Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev məşhur rus yazıçısı Boris Akuninin hazırkı dövlət siyasəti ilə bağlı mövqeyinə görə əsərlərini lentə almağı dayandırmağa çağırış edib.
Kulis.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“O ölkəni lənətləyir, xüsusi hərbi əməliyyatı lənətləyir, müvafiq olaraq Silahlı Qüvvələrimizi və döyüşən oğlanları lənətləmiş olur. Bununla belə, mediamız və şirkətlərimiz onun kitabları əsasında əsərlər səhnələşdirməyə davam edir”, - deyən Medvedev digər istedadlı yazıçıların əsərləri əsasında da filmlər çəkilə biləcəyini vurğulayıb.
Ötən ilin oktyabrında Akunin bildirib ki, onun adı Moskvadakı Rus Akademik Gənclər Teatrının (RAMT) və Sankt-Peterburqdakı Aleksandrinski Teatrının afişalarından çıxarılıb. Dramaturqun sözlərinə görə, hakimiyyət RAMT-nin bədii rəhbəri Aleksey Borodindən onun adının plakatlardan çıxarılmasını tələb edib.
Bundan əvvəl yazıçının kitabları “Gənc Qvardiya” mağazasından yığışdırılıb. İyunun əvvəlində Akunin özünün telegram kanalında mövcud geosiyasi vəziyyəti təhlil etdiyi “ Rusiya Dövləti Tarixinin 12-ci cildi” adlı yazı dərc edib.