Bu gün məşhur macar şair Attila Jozefin doğum günüdür.
Kulis.az onun həyatı və yaradıcılığı haqqında materialı təqdim edir.
Budapeştdə dünyaya gələn Jozef çətin bir uşaqlıq və yeniyetməlik dövrü keçirib. Kasıb bir ailənin üç uşağından biri idi.
Atası sabunçu, anası isə xidmətçi idi. Atası şair üç yaşında ikən evi tərk etdi və Amerikaya qaçdı.
Digər iki qardaşı ilə birlikdə analarının onlara baxmaq üçün fasiləsiz işləməsinə və sonda yorğunluqdan xəstələnməsinə şahid oldular.
Anası xəstələndiyi üçün Macarıstan Uşaqlara Yardım Dərnəyi tərəfindən Ocsöd kəndindən bir ailəyə övladlığa verildi.
Övladlığa verildiyi ailə Jozefi donuzlara baxmağa məcbur etdi və ona Pişta adını qoydu.
Orada 7 yaşına qədər yaşadı. Daha sonra isə, anası sağaldıqdan sonra yenidən onun yanına qayıtdı və onun ölümünə qədər evə kömək etmək üçün müxtəlif işlərlə məşğul oldu.

Məsələn, teatrlarda su satdı. 14 yaşında anası vəfat etdi. Attila Jozef şizofren idi və ömrü boyunca bir neçə dəfə intihar etmək istəmişdi.
İlk dəfə intihara təşəbbüsü 9 yaşında etmişdir.
Bu dövrdə özünü oxumağa və yazmağa həsr edən Jozefin ilk şeirləri yerli qəzetlərdə dərc olunmağa başladı.
O dövrdə ölkənin ən önəmli ədəbi jurnalı olan “Nyuqat”da şeirləri dərc olundu.
17 yaşında ilk şeir kitabı olan "Gözəllik dilənçisi" əsəri çap olundu. Bu kitabda yer alan "Baş qaldıran İsa" şeirində Tanrını təhqir etməsi ittihamı ilə haqqında cinayət işi açıldı.
20 yaşında isə ikinci şeir kitabı olan "Hayqıran mən deyiləm" çap olundu. Kitabda yer alan bir şeirə görə universitetdən qovuldu.
Universitetdən qovulmasının səbəbi isə faşizmin mövcud olduğu ölkədə bu kitabın inqilabçı kimi qiymətləndirilməsi idi.

O, poeziyasında marksizm ideyalarını freydist psixoanalizlə birləşdirən nadir şairlərdən idi. Bu sintez onun yaradıcılığına həm sosioloji, həm də dərin psixoloji qat qazandırırdı.
Çox çətin şəraitdə böyüməsinə baxmayaraq, Atilla Jozef fenomenal intellektə malik idi. O, macar dili ilə yanaşı, fransız və alman dillərini mükəmməl bilirdi və bu dillərdən tərcümələr edirdi.
Bir professor tərəfindən ilk öncə Vyana Universitetində, daha sonra isə Sorbonda təhsilini davam etdirdi. Hər iki universiteti də bitirə bilmədi.
Ölkəsinə döndü və Budapeşt Universitetində təhsil almağa başladı. Universitetdə Marto Vaqo adlı qadınla tanış oldu və ona aşiq oldu.
Varlı ailənin qızı olan bu qadınla aralarındakı təbəqə fərqinə baxmayaraq bir-birilərini sevirdilər.
Ruhi vəziyyəti yaxşı olmayan Jozef bu sevginin çətinlikləri ilə mübarizə apara bilmədi və nəticədə uzun müddət xəstəxanada müalicə aldı.
1930-cu ildə Macarıstan Kommunist Partiyasına üzv oldu. Ölkədə faşizmin hökm sürdüyü dövrdə partiya işlərində fəal iştirak edirdi.

Qısa müddətdən sonra partiya ilə arasında fikir ayrılığı yarandı və bir bəhanə ilə partiyadan qovuldu.
1931-ci ildə ruhi problemlər yaşadığı dövrdə çap olunan "Yaz gecələri" kitabının nəşri qadağan olundu.
1932-ci ildə "Kənar məhəllədə gecə", 1936-cı ildə "Çox incidir" adlı kitabları dərc olundu.
Onun ən çox sevilən və dillər əzbəri olan şeirlərindən biri anasına həsr etdiyi "Ana" ("Anyam") şeiridir. Bu əsər poeziyada ana obrazının ən səmimi və ağrılı təsvirlərindən biri sayılır.
Ömrünün son illərində psixoloqu Flora Kozmutzaya aşiq olmuşdu. Onun ən məşhur sevgi şeirlərinin bir çoxu məhz bu ümidsiz və ağrılı sevginin məhsuludur.
1935-ci ildə yenidən şizofreniya diaqnozu qoyulan Jozef 1937-ci ildə özünü qatarın altına ataraq intihar etdi.
1999-cu ildə kəşf edilən bir asteroidə (3922 Heather) rəqib olaraq, macar astronomlar tərəfindən kəşf edilən 267102 Atillajózsef asteroidi məhz şairin adını daşıyır.
![]()
Budapeştdə, Parlament binasının yaxınlığında onun çox məşhur bir heykəli var. Şair orada sahil kənarında oturub Dunay çayına baxır; bu heykəl onun "Dunay kənarında" şeirinə vizual bir istinaddır.
Atilla Jozefin əsərləri ingilis, fransız, alman və rus dilləri daxil olmaqla onlarla dilə tərcümə edilib.
Tanınmış fransız şairi Pol Elüar onun yaradıcılığını yüksək qiymətləndirərək, onu dövrün ən böyük lirikləri ilə müqayisə edirdi.
Sağlığında layiq olduğu qiyməti tam almasa da, ölümündən sonra Macarıstanın ən böyük milli şairi hesab olundu.
Hətta onun doğum günü (11 aprel) Macarıstanda "Milli Poeziya Günü" kimi qeyd olunur.