"Mixaylo"nu qəbirdən niyə oğurladılar? - Mehdi Hüseynzadədən maraqlı faktlar

Mehdi Hüseynzadə

Mehdi Hüseynzadə

3 avqust 2022
# 21:00

Kulis.az haqqında çoxlu əsərlər yazılmış, filmlər çəkilmiş, leytenant, azərbaycanlı partizan, İkinci Dünya müharibəsi dövründə kəşfiyyat-təxribat qrupun rəhbəri, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə haqqında maraqlı faktları təqdim edir.


Mehdi Hənifə oğlu Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olub. Atası Hənifə Hüseynov “Hümmət” təşkilatının üzvü, Azərbaycanda Sovet rejiminin qurulması üçün çalışan fəal döyüşçülərdən olub. Daha sonra o, Azərbaycan milisinin rəisi olub, ölkə ərazisində banditizmə qarşı mübarizə aparıb, həyatının sonlarına yaxın Bakı Sovetinin inzibati şöbəsində müdir işləyib.

***

Erkən yaşda atasını itirən Mehdi əvvəl anası, sonra isə bibisi tərəfindən böyüdülür. Mehdi 19 saylı orta məktəbini bitirib. Onun ilk müəllimi bəstəkar Səid Rüstəmov olub. 1932-ci ildə o, orta məktəbi bitirərək Bakı Rəssamlıq məktəbinə daxil olur. Burada o, Kazım Kazımzadə, Əsgər Abbasov, Əli Zeynalov, Mürsəl Nəcəfov ilə birlikdə oxuyur. Məktəbi bitirdikdən sonra Mehdi Suraxanıda ibtidai məktəblərdən birinə müəllim kimi göndərilir. O, burada bir neçə ay işləyir. Bununla yanaşı o, Abbas Səhhət adına kitabxanada oxu zalının rəhbəri kimi də fəaliyyət göstərir.

Mehdi Hüseynzadənin iki bacısı olub. Biko Əlizadə və Hürriyət Əzizbəyova. Böyük bacısının oğlu Aqşin Əlizadə məşhur Sovet və Azərbaycan bəstəkarı və Azərbaycan SSR xalq artisti idi.

***

Mehdi Hüseynzadə həm şəkil çəkir, tar çalır, şeir yazır, həm də minatəmizləmə işini bilirdi, yüksək məharətlə maşın sürürdü. Onun ən sevdiyi şairlər Hüseyn Cavid, Mikayıl Müşfiq, Səməd Vurğun və Süleyman Rüstəm idi.

***

Mehdi Hüseynzadə Şüvəlandakı bağlarında dincələrkən müharibənin başlanmasını öyrənir. Kiçik bacısı Hürriyət Əzizbəyovanın xatirələrində deyilir ki, bibisi qardaşı oğlunu bağda qalmağa inandırmağa çalışır. Mehdi isə onun çiyinlərini qucaqlayaraq dedi:

“Mən bağda qala bilmərəm. Birdən mənə hərbi komissarlıqdan çağırış gələr və mən isə evdə olmaram. Mən Komsomol üzvüyəm. Mənim vəzifəm Vətəni müdafiə etməkdir.”

Bundan sonra o, hərbi çağırışı gözləmək üçün şəhərə gedir. Artıq 9 avqustda M. Hüseynzadə hərbiyə gedir. Qırmızı Ordu sıralarına qoşulur. Tiflis hərbi-piyada məktəbini bitirdikdən sonra, 1942-ci ildə Mehdi cəbhəyə göndərilir. Bu dövrdə şiddətli döyüşlər gedir. Minaatanlar tağımının komandiri vəzifəsində o, Stalinqrad döyüşündə iştirak edir. Stalinqraddan kiçik bacısına yazdığı son məktubda deyilir:

"Cəbhədən yazıram. Burada qəddar döyüşlər gedir. Faşistlərin qəddarlığını təsvir etmək çətindir. Onlar heç bir alçaq üsuldan çəkinmirlər. Sabah hücuma keçirik. Mən sizə söz verirəm ki, son damla qanıma qədər vuruşacağam, sizi əmin edirəm ki, mən qəhrəmancasına döyüşəcəyəm, sizin başınızı ucaldacağam, ölsəm də qəhrəmancasına öləcəyəm! Mənim barəmdə eşidərsiniz, hələlik, sağ olun. Bu mənim son məktubumdur!"

***

1942-ci ilin avqustunda Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanaraq, almanlara əsir düşür. Orada o, Cavad Həkimli və digərləri ilə bərabər Azərbaycan legionuna salınır.

Mehdi Hüseynzadə bir qrup yoldaşları ilə İtaliyadakı düşərgədən qaçır və Yuqoslaviya Xalq Azadlıq Ordusunun Sloven Sahilyanı 9-cu korpusunda fəaliyyət göstərən partizanlara qoşulur. Burada azərbaycanlılardan ibarət rus rotası yaradılır. Rotanın komandiri Cavad Həkimli, komissarı Mehdi Hüseynzadə olur. Bu zamandan başlayaraq Mehdi ərazidəki partizan hərəkatının "Mixaylo" ləqəbli fəal iştirakçısı olur.

***

Yanvarın ortalarında Mixaylo öz döyüşçüləri ilə əhəmiyyətli topoqrafik xəritələri ələ keçirdilər. Növbəti ayda o, alman zabiti formasında alman kazarmalarına daxil olur, yanğınsöndürənlərə mina döşəyib mərkəzi binanı, Triest şəhəri yaxınlığında yerləşən kinoteatr binasını partladır.

***

Mixaylo adi partizan olmayıb, o, xüsusi kəşfiyyat-diversiya qrupunun başçısı olub. Bu qrupu o özü yaradıb. Mehdi alman, fransız, italyan dillərində sərbəst danışa bilib. Çox yüksək istedada və intellektə malik Mehdi sloven dilini və bu ölkənin folklorunu da öyrənməyə başlayıb. Hətta müharibə vaxtı həm rəssamlıqla, həm də dilçiliklə məşğul olub. Mehdi Hüseynzadə kəşfiyyat zamanı rəssamlıq bacarığından və dil biliklərindən istifadə edərək özünü həm italiyalı hərbçi, həm rəssam, həm də sloveniyalı kəndli kimi təqdim edib. Mehdinin yüksək intellektə malik olduğunu almanlar da həmişə vurğulayıblar.

Cavad Həkimlinin xatirələrində deyilir: “Mehdi elə qorxu yaratmışdı ki, almanlar şəhərə tək çıxmaqdan qorxurdular və onlara elə gəlirdi ki, Mixaylo nəhəng bir dəstənin adıdır və ona pəhləvan rəhbərlik edir".
Almanlar başına 400 min lirə mükafat təyin etmələrinə baxmayaraq Mehdi Hüseynzadə ələ keçməz olaraq qalırdı. Yuqoslaviyada tapılan sənədlərin birində deyilirdi:
“Hesab etmək olar ki, onun fəaliyyəti zamanı 1000-ə yaxın alman öldürülmüşdü və bunların içində əsasən zabitlər idi. Faşistlər necə olursa olsun, onun başını əldə etmək istəyirdilər”.

***

Onun həlak olması haqqında bir neçə fərziyyə var. Ən birinci versiya Mixaylonun gizləndiyi evin partizan oğlunun danışdıqlarına əsaslanır. O, məlumat verir ki, onların evini qəfildən almanlar mühasirəyə alır. Mixaylo onlarla döyüşə girir. Düşmən evə soxulanda Mixaylo onların dəstəsinə 2 qranat atır. Yaranan qarışıqlıqdan istifadə edib arxa pəncərədən tullanıb qaçmağa başlayır. Onu təqib edən almanların əlinə keçməmək üçün əlindəki tapança ilə ürəyinə atəş açır.

Sovet Bazovitsk batalyonunun qərargah rəisi və Mixaylonun yaxın dostu Cavad Həkimlinin hekayəti isə bəzi detalları ilə fərqlənir. Almanlar onları mühasirəyə alan zaman Mixaylo qaçmağa cəhd göstərərkən yaralanır və əsir düşməmək üçün özünü vurur. C. Həkimli belə güman edir ki, partizanları yerli əhalidən biri satır. Mehdi Hüseynzadənin nəşi yerli əhali tərəfindən Vitovle kəndində dəfn edilir. Mehdinin dəfn olunduğu əraziyə gözətçi qoyurlar ki, heç kim onun məzarını ziyarət etməsin. Dəfndən iki həftə sonra Mehdinin yoldaşları gecə gözətçini öldürüb, meyiti oradan oğurlayırlar və həmin vaxt partizanların nəzarətində olan Çepovan kəndində müsəlman qayda-qanunlarına uyğun şəkildə dəfn ediblər. Bu əməliyyata başçılıq edən isə Mehdinin yaxın dostu olmuş Şamil Hüryanov olur.

***

Azərbaycan yazıçıları İmran Qasımov və Həsən Seyidbəyli "Uzaq sahillərdə" povestində Mehdi Hüseynzadənin bədii surətini yaratmışlar. Hər iki müəllifin ssenarisi əsasında isə çəkilmiş "Uzaq sahillərdə" bədii filmi isə Mehdi Hüseynzadənin qəhrəmanlığından bəhs edir.

# 15679 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #