Musiqi və incəsənət məktəblərinə qəbul elektron qaydada aparılacaq

Musiqi və incəsənət məktəblərinə qəbul elektron qaydada aparılacaq
26 aprel 2024
# 12:00

Mayın 6-dan 31-dək Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu ilk dəfə olaraq my.culture.az vahid şəxsi kabinet vasitəsilə aparılacaq.

Kulis.az xəbər verir ki, bununla da təhsilalanlar əlavə vaxt sərf etmədən və təhsil müəssisələrinə getmədən şəxsi kabinet üzərindən qeyd olunan xidmətdən yararlana biləcəklər. Bu da vətəndaş məmnuniyyəti, şəffaf və çevik ünsiyyətin təmin edilməsində önəmli rol oynayacaq.

Təhsilalanın müraciətinin nəticəsi, habelə imtahanın vaxtı və yeri ilə bağlı namizədin şəxsi kabinet və elektron poçt ünvanına bildiriş göndəriləcək.

Qeydiyyatdan uğurla keçmiş namizədlər iyunun 5-dən 15-dək əyani şəkildə keçiriləcək qəbul imtahanlarında iştirak edə biləcəklər. Bütün imtahanlar yekunlaşdıqdan sonrakı 3 gün ərzində namizədin şəxsi kabinetinə nəticəyə dair bildiriş göndəriləcək. Uğur qazanmış təhsilalanlar 3 gün müddətində sistem üzərindən təhsil alacaqlarını təsdiq etməlidirlər.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərində tədrisin müasir tələblərə uyğun qurulması istiqamətində sistemli iş aparılır.

# 310 dəfə oxunub

Müəllifin son yazıları

# # #