"Molla Nəsrəddin" – 116 yaş

"Molla Nəsrəddin" – 116 yaş
7 aprel 2022
# 18:10

Bu gün “Molla Nəsrəddin” jurnalının doğum günüdür.

"Molla Nəsrəddin" jurnalının çapından 116 il ötür.

Jurnalın ilk nömrəsi 1906-cı ildə 7 Apreldə buraxılıb.

“Molla Nəsrəddin” Azərbaycanda çap olunan ilk şəkilli satirik jurnaldır. Təsisçiləri Ömər Faiq Nemanzadə və maarifpərvər tacir Məşədi Ələsgər Bağırzadə, müdiri və baş redaktoru Mirzə Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.

Həmidə xanım Məmmədquluzadə “Mirzə Cəlil haqqında xatirələrim” kitabında yazır:

Cəlil Məmmədquluzadə Təbrizdə “Molla Nəsrəddin” jurnalının səkkiz nömrəsini buraxdı.

O, jurnal üçün icazəni çətinliklə aldı, belə ki, hakim dairələr jurnalın fars dilində çap edilməsini tələb edirdilər.

Buna görə də valiyə son dərəcə ironik bir təklif verdi: “Təbriz şəhərində dörd erməni qəzeti nəşr edilir. Mən erməni dilini bilirəm. İndi ki, belə oldu, icazə verin jurnalı erməni dilində çap edim”.

(Nehrəm kəndində müəllim olarkən Cəlil Məmmədquluzadə müəllim yoldaşı Tiqran Sumbatyandan erməni dilini öyrənmiş, əvəzində də ona Azərbaycan dilini öyrətmişdir).

Bu sözlərin qarşısında deməyə söz tapmayan vali axırda güzəştə getməyə razı olur.

Onun təklifi ilə jurnalın baş məqaləsi fars dilində, qalan məqalələri isə Azərbaycan dilində olacaqdı.

Cəlil Məmmədquluzadə bu təklifi də qəbul etmək istəmirdi.

Lakin onunla valinin görüşünü təşkil edən dostu Əbülfət Ələvi Cəlil Məmmədquluzadəni dilə tutdu və fars dilində olan baş məqalələri özü yazacağına söz verdi”.

Məşhur satirik jurnaldan bir hissəni təqdim edirik.

“Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: “Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər”.

Ey mənim müsəlman qardaşlarım! Zəmani ki, məndən bir gülməli söz eşidib, ağzınızı göyə açıb və gözlərinizi yumub, o qədər “xa-xa!..” edib güldünüz ki, az qaldı bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəklərinizlə üz-gözünüzü silib, “lənət şeytana!” dediniz, o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz.

Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqətlə baxınız camalınıza”.

# 1962 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #