Bu il türk yazıçısı, publisist və dramaturq Əziz Nesinin anadan olmasının 110 illiyi tamam olur.
Kulis.az xəbər verir ki, bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli dramaturqun həyat və yaradıcılığından bəhs edən “Kiçik satirik və yumoristik hekayənin böyük ustası: Əziz Nesin” adlı biblioqrafik icmal hazırlanıb.
Vəsait görkəmli türk yazıçısı, publisist və dramaturq Əziz Nesinin çoxşaxəli ədəbi və bədii irsini gənclər arasında tanıtmaq və təbliğ etmək məqsədilə hazırlanıb. Biblioqrafik icmalda yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat, görkəmli şəxslərin Əziz Nesin haqqında söylədikləri dəyərli fikirlər, “Əziz Nesindən gözəl sözlər”, “Əziz Nesin: “Yaşar nə yaşar, nə yaşamaz” - olmaqla olmamaq arasında əzilənlərin hekayəsi”, “Satira və yumorun iki ustadı: Mir Cəlal və Əziz Nesin”, “Xatırladığım ömür və Əziz Nesinin bildikləri” adlı məqalələrin tam mətni yer alır.
Qeyd edək ki, tərtib olunan vəsaitdə Əziz Nesinin müəllifi olduğu əsərlərin və haqqında qələmə alınan kitabların biblioqrafik təsviri, qısa annotasiyası, dövri mətbuat məqalələrinin siyahısı da istifadəçilərə təqdim olunur.