Bakıda milli mətbuatın 150 illiyinə həsr olunmuş “MətbuArt” beynəlxalq incəsənət simpoziumu keçirilir.
Kulis.az xəbər verir ki, “Azərbaycan Nəşriyyatı”nın təşkilatçılığı ilə “Söz. Çap. Forma – birləşən dünyalar” şüarı altında keçirilən simpoziumun əsas məqsədi Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna diqqət çəkmək və onunla sıx bağlı olan “Azərbaycan” nəşriyyatının bir əsrdən artıq tarixini incəsənət dili ilə əks etdirməkdir.
Belə ki, tədbir çərçivəsində kağız tullantılarından, çap sənayesinə aid köhnəlmiş və sıradan çıxmış avadanlıqlardan, ehtiyat hissələrindən və digər texniki materiallardan sənət əsərləri ərsəyə gəlir.
Simpoziumda 17 azərbaycanlı və 17 xarici rəssam, fotoqraf və heykəltəraş iştirak edir.
Xarici iştirakçılar arasında ABŞ, Cənubi Koreya, İspaniya, İtaliya, Macarıstan, Meksika, Mərakeş, Misir, Niderland, Norveç, Portuqaliya, Səudiyyə Ərəbistanı, Tayland və Türkiyəni təmsil edən sənət ustaları yer alır. Fərqli üslublarda çalışan, incəsənətə və ətraf aləmə özünəməxsus baxışı olan sənətkarlar “Azərbaycan” nəşriyyatının təklif etdiyi ümumi konsepsiyadan ilhamlanaraq mövzuya şəxsi yanaşmalarını və bədii təxəyyüllərini əks etdirən əsərlər yaradırlar.
Qeyd edək ki, “Söz. Çap. Forma – birləşən dünyalar” şüarı altında kağız tullantıları və köhnə çap avadanlıqlarından sənət əsərləri yaradılır.