəbə gəldi və uşaqların arasından məni seçdi. Xarici görünüş baxımından Ceyhuna (İsmayıl obrazına) oxşayırdım. Sual verdi ki, sən at sürməyi bacarırsan?! Dedim ki, əlbəttə. Bizim də həyətimizdə həmişə at olub. Atam da baytar həkim idi. Filmdə İsmayılın təhlükəli səhnələrini, həmçinin, at çapmaqlarını mən canlandırmışam. İsmayılın dublyoru idim. Məni onun kimi geyindirib-kecindirmişdilər, başımdakı papaq da onun papağından idi. Ceyhun Mirzəyev də çox çevik uşaq idi. Əslində, İsmayıl rolunda tam başqa biri oynamalı idi, səhv etmirəmsə, rejissorun da qohumu idi. Nədənsə Həbib İsmayılov onu yox, Ceyhunun oyun tərzini bəyəndi. Ceyhun, sadəcə, o uşağın məşqlərinə baxırdı. Həbib müəllim yəqin hiss edib ki, əsl İsmayıl Ceyhundur. Ceyhun çox səmimi, mehriban uşaq idi. Bir səhnə də var, mən tövlədən atı çıxarıb onun üstünə tullanmalı idim. Bunu mən bacarmırdım. At getdi və qəfil dayandı. Yerə yıxıldım. Ceyhunun anası təşvişlə üstümə qaçdı. Qadın az qalmışdı, şok olsun. Ceyhun da cibindən peçenye çıxarıb mənə verdi. 2 il film çəkildi. Qalacıq kəndi yayda da, yazda da soyuq olur. Nəcibə Məlikova kənddə qaçırdı, biz uşaqlar da arxasınca qaçırdıq. Çox pis vəziyyətdə yerə yıxıldı. Arxaya yıxıldı ki, üzü zədələnməsin. Yenidən ayaqlarını təmizləyib çəkilişlərə davam etdi. Xatırlayırsınızsa, filmdə bir körpü göstərirlər. Axşam vaxtı, yağışlı bir gündə Nəcibə xanım o körpü ilə gedir. O kənddə balaca bir körpüdür. Operator onu altdan çəkib, elə hiss olunur ki, körpü böyükdür. Bütün texnika Qalacıq kəndində idi. O vaxt gəlib mina qoydular, qayalıqları partlatdılar, yolu genişləndirdilər. Kənd uşaqlarının kinoya həvəsi böyük idi. Maket evlər də var idi. İstəyəndə də söküb aparırdılar. Bu filmin sayəsində İsmayıllı rayonu Qalacıq kəndinin də nüfuzu artdı”.

Vaqif Babayevin filmin kollektivi ilə mehriban münasibəti olub:

“Rejissor mənə yaxşı qonorar da ödəmişdi. Birinci il 65 manat, ikinci il isə 45 manata yaxın qonorar vermişdi. Yeyib-içmək də onlarlıq idi. Nəcibə Məlikova, Nəsibə Zeynalova, Ələsgər Ələkbərov və s. sənətkarlarla mehriban münasibətdə idik. Bir xatirəm də var. Anam südlü plov hazırlamışdı. Nəcibə xanımı qonaq çağırdıq, evimizə gəldi. Çox mehriban xanım idi. Biz Ceyhunla filmə görə görüşürdük. Sonra münasibətimiz olmadı, yalandan deyə bilmərəm ki, böyüyəndə də görüşmüşük. İndi o vaxtkı kimi film çəkmirlər. “Ögey ana” filmi ən ibrətamiz, ən duyğusal filmdir. Mənə ən təsir edən səhnə İsmayılın ögey anasına "ana" deməsi səhnəsidir. Yay ayında sizi Qalacıq kəndinə dəvət edəcəm. Dörd tərəfi dağlarla əhatə olunub, iki tərəfindən çay axır. Respublikada yeganə belə kənd var. Hazırda 78 yaşım var”.

# 1178 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #