Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, ecazkar realizmin ustadı, kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin bu vaxtadək çap olunmayan romanı 2024-cü ilin yazında öz oxucularına yetişəcək.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, “Biz avqustda görüşərik” adlanacaq romanın nəşri ilə yazıçının ailəsi məşğul olur.
Kitab yazıçının ölümünün onuncu ildönümünə həsr ediləcək. Bütün bu dövrdə Markesin özündən sonra çap edilməyən əsərlər qoyması barədə söz-söhbət gəzirdi. Nəticədə bu, belə də oldu, həqiqətən də “Biz avqustda görüşərik” romanı ABŞ-ın Ostin şəhərindəki Texas Universitetində Markesin əlyazmalar arxivində saxlanılıb.
Qeyd edək ki, yazıçının uşaqları yarımçıq qalmış romanı çap etdirmək istəmirdilər, lakin buna baxmayaraq qərar verdilər ki, oxucuları bu mətndən məhrum etmək lazım deyil. Kitab 2024-cü ildə Cənubi Amerika ölkələrində mağaza rəflərində orijinal ispan dilində təqdim ediləcək, daha sonra başqa dillərdə də çap olunacaq.
Qabriel Qarsia Markes ispandilli yazıçılar arasında rekordsmendir: onun kitabları daha çox dilə tərcümə olunub. Ən tanınmış romanları “Yüz ilin tənhalığı”, “Patriarxın payızı” və “Vəba zamanı məhəbbət”dir.
Xatırladaq ki, Nobel mükafatı laureatlı yazıçı 2014-cü ildə vəfat edib.