"Birlikdə xoşbəxt" serialının ssenaristi Stanislav Berestovoy "Dom-2" realiti-şousunun keçmiş iştirakçısı Dmitri Lukinin qətlində təqsirli bilinib.
Kulis.az xəbər verir ki, bu barədə "112" teleqram kanalı andlı iclasçılar kollegiyasının qərarına istinadən məlumat yayıb.
Məlumata görə, hadisə 14 aprel 2025-ci il gecəsi baş verib. Dostluq münasibətləri olan iki şəxs Moskvanın Şyolkovo şossesindəki evdə birlikdə spirtli içki qəbul ediblər. Söhbət əsnasında mübahisə yaranıb və davaya çevrilib. Dava zamanı ssenarist "Dom-2" ulduzuna ardıcıl olaraq 91 bıçaq zərbəsi endirib.
Stanislav Berestovoy məhkəmədə Dmitri Lukinin ona hücum etdiyini iddia edib. Onun sözlərinə görə, dostunun aldığı araq şüşəsini mətbəx çanağına tökmək qərarına gəlib. Bu zaman telelayihə iştirakçısı əsəbiləşərək ona ilk zərbəni endirib və bıçağa əl atıb.
Ssenarist hadisə anını belə xatırlayıb:
"O, "öldürəcəyəm" deyərək zombi kimi üstümə gəlirdi".
Ssenarist baş verənlərin sadəcə özünümüdafiə olduğunu israr etsə də, andlı iclasçılar onun qəsdən adam öldürmədə günahkar olduğu qənaətinə gəliblər.
Berestovoy məhkəmədə 91 bıçaq zərbəsi vurmasını bu cür izah etməyə çalışıb:
"Qarşındakı adamı dayandırmaq üçün əlini yelləyəndə heç nə düşünmürsən. Mən bıçağı yelləyərkən sadəcə qorunurdum və bu təlaş nəticəsində bu qədər zərbə alındı".