Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"
23 noyabr 2024
# 13:00

"İstedadlı gənclərimiz var. Amma istedadsızlar gələn kimi deyirlər ki, artıq mən məşhuram. Evində tərbiyə görmüş gənc aktyor və aktrisa mən və ya mənim yaşda biri gələndə yerini bilir, ayağa durur. Ən azı yarıya qədər də olsa, ayağa qalxır".

Kulis.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova "Künc-bucaq" layihəsində deyib. Sənətçi bəzi gənc aktyor və aktrisaların kaprizləri olduğunu söyləyib:

"Bu gün niyə tez parlayanlar tez də sönürlər? Sonra niyə rejissorlar onları axtarmır? Kaprizdən. Məni buradan çəkmə, bu tərəfən çək. Məndən bunu eşitməyiblər. Mən buyam, özüməm. Onlar tez də sönürlər. Bəzi dırnaq arası rejissorlar oradan-buradan kimisə tapıb çəkirlər. Onlara təkan verirlər ki, "Sən müsibət oynadın. Sənin yanında bərk gedən aktrisa heç nədir". Onlar da sonra bizə deyirlər ki, sən kimsən? Bu qədər sənətkarımız var, hələ görməmişəm ki, gənclərdən kimsə gəlib qabağını kəssin ki, mən sizdən nəsə öyrənim. Öyrənin, gorumuza saxlamırıq ki? Sabah sən ol Mehriban Xanlarova. Onda səni özləri axtaracaqlar".

M.Xanlarova bəzi rejissorları da tənqid edib. O, illərin sənətçilərinə az qonorar verərək film və ya serial çəkmək istəyənləri qınayıb:

"Bəzi dırnaq arası aktyor və aktrisalar var, gəlirlər ki, bu gün 50 və ya 100 manat müqabilində filmə çəkilim. Deyirlər nə olacaq ki? Onlar buna razılaşırlar, sabah sıra bizə gələndə rejissor deyirlər ki, filankəs gəlib o qiymətə çəkildi, sən niyə belə deyirsən? Filankəsi çəkirsən, onda get, çək. Ona görə sənin çəkdiyin film də, obraz da süni, saxta çıxır. Səbəbi də puldur. Bəs, niyə mən sənin filmində, serialında canımı qoyuram? Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir, ağlayanda içdən ağlayıram, canım gedir. Hətta dodağım partlayıb çəkilişdə. Həqiqətən də sənət qurban tələb edir. Amma mənim vecimə belə deyildi, çünki bu sənətimdir. O ağrını yaşamadan bunu hiss etdirə bilmərəm".

# 539 dəfə oxunub

Müəllifin son yazıları

# # #