Nazim Hikmətin irsinə həsr olunmuş ən böyük sərgi açılır

Nazim Hikmətin irsinə həsr olunmuş ən böyük sərgi açılır
20 avqust 2026
# 16:30

Türkiyənin İzmir şəhəri görkəmli şair Nazim Hikmət Ranın zəngin həyatını və yaradıcılığını əks etdirən genişmiqyaslı sərgiyə ev sahibliyi etməyə hazırlaşır.

Kulis.az "Euronews"a istinadən xəbər verir ki, "ROMANTİKA / Bir ömrün seyrü-səfəri" adlı sərgi 5 sentyabr tarixində 95-ci İzmir Beynəlxalq Yarmarkası çərçivəsində "Kültürpark Atlas" pavilyonunda qapılarını ziyarətçilərə açacaq.

İzmir Böyükşəhər Bələdiyyəsinin dəstəyi və "Folkart" şirkətinin təşkilatçılığı ilə ərsəyə gələn bu layihə şairə həsr olunmuş ən əhatəli ekspozisiyalardan biri hesab edilir.

Sərginin kuratorluğunu araşdırmaçı M. Melih Günəş, bədii dizaynını isə Dosent Ömər Durmaz həyata keçirib.

Ümumi sahəsi 2 min 125 kvadratmetr olan və 15 salondan ibarət məkanda Türkiyə və xarici arxivlərdən toplanmış yüzlərlə sənəd, əlyazma və şəxsi əşyalar nümayiş olunacaq.

Ekspozisiyada ədəbiyyat, heykəltaraşlıq, fotoşəkil və kino kimi fərqli sahələrlə yanaşı, Nazim Hikmətin şəxsən çəkdiyi rəsmlər də yer alacaq.

Sərginin adı şairin İzmirdə başlayıb bitən "Yaşamaq gözəl şeydir, qardaşım" adlı avtobioqrafik romanı üçün əvvəlcə düşündüyü ilk addan götürülüb.

Təşkilatçılar bu sərgi vasitəsilə şairin təkcə keçmişini deyil, həm də onun bu gün yaşayan düşüncə və fəlsəfəsini gənc nəsillərə çatdırmağı qarşıya məqsəd qoyublar.

Layihənin ərsəyə gəlməsinə Rusiya Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, Nazim Hikmət Vəqfi və Ara Güler Mərkəzi kimi nüfuzlu qurumlar mühüm töhfə verib.

Ziyarətçilər ədəbiyyat tarixinə işıq salacaq bu möhtəşəm sərgi ilə 15 yanvar 2027-ci il tarixinədək tanış ola biləcəklər.

# 89 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər