Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri təşkil olunub.
Kulis.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın tarixində baş vermiş faciəli hadisələrin xatırlanması, gənc nəslin bu istiqamətdə maarifləndirilməsi məqsədi ilə təşkil edilən tədbiri kitabxananın direktoru Aslan Cəfərov tariximizin ən faciəli və ağrılı səhifələrindən biri olan 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün təkcə hüzn günü deyil, həm də milli yaddaşımızın, tariximizə sahib çıxmağın və gələcək nəsillərə həqiqətləri çatdırmağın vacibliyini bir daha xatırladan əlamətdar bir gün olduğu söyləyib. Son iki əsrdə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımlar, müsibətlərlə dolu səhifələrin də yazıldığını qeyd edərək, bu soyqırımı zamanı on minlərlə dinc azərbaycanlının yalnız milli, irqi, dini mənsubiyyətinə görə deyil, onların yaşadıqları torpaqların, coğrafi ərazilərin mənimsənilməsi məqsədilə amansızcasına qətlə yetirdiyini bildirib.
Aslan Cəfərov azərbaycanlılara qarşı törədilən bu bəşəri cinayət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyev tərəfindən “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanın imzalanması ilə həmin dəhşətli hadisələrə adekvat siyasi qiymətin verildiyini, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü”nün elan edildiyi, sonradan isə 2018-ci ildə - soyqırımın 100 illiyi ərəfəsində Prezidenti İlham Əliyevin Sərəncam imzaladığını qeyd edib.
Tədbirdə iştirak edən tələbələr də mövzu ətrafında çıxışlar edərək, 31 mart soyqırımının tarixi səbəbləri, nəticələri və bu hadisələrin Azərbaycan xalqının taleyində oynadığı rol barədə fikirlərini bölüşüblər. Vurğulanıb ki, bu cür anım günləri gənclərin tarixə bağlılığını artırır və milli kimliyin qorunmasına xidmət edir.
İştirakçılar 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar kitabxanada təşkil edilən ənənəvi kitab sərgisi ilə tanış olublar.
Elmi işlər üzrə direktor müavini Günay Həsənova 50-dən çox kitabın yer aldığı sərgidə kitabxana əməkdaşları tərəfindən hazırlanan “Tariximizin qanlı səhifəsi” adlı daycest haqqında da məlumat verərək bildirib ki, vəsaitdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı rəsmi sənədlər, Quba Soyqırımı Memorial Kompleksinin açılışında Prezident İlham Əliyevin nitqinin tam mətni yer alır. Bundan əlavə vəsaitdə görkəmli şəxslərin Mart soyqırımı haqqında söylədikləri dəyərli fikirlərin , professor Elçin Əhmədovun “31 Mart Soyqırımı – XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir” adlı məqaləsinin tam mətninin və 2020-2026-cı illərdə dövrü mətbuatda işıq üzü görən məqalələrin qısa xülasəsinin yer aldığını qeyd edib.