“Dua elədim, nənəm öldü” – Yazıçılarımızın mistik xatirələri

“Dua elədim, nənəm öldü” – <span style="color:red;">Yazıçılarımızın mistik xatirələri
27 oktyabr 2017
# 21:00

Həyatımızda bəzən izah olunmaz sirli hadisələr baş verir. Buna mistika deyirik. Bu mövzuda ədəbi əsərlərə də tez-tez rast gəlirik. Bəs yazarlarımız mistikaya inanırlarmı? Belə hadisələrlə qarşılaşıblarmı?

Kulis.Az bu barədə yazarlar arasında sorğu keçirib. Cavabları təqdim edirik.

Əkrəm Əylisli

Image result for əkrəm əylisi

- Mistik hadisələrə inanmayan adam yazıçı ola bilməz. Yazıçılığın bir tərəfi mistikadır. Ən realist yazıçılarda da mistik hadisələrdən nələrsə tapa bilərsən. Məsələn, Tolstoy kimi həm mənəvi cəhətdən, həm də fiziki cəhətdən nəhəng yazıçıda belə mistik məqamlar var. “İvan İliçin ölümü”ndə var o mistika. Mənim “Adamlar və ağaclar” əsərim mistikadır. Həyatın özünün bir tərəfi mistikadır. Mistikasız heç nə yoxdur. Yazıçı təfəkküründə, yazıçı beyninin bir hissəsində mistik məqam mütləq var. Bilirsiniz, həyatımda o qədər mistik hadisə baş verib ki, nə qədər danışsam qurtara bilmərəm. “Əylisdən Əylisəcən”də bir qismini yazmışam həmin mistik hadisələrin. Mənə elə gəlir ki, ədəbiyyatla reallıq arasında sərhəd yoxdur. Dünyanı ədəbiyyat kimi dərk etmişəm həmişə. Bir dəfə gördüm ki, Əylisin dağlarını sökürlər. Yuxuda görməmişəm bunu. Amma necə baş vermişdi? Mistika! Əsərlərimdə yazdığım mistik məqamlar mənim həyatımda olub.

Rüstəm Behrudi

Image result for rüstəm behrudi

- Mistika birbaşa inancla, dini düşüncə ilə bağlı olduğundan belə şeylərə heç inanmadım. Mistikaya inanmaq Şeyx Nəsrullaha inanmaq kimi bir şeydir. İzahını verə bilmədiyimiz şeyləri mistika adlandırmaq düzgün deyil, məncə. Zamanla, ağıl, düşüncə ilə nə zamansa çözülür mistika adlandırdıqlarınız.

Həmid Herisçi

Image result for həmid herisçi

- Reallığa çox da inanmıram. Uşaqlıqda məni, Mərdəkanda dayımın bağındaykən, kürəvi ildırım vurub... Bundan güclü mistik təcrübə, yaşantı tanımıram...Yadıma gəlir qəfil gördüm mən bu kürəvi ildırımı... Civə kimi qaynaya-qaynaya üstümə gəlirdi. Rəngi gümüşü-göyümtüldü. Surəti aldadıcı idi - elə bilirdim ləng gəlir üstümə. Ancaq, mənə yaxınlaşınca, indiki kimi yadımdadır, qəfildən surətini birə on artırdı elə bil. Solumdan keçib sağımdan çıxdı. Sağ yanağımı azca isitdi sanki... Bu xatirəmi heç vaxt unutmuram... O kürəvi ildırımın üstümə şığıması daim yaddaşımı silkələyir. Şahidlərim anam idi, bacım, bir də Zəhra nənəm...

Səfər Alışarlı

Image result for səfər alışarlı

- Ruhlara, mistikaya bu və ya digər dərəcədə inanmayan adamın yaradıcılıqla məşğul olması qəribə olardı. Oxuduğum əsərlər, xüsusən Karlos Kastaneda mənə öyrətdi ki, belə şeylərə kim nə qədər inanırsa, bir o qədər onlardan faydalana bilir. Məsələn, siz gedin tanımadığınız və ya doğulduğunuz bir kəndə və orada uşaqlıqdan tanıdığınız-tanımadığınız adamların arasında bir maq axtarın. Əgər siz onun oralarda mütləq varlığına sidq ürəkdən inanırsınızsa, Allah onunla görüşü sizə qismət eləyəcək, yox, əgər gümanı-zəndlə buna yanaşsanız, əliboş qayıdacaqsınız. Bax, beləcə gündəlik real həyatda gözə görünməyən varlıqların hikmətinə qoşulmaq mümkündür. Niyyətim onlardan yalnız və yalnız insanlara faydalı işlər üçün istifadə etmək olduğu üçün mən buna hərdən nail ola bilirəm və səhv addımlarımda o qüvvə məni qoruyur.

Bir dəfə uşaq vaxtı getdim rayon mərkəzinə, pulum yoxuydu. Həmişə olduğu kimi atamdan pul alacağımı düşünürdüm. Gəldim çörək sexinə, əmim dedi ki, atam gedib Naxçıvana. Əmimdən pul istəməyə üzüm gəlmədi, dönüb getdim və gözümü yerdən çəkmədən fikirləşirdim ki, indicə asfaltın üstündən 1 manat pul tapacağam. Bir az da getmişdim ki, gördüm yerdə bir dənə qırmızı 10 manat var. Əyilib götürdüm. Qayıtdım əmimin yanına, pulu göstərdim, dedim ki, krantın yanından tapdım. Əmim dedi ki, Höccət kişinindi, bayaqdan qızları bu dükanın qabağını, krantın həndəvərini gəzir, arvadlardan soruşurlar. Pulu aparıb qaytardım və elə bil birdən əmimin yadına düşdü ki, mənim pulum olmaya bilər. Çıxartdı mənə 1 manat verdi.

İlqar Fəhmi

Image result for İlqar Fəhmi

Mənim üçün dünyada mistik-magik hadisə yoxdur. Nə varsa reallıqdır. Əgər biz öz məntiqimizlə izah edə bilmiriksə bu ona əsas vermir ki başqa ad qoyaq... Həyatımda isə belə hadisələr çox olub. Əsərlərimdə də bəziləri yer alıb.

Bir yay axşamı birdən-birə içimdən keçdi ki, yazıçı dostum Zərdüşt haqqında yazım, ancaq yazı uzanır, qaldıqca qalırdı... Sonra bir gün oturdum, yazdım. Gecə səhərə yaxın sağlam dişim qəfildən ağrıdı. Zülümlə səhəri açdım. Həkimə getdim, dedi qəribədir, sağlam dişdir, amma nə olubsa, içdən infeksiya keçib. Sap-sağlam dişi çıxartdım. Günorta xəbər gəldi, ki həmin gecə Zərdüşt Şəfizadə rəhmətə gedibmiş... O yazını da onun ilində çap elətdirmişdim. İnternetdə olmalıdır. Mən o yazını yazanda Zərdüşt can verirmiş. Allah rəhmət eləsin. Onun yeri şəxsən mənim üçün həmişə görünəcək. Tamam başqa insan idi...

Əsəd Cahangir

Image result for əsəd cahangir

- 21 yaşacan ruha, mistikaya inanmamışam, ən qatı ateist olmuşam. Hətta özümü ateizmə həsr etmək, ikinci Axundov olmaq istəyirdim. Düşünürdüm ki, başımızın üstündə hər cür mənəvi diktaturadan uzaq azad, aydın səma olmalıdır. Amma 21 yaşdan etibarən başıma gələn qeyri-adi olaylar, yuxu və gerçəklikdə aldığım işarələr, xüsusən də özümün və əzizlərimin ruhunu görməyim məni ruhun varlığına və ölməzliyinə inandırdı. Bu hadisələr 28-29 yaşacan çəkdi, yəni tam yeddi il. Amma onlar o qədər çoxdur və izahları elə mürəkkəbdir ki, bir kitaba da sığışdırmaq olmaz. Və odur ki, onlardan danışmayacam. Sadəcə, bu hadisələrin mənə verdiyi ən ümumi, yekun qənaətimi sizinlə bölüşəcəm. O, qənaətlər bunlardır:

- Ruh var və o cismani yox, metafizik varlıqdır;

- Düşünmək və hiss etmək ruhun iki ən vacib xüsusiyyətidir;

- Ruh yemək, yatmaq, yorulmaq, cinsi əlaqəyə girmək və sair bu kimi cismani tələbatlardan azaddır;

- Bədən öləndən sonra ruh yaşamaqda davam edir;

- Ölüm deyilən şey yoxdur, o ruhun bir dünyadan o birinə keçididir;

- Ruh ölməzdir, çünki Allahın bir zərrəsidir;

- Ruh əbədidirsə, cənnət, cəhənnəm, yəni axirət var;

- Ruhun varlığını və ölməzliyini təsdiq edən Qurani-Kərim ilahi kitabdır;

- Məhəmməd Allahın rəsuludur və peyğəmbərlərin sonuncusudur;

- Qiyamət haqdır, ilahi cəza və mükafat qaçılmazdır, çünki Allah adildir.

- Öz ruhundan xəbərsiz olmaq özündən xəbərsiz olmaq, cəhalət deməkdir. Çünki bizim özümüz ruhumuzuq;

- Ruhundan xəbərsiz adamın yazıçılıq etməsi bəsit şeylər yazmaqdan o yana keçə bilməz. Özünü bilməyən adam başqasına nə deyə bilər?

Alpay Azər

Image result for alpay azər

- Ruha sırf dini anlamda inanıram. Məsələn, mən heç cürə inanmıram ki, dünyada dəhşətli cinayətlər törətmiş Hitler və hitlerkimilər rahatca o dünyaya getsinlər və buna görə cavab verməsinlər və ya yaxşı işlər görmüş, amma bu həyatda gözəl həyat yaşamamış birisi o dünyada bunun əvəzini almasın, bax, bu məntiq məni ruha inanmağa sövq edir.

Həyatımda mistik hadisə baş veribmi? Məsələn, sizin saytda çıxan “Din dövrün şəhidi” sənədli hekayəm mistik ovqatda yazılıb. Hekayə məktəbdə oxuyanda, dostluq etmək istədiyim, amma 1985-ci ildə Cəbrayılda, mən beşinci sinifdə oxuyanda, göldə boğulan Vüsal adlı bir oğlan haqqındadır. O oğlanın ölümü mənə pis təsir etmişdi və bir neçə il öncə bunu yazmaq istəyi, yanğısı məndən əl çəkmədi. Yazı prosesində bir güclü hiss vardı məndə, elə bilirdim, hekayənin qəhrəmanı özü də istəyir ki, bunu mən yazım, elə bil ruhu məni izləyirdi. Bu, yaradıcılığımda olan mistik hadisədir. Başqa bir hadisə, nənəm rəhmətə gedənə qədər ağrılardan əzab çəkirdi, onun bu halını görmək dəhşətiydi və mən namazlarımda ona rahat ölüm arzu edirdim. O, rəhmətə gedən gün yenə sübh namazında həm səcdədə, həm də etdiyim dualarda ürəkdən həmin arzumu dilə gətirdim və o an saata baxdım, altı idi. Həmin gün nənəm rəhmətə getmişdi. Sonrakı günlərin birində axşam atam bizə danışırdı ki, nənəm həmin gün gecədən can verməyə başlayıbmış və səhər son nəfəsini verəndə, atam divardakı saata baxıb, - nənəm bizdən ayrı yaşayırdı, - düz saat altıda son nəfəsini vermişdi nənəm.

Kənan Hacı

Image result for kənan hacı

- Mistika Şərqin canındadır. Biz də nə qədər dünyəvi dəyərlərə can atsaq da Şərq insanıyıq. Ruhun yaşadığına inanıram, əlbəttə. Mən inanıram ki, valideynlərimin ruhu məni həmişə izləyir və onların məndən ötrü narahatlığı yuxularıma da yansıyır. Ateistlər “gözünlə görmədiyinə inanma” deyirlər. Amma dünya təkcə gözümüzlə gördüklərimizdən ibarət deyil axı. Həyatımda belə hadisələr baş verib. Bir-iki dəfə olub. İndi nəsə yadıma sala bilmirəm. Yaddaşımda problemlər yaranıb. Unuduram hər şeyi.

2016

# 1207 dəfə oxunub

Müəllifin son yazıları

# # #