Mən Tanrının rəfiqəsiyəm - Aytən Sakitqızı

Mən Tanrının rəfiqəsiyəm - Aytən Sakitqızı
24 yanvar 2024
# 11:18

Kulis.az Aytən Sakitqızının yeni yazısını təqdim edir.

Danışa biləcək adam çoxdur: ata ,ana, bacı, qardaş. Amma danışa bilmirsən içindəkiləri, yaşadıqlarını, yaşayacaqlarını... Hələ ciddi əsəb və gərginlik içindəsənsə, bu sənə Kolumbun "Qərbi Hindistan" adı ilə Amerikanı kəşf etməsi kimi gələcək.

Vaxt aman, tanrı da zaman vermir ki, Leyf Eriksonu 18 il qabaqlayım...

Niyyətim də yoxdur. Axı mən yapon da deyiləm ki, uzaq ekvator sahillərində materikin kəşfinə iddialı olam.

Dözümüm də qalmayıb ki, dayanım. Hər nə qədər dayandıran qüvvəm olsa da. Yox, bu Allah deyil. Tanrını simasında tanıdığım biridir.

Ucuz məişət söhbətləri bəzən 125-ci həddə çatdırır bəndənizi. Boş vermək də olmur. Məgər skandinaviyalılar, ispanlar, portuqallar, irlandlar, italyanlar, yaponlar Kolumbu boş verdilər? Hə, bu Xristafor da,deyəsən, bu gün ərşə çəkilən yuxumun qonağı olub axı. Az qala zərbi məsələ də çevriləcək dilimdə bir azdan.

Gözlərim də yuxu bilmir.Yadlaşmışıq çox. Bataqlıqla çiçək kimiyik. Mən onda bitirəm. O da məndə gözəlləşir. Amma bir-birimizin qoynunda, bir-birimizə elə yadıq ki. Bizi “Nə olar Allahım, ayırma bizi” deyən Nazpəri qarğıdı öz mahnısında elə bil.

Nə yalan deyim, möhtaclığım var. Nəyə yox, kimə möhtacam. İsti münasibətə, isti ocağa, isti sevgiyə, isti nəfəsə, bəlkə də isti qucaqda soyuq münasibətə ehtiyacım var. Hə, bir az da kağıza ehtiyacım var axı. Hamının çirkli bildiyi və bütün çirkinlərini təmizləyən kağıza...

Amma içimdəki qəm fəryadını eşitmir yuxarıdakı rəfiqəm. Qulaqları da zəifləyib, gözləri də görmür, bəlkə də əli əsalıdır. Hayqırmaq, qışqırmaq istəyirəm. Amma şəxsə deyil, ləpələrə. Hər gün özünü sahilə çırparaq içindəki kədəri bu yolla atmağa çalışan ləpələrə qarışmaq istəyirəm.

Ölgünlük, əzginlik var ruhumda. Həyat mübarizə aparmağı bacaranları sevsə də, digər tərəfdən layiq olmayanları gözünə dağ çəkərək səni ruhdan salır. Məcbur növbəti dayanacağa çatmamış düşürsən.

İri bir daşın altından zorla başını səmaya tutub “salam” verən zərif çiçək qədər güc qalmır daxilində. Qurbanolduğuma etdiyin “şükür”lər də imdadına yetmir. Xoşbəxt olmaq üçün rüşvət lazımdır, o da rüşvəti sevir. Hissə-hissə, qram-qram imkanım çatır onun rüşvət sevgisini ödəməyə. Amma özünü “yandırmır”. Başqalarının əlini bulaşdırır müqəddəs duyğularımın gerçəkləşməsi üçün tələb etdiyi əl çirkinə...

Hə, mən tanrının xoşbəxt etmədiyi rəfiqəsiyəm..

O da mənim müştərimdir.

Borclarımı ödəmədiyi müştərim.

# 1625 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #