Həmişə qəddar rollarda oynayan aktyor - Hamlet Xanızadə

Həmişə qəddar rollarda oynayan aktyor - Hamlet Xanızadə
3 fevral 2024
# 11:30

Bu gün görkəmli aktyor Hamlet Xanızadənin anım günüdür.

Kulis.az xəbər verir ki, teatr və kino sənətinin usta aktyorlarından olan Əməkdar artist, Dövlət mükafatı laureatı Hamlet Xanızadə cəmi 49 il ömür yaşayıb, amma bu müddətdə yaratdığı obrazlarla adını əbədi olaraq kino tariximizə həkk edə bilib.

Kulis.az xəbər verir ki, bu gün görkəmli sənətkarın vəfatından 34 il ötür.

Hamlet Xanızadə 1941-ci ildə Bakının Şağan qəsəbəsində dünyaya göz açmışdı. Uşaqlıqdan teatra həvəsi vardı. Amma atası Bəbir kişi oğlunu aktyor görmək istəmirdi. Onun uşaqlığı İkinci Dünya müharibəsinin dəhşətli qovğalarına təsadüf etdi. Xüsusilə də ağlı kəsəndən maraqla baxdığı filmlər gənc Hamletin arzularını məhz bir istiqamətə yönəltmişdi. Elə buna görə də Teatr İnstitutunda təhsil alan Hamlet Xanızadə 1961-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə başladı. Bu möhtəşəm səhnədə ilk dəfə hansı rolu oynayıb, kimlərlə tərəf müqabili olub, - bilmirik. Amma onun rollarının sırasına boylananda heyrətlənməyə bilmirsən. Son dərəcə fərqli və ziddiyyətli surətləri bir aktyor öz ruhundan, varlığından keçirərək onları necə ustalıqla yarada bilmişdi: Həsən Səbbah ("Xəyyam"), İblis ("İblis"), Qacar ("Vaqif"), Molla Abbas ("Dəli yığıncağı"), Nizami ("Atabəylər"), Doktor ("Şöhrət və ya unudulan adam"), Antonino ("Fırtına") və başqaları. Əgər bir az da diqqət yetirsək ki, Hamlet Xanızadə məhz hansı müəlliflərin əsərlərində özünü bir aktyor kimi taparaq təsdiq edirdi, - onda sənətkarın yaradıcılığı haqqında müfəssəl düşüncəyə sahib ola bilərik. Təbii ki, ilk növbədə Hamlet Xanızadənin məftun olduğu, sevdiyi dramaturqlar vardı: Hüseyn Cavid, Mirzə Cəlil, Şekspir, Nazim Hikmət, Səməd Vurğun, İlyas Əfəndiyev, Nəriman Həsənzadə, Anar, Yusif Səmədoğlu və başqaları. Hamlet Xanızadə Mehdi Məmmədov, Hökümə Qurbanova, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı kimi müqtədir sənət korifeyləri ilə bir yerdə çalışıb. Tanrının bağışladığı istedad öz yerində, Milli Dram Teatrı Hamlet Xanızadə üçün bir məktəb idi. O, ustadlardan öyrənərək həm də öz məktəbini yaradırdı.

Unudulmaz aktyorun yaradıcılığında ikinci bir mərhələni də kino sənətindəki xidmətləri təşkil edirdi. "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Arxadan vurulan zərbə", "Şəhərin yay günləri", "Qızıl uçurum", "Babək", "Bir Cənub şəhərində", "İnsan məskən salır", "İstintaq davam edir", "Qatarda", "Qatır Məmməd", "Qəm pəncərəsi", "Qərib cinlər diyarında", "Möcüzələr adası", "Nizami", "Topal Teymur", "Yaramaz", "Yol əhvalatı"... və nəhayət, "Qətl günü" filmlərində yaratdığı müxtəlif xarakterli obrazlarda yenə də Hamlet Xanızadənin özünəməxsus orijinal yozumu hiss olunmaqdadır. O, bu obrazları elə bir şəkildə təqdim edib ki, ikinci bir ifaçı haqqında düşünmək belə ağla gəlmir. "Qətl günü" filmindəki Sədi Əfəndi onun son rolu oldu. Həyat yoldaşı Nailə xanımın sözləridir: "Çəkilişlər zamanı, bəlkə də gündə neçə yol ölüb-dirilirdi. Filmdəki dövrlə bağlı ədəbiyyatı oxuduqca öz-özünə deyirdi: "Gör biz neçə böyük bir millətin övladlarıyıq". Təəssüf ki, bizim milli taleyimizin əks-sədası olan bu filmə Hamletsiz baxdıq".

Həyatın bu amansızlığı imkan vermədi ki, Hamlet Xanızadə yaratdığı obrazın tamaşaçılar tərəfindən necə maraqla qarşılandığının şahidi olsun.

Hansı rolda çəkilməsindən asılı olmayaraq aktyor oynadığı rolun məsuliyyətini gözəl dərk edirdi. O, rejissorlarla çox asan dil tapırdı. Olduqca səmimi, işgüzar bir insan idi. Onu tanıyanlar deyirdilər ki, Hamlet heç vaxt insanların qəlbinə toxunmazdı. Rolları isə əksinə qəddar, zalım, qaniçən insanlar olurdu.

Hamlet Xanızadə güclü yaradıcı potensiala malik aktyor idi. Onun zəngin daxili aləmi müxtəlif xarakterli rolları yaratmağa imkan verirdi. Əməkdar artist idi. Xalq onu sevirdi. Mükafatı isə bir dövlət mükafatı və bir də xalqın ürəyində qazandığı məhəbbət idi. Bu məhəbbət bu gün də var, sabah da olacaq.

Cəmi 49 il ömür sürmüş Hamlet Xanızadə 80-ə yaxın filmdə unudulmayan, bir-birinə bənzəməyən, maraqlı obrazlar yaradıb. Onun qəhrəmanlarının əksəriyyəti tarixin, özü isə sənətin zirvəsində əbədiləşib.

# 792 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #