Kulis.Az Kulis.Az Saday Budaqlının tərcüməsində məşhur yapon yazıçısı Rünoske Akutaqavanın “Mən necə düşünürəm” hekayəsini təqdim edir
Ən çox susuzlayan adam, tuluğunda suyu qurtarmış səhradakı səyyahdı. Ən çox ədalət arzulayan adam, kapitalizm şəraitində sosial ədalət tapmayan inqilabçıdı. Biz insanlar üçün ən çatışmayan şey, ən vacib olan şeydi. Buna yəqin heç kimin şübhəsi olmaz.
Əgər mənim dediklərim doğrudusa, ayaqlarını itirən əsgər hər şeydən çox ayaqlarının olmasını istəyir. Ən çox sevgi həsrəti çəkən sevgilisini itirən aşiqdi. Ən çox ciddilik arzulayan – məntiqə riayət etməyə bilmərəm, - daxilən ciddi olmağı bacarmayan yazıçılar, tənqidçilər, dramaturqlardı. Ta bineyi-başdan insanların ciddi olmadığını deməyə, məncə, ehtiyac yoxdu. Üstəlik, yumor hissi olan adamları günahlandırmaq, onları təhqir etmək olardı.
Tarix göstərir ki, həqiqi ciddi sənətkarlar öz ciddiliyini heç vaxt gözə soxmur. Onların əsərlərində, az, ya çox, ancaq gülüş həmişə olub. Hətta qaraqabaq, zəhmli İbsen də heç vaxt bunu gözə soxmurdu. «Per Qyunta»dan az sonra tamaşaçıda qəhqəhələr doğuran «Çöl ördəyi» yarandı. Məzhəkəyə olan məhəbbətini «Timsah» və «Dayının yuxusu»nda göstərən Dostoyevski İbsendən geri qalmır. Tolstoy əri ilə öpüşəndə paltarının əziləcəyindən narahat olan qadını təsvir eləyir. Strindberq həyatda dəmdəməki olan, ancaq həmişə əxlaqdan dəm vuran kişi obrazı yaradır.
Məntiq ondan xəbər verir ki, necə deyərlər, ciddi yazıçılarda, tənqidçilərdə, dramaturqlarda, əslində, ciddilik çatışmır. Belə bir nəticəyə hələ heç kimin gəlmədiyini demək düzgün olmazdı. Bunu çoxları hiss eləyir…
Paskalın dediyinə görə, insan – düşünən qamışdı. Qamışın düşünüb düşünmədiyini deyə bilmərəm. Ancaq qamışın insan kimi gülmədiyi şübhəsizdi. Gülər sifətini görməyəndə, bu adamın ciddiliyi bir yana, ümumiyyətlə, insani keyfiyyətlərinə inanmağım gəlmir. Öz ciddiliklərini nəyin bahasına olursa-olsun saxlamağa çalışan yazıçılara, tənqidçilərə, dramaturqlara hörmət bəsləmədiyimi deməyə, yəqin, ehtiyac yoxdu.
1923, iyun