Müğənni Eldar: "Azərbaycanda gənclik mentalitetin əsiridir” – Müsahibə

Müğənni Eldar: "Azərbaycanda gənclik mentalitetin əsiridir” – Müsahibə
2 fevral 2021
# 14:07

1997-ci ildən bəri hər il fevralın 2-si Azərbaycanda “Gənclər günü” kimi qeyd edilir. Kulis.az bu münasibətlə Azərbaycanda gənc yaşda çox əhəmiyyətli uğura imza atan - 2012-ci ildə Azərbaycanı Avroviziya yarışmasında qalib edən müğənni Eldar Qasımovla müsahibəni təqdim edir.

- Eldar əvvəlcə səni Gənclər Günü münasibətilə təbrik edirik. Gənclik sənin üçün nəyi ifadə edir?

- Bu çox qlobal bir sualdır. Ümumiyyətlə hər bir fəslin, hər bir yaşın öz gözəlliyi var. Əlbəttə, gənclikdə fürsətlər daha çox olduğu üçün insanın həyatının bu dövrü daha çox əhəmiyyət kəsb edir. Xüsusilə də mənim peşəmdə. Bilirsən ki, səhnə gəncliyi, gözəlliyi sevir. Bu, artıq qızıl qaydadır. Amma mən belə düşünürəm ki, insan hansı yaşda olmasından asılı olmayaraq öz qəlbi, daxili dünyası ilə ahəngdə olanda əlini atdığı hər iş istənilən zaman onda alınır. Yəni, fiziki anlamda gənc olmaq yetərli deyil. Ruhən də gənc olmağı bacarmalısan.

- Musa Yaqubun bir misrası var: “Eləmədiklərim yandırar məni”. Sənə bu misranı xatırladan məqamlar olurmu?

- Hamının keçmişə baxanda məyus olduğu məqamlar var. Yaş irəlilədikcə “o vaxt kaş bunu edərdim” dediyim hallar olur. Məsələn, Avroviziyada qalib olanda 21 yaşım var idi. O vaxt bəzi fürsətlər çıxdı qarşıma, istifadə etmədim, dəyərləndirmədim. İndiki ağlım olsaydı başqa cür edərdim. Amma bu, olub keçib. Avroviziya mənim gənc yaşda qazandığım ilk və əhəmiyyətli bir uğur idi.

- Gənc yaşda uğur, şöhrət əldə etməyin təməl prinsipi varmı, yoxsa şans, tale işidir?

- Əksər hallarda insanlar çalışırlar ki, uğuru şansa, taleyə yozsunlar. Taleyin, şansın rolu, əlbəttə, var. Amma uğura aparan yolun təməlində əsas prinsip zəhmətdir. Fərq etməz hansı peşədəsən... Başını aşağı salıb öz işi ilə məşğul olan insanlar uğur qazanır hər zaman. Mən özümü arı kimi çalışan gənclərdən hesab edirəm.

- Gənc yaşda məşhur olan insanlar müsahibələrində tez-tez sadə insanların həyat tərzinə həsəd apardıqlarını deyirlər. Səndə olurmu belə hallar?

- Mən uşaqlıqdan buna hazır idim. Çünki məşhur ailədə doğulub böyümüşəm. Uşaqlıqdan səhnəyə, işıqlara, kameralara, jurnalistlərə alışmışam. Mən də tez-tez belə müsahibələr oxuyuram. Ulduzlar adi uşaq, gənc həyatını yaşamaq istədiklərini deyirlər. Əlbəttə, mən də bunu istəmişəm. Gənc yaşda məşhur olmağın mənim üçün avantajı ondan ibarətdir ki, bu yaşda mənim artıq çox əhəmiyyətli əlaqələrim yarandı. Müsabiqənin bunda təbii ki, çox böyük rolu oldu. Bu gün mən heç bir maneçilik olmadan öz mahnılarımı, sənətimi böyük insan kütləsinə çatdıra bilirəm. Dezavantajı ondan ibarətdir ki, hərdən mən də istəyirəm rahat şəkildə marketə düşüm, şıltaqlıq edim. Məşhurluq buna mane olur. Çünki mən məşhur insanam, ictimai şəxsəm və atdığım hər addımla gənclərə örnək oluram. Bu məsuliyyəti dərk etdiyim üçün özümü sıxmağa məcburam.

- Məncə, sən kifayət qədər sərbəst sənətçilərdənsən. Necə düşünürsən, hərəkətlərinlə yaxşı örnək ola bilirsən?

- Pis örnək olmadığımı düşünürəm (gülür). Əlbəttə, hər kəsi mənim yolumla getməyə dəvət etmirəm. Ümumiyyətlə, Azərbaycanda gənclərdən onu istəyirəm ki, yaxşıya da baxsınlar, pisə də, amma ən yaxşı xüsusiyyətləri seçib mənimsəsinlər, özlərini böyüdüb tərbiyə etsinlər.

- Dünyanın bir çox ölkələrində olmusan. Gördüyün ölkələrdəki gəncliklə Azərbaycandakı gənclik arasında müqayisə aparanda hansı nəticəyə gəlirsən?

- Fərqli olmağına fərqlidir. Həm Avropa gənclərinin, həm Azərbaycan gənclərinin mənim üçün doğma xüsusiyyətləri var. Avropada gənclər daha sərbəstdir, daha müstəqildir. Azərbaycanda gənclik nənə-babalarımızın bizə miras qoyduğu bəzi gərəksiz mentalitetin əsirinə çevrilib. Bu gün bu mentalitetə uyğun yaşamaqdan imtina etmək o demək deyil ki, sən əxlaqsız və tərbiyəsizsən. Artıq Azərbaycanda da gənclərin düşüncə sərbəstliyi olmalıdır. Ailələr gəncləri həm peşə seçmək, həm ailə qurmaq qərarlarında sərbəst buraxmalı, onları çərçivəyə salmaqdan imtina etməlidir. Amma bizdə elə adət-ənənələr var ki, mənim çox xoşuma gəlir və bu kübarlığı Avropa gənclərində görməmişəm. Məsələn, avtobusda böyüklərə yer vermək... Bu, çox yaxşıdır.

- Gənclərə arzun və tövsiyən?

- Mən gənclikdən yavaş-yavaş uzaqlaşıram. 33 yaşım var artıq. Gəncliklə vidalaşmağıma iki il qalıb (gülür). Ona görə də düşünürəm tövsiyə verə bilərəm. Mən ilk növbədə hər bir gənc dostumuzu ürəkdən təbrik edirəm. Ancaq 2 fevralda yox, gənclər hər günlərini yaxşı işlərə sərf edib özlərini təkmilləşdirsinlər. Bu il Vətən müharibəsi gördük. Şanlı qələbə yaşadıq. Bu qələbəni bizə gənc yaşda vətən uğrunda canını qurban verən şəhidlərimiz bəxş etdi. Şəhidlərimizin böyük qismi gənclərdən ibarətdir. Bizim gözümüzün qabağında görün necə gözəl bir nümunə var. Bu insanlar biz gözəl firavan gələcək quraq deyə öz canlarından keçiblər.

Biz də gərək gənc şəhidlərimizin xatirəsinə sayğı olaraq hər gün həyatımızı daha gözəl edək ki, onların ruhu şad olsun.

# 2724 dəfə oxunub

Müəllifin son yazıları

# # #