Mingəçevir Dövlət Universiteti (MDU) və Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər təşkilatlarının birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi İli”nə həsr olunan bədii qiraət müsabiqəsi keçirilib.
Kulis.az xəbər verir ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan tədbirdə hər iki universitetin əməkdaşları, tələbə və magistrantları iştirak ediblər.
MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Svetlana Nəsiblinin aparıcılığı ilə keçirilən virtual bədii qiraət müsabiqəsində münsiflər heyətinin tərkibində universitetin akademik heyət üzvlərindən Günel Yunusova, Səadət Ağakişiyeva və Səbinə Novruzova yer alıblar.
Bildirilib ki, Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin mədəni irsinin təbliğinə töhfə vermək məqsədi daşıyan birgə bədii qiraət müsabiqəsinin, əvvəlcə MDU tələbələri, növbəti dəfə isə BDU tələbələri arasında keçirilməsi nəzərdə tutulub.
Sonra MDU-nun Pedaqoji, İqtisadiyyat və idarəetmə fakültələrinin tələbələrinin ifasında Nizami əsərlərindən müxtəlif parçalar və qəzəllər səsləndirilib.
Münsiflər tərəfindən tələbələrin müvafiq qaydada qiymətləndirilməsindən sonra qaliblər müəyyən olunub. MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Nihad Cəfərli birinci, Pedaqoji fakültənin tələbələri Elnarə Hüseynova ikinci, Xədicə Namətova isə 3-cü yerə layiq görülüblər.
Sonda çıxış edən hər iki universitetin əməkdaşları qalibləri təbrik edib, əbədiyaşar şair Nizami Gəncəvinin xalqımızın mədəni sərvətinə çevrilən əsərlərinin gənclər arasında təbliğinin önəmindən danışıb və bu məqsədlə həyata keçirilən birgə tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar olaraq, MDU-da tərəfdaş universitetlərlə birlikdə dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş müxtəlif formatlı tədbirlər həyata keçirilib.