Ədəbiyyat, kino və jurnalistikaya həsr olunmuş ömür - Reportaj

Ədəbiyyat, kino və jurnalistikaya həsr olunmuş ömür - Reportaj
17 mart 2026
# 18:30

Atatürk Mərkəzində tanınmış yazıçı, ssenarist və publisist Orxan Fikrətoğlunun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Kulis.az tədbirdən reportajı təqdim edir.

Atatürk Mərkəzində müasir Azərbaycan ədəbiyyatınn və kinosunun tanınmış nümayəndələrindən biri, yazıçı, senarist və teleaparıcı Orxan Fikrətoğlunun 60 illik yubileyi qeyd olunur. Tədbirdə ölkənin tanınmış ictimai-siyasi xadimləri, ədəbiyyat və incəsənət adamları, media nümayəndələri, eləcə də yubilyarın ailə üzvləri və yaxınları iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan akademik Nizami Cəfərov Orxan Fikrətoğlunun ədəbiyyat və kino fəaliyyətinn əsas istiqamətləri barədə məlumat verir. Çıxışında yubilyarın atası, tanınmış şair Fikrət Sadıq haqqında da xatirələrini bölüşən akademik maraqlı bir detala diqqət çəkir.

O qeyd edir ki, həm ata, həm də oğul öz fəaliyyətlərində bir növ "işıqçı" rolunu oynayıblar. Belə ki, Orxan Fikrətoğlunun kino sahəsindəki fəaliyyəti də məhz "Ötən ilin son gecəsi" filmində işıqçı kimi başlayıb və o, bu işığı sonradan öz qələminə, ekran əsərlərinə daşıyıb. Akademik vurğulayır ki, Orxan Fikrətoğlunun yaradıcılığında Şirvan şairlərinə xas olan dərin düşüncə sistemi öz əksini tapıb və o, fəaliyyətinin bütün mərhələlərində daim yeniliklər axtarışında olub.


Daha sonra çıxış edən Xalq şairi Sabir Rüstəmxanlı da Fikrət Sadıqdan danışır, Orxan Fikrətoğlunun fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edir. S.Rüstəmxanlı 60 yaşın yaradıcı insan üçün o qədər də böyük bir rəqəm olmadığını, bunun sadəcə yeni mərhələnin başlanğıcı olduğunu bildirir. O, yubilyarn televiziya fəaliyyətindən geniş bəhs edərək, onun bu sahədə tamamilə yeni bir nümunə və üslub yaratdığını vurğulayır. Orxan Fikrətoğlunun hekayə və romanlarının bədii dəyərindən danışan Xalq şairi qeyd edir ki, bu əsərlərdə Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəyli tərzinin, ironiyasının davamı hiss olunur. S.Rüstəmxanlı Orxan Fikrətoğlunu 21-ci əsrin yazıçısı adlandırır.


Türkiyəli yazıçı İmdat Avşar öz çıxışını Azərbaycan şair və yazıçılarının Türkiyədəki tanıdılması və qəbulu mövzusu üzərində qurur. Bəxtiyar Vahabzadə və Zahid Xəlil kimi ədəbiyyat adamlarının qardaş ölkədəki nüfuzundan danışan İ.Avşar daha sonra Fikrət Sadıq yaradıcılığına diqqət çəkir. O bildirir ki, Orxan Fikrətoğlu təkcə öz fərdi yaradıcılığı ilə deyil, həm də atasının ədəbi irsinin layiqli davamçısı kimi böyük hörmətə layiqdir.

Prezident Administrasiyasının məsul əməkdaşı Səadət Yusifova çıxış edərək Orxan Fikrətoğlunun yaradıcılıq potensialından, onun ədəbi ustalığından bəhs edir. O, yubilyarı təbrik edərək, ona gələcək peşəkar fəaliyyətində və yaradıcılığında uğurlar arzulayır.


Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhmi çıxışında 1990-cı illərin mürəkkəb ədəbi mühitindən danışır. O xatırladır ki, onların yeni yazmağa başladığı həmin illərdə yazıçılar həm mövzu, həm də üslub axtarışında idilər və o dövrün qələm adamlarının bir cümləsi belə digərinə oxşamırdı. İ.Fəhmi Orxan Fikrətoğlunun o çətin illərdən formalaşaraq gələn özünəməxsus qələmindən bəhs edərk, onun gənc nəsil üçün əsl nümunə olduğunu qeyd edir. Həmçinin, o, yubilyara yaratdığı dəyərli əsərlərə görə təşəkkürünü bildirir və onun çox etibarlı, yaxşı bir dost olduğunu xüsusi vurğulayır.


Yazıçı Rüstəm Dastanoğlu isə çıxışında Orxan Fikrətoğlunu çağdaş ədəbiyyatımızın brendi adlandırır. O qeyd edir ki, vaxtilə Mirzə Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalında gördüyü tarixi missiyanı Orxan Fikrətoğlu özünün müəllifi olduğu məşhur "Zorxana" verilişində həyata keçirib. Rüstəm Dastanoğlunun sözlərinə görə, bu cür yubiley tədbirlərinin keçirilməsi səbəbkardan daha çox bütövlükdə ədəbiyyatmız üçün zəruridir ki, yetişməkdə olan gənc nəsil ölkədə ədəbiyyat və sənət adamlarına verilən yüksək dəyəri əyani şəkildə görsün. Yubilyarın əsl doğum gününün martın 21-də qeyd olunduğunu xatırladan yazıçı, həmin ərəfədə də xüsusi tədbirin keçiriləcəyinə inandığını bildirir. O, həmçinin Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi kimi qurumların bu cür məqamlarda daha fəal olmasının, sənət adamlarını daim diqqətdə saxlamasının vacibliyini xüsusi vurğulayır.



Ədəbiyyatşünas Azər Turan isə Orxan Fikrətoğlu fenomeninin mürəkkəbliyinə toxunur. O vurğulayır ki, Orxan Fikrətoğlu haqqında danışmaq, onun yaradıcılıq dünyasını təhlil etmək olduqca çətindir. Azər Turanın fikrincə, bu imzanı tam dərk etmək və onun haqqında dolğun danışmaq üçün mütləq şəkildə dünyanın bir çox qlobal ədəbi cərəyanlarından xəbərdar olmaq lazımdır.

Kinoşünas və kinorejissor Cəmil Quliyev yubilyarın Azərbaycan kinosunun inkişafındakı müstəsna roluna diqqət çəkir. O, xüsusilə Azərbaycan kinosunun ən ağır illəri hesab olunan 1990-cı illərdə Orxan Fikrətoğlunun kinematoqrafiya sahəsindəki fədakar fəaliyyətindən, yazdığı ssenarilərdən və bu sənətin yaşamasına verdiyi dəstəkdən ətraflı bəhs edir.

Yazıçı Şərif Ağayar çıxışında Orxan Fikrətoğlunun atası, mərhum şair Fikrət Sadıqla bağlı kövrək və maraqlı xatirəsini tədbir iştirakçıları ilə bölüşür. Daha sonra o, yubilyarın müasir Azərbaycan ədəbiyyatındakı mövqeyini təhlil edərək, onun mütaliə və yaradıcılıq mühitindəki xüsusi çəkisindən danışır.


Tədbirdə yubilyarın ailəsi adından bacısı Aysel Fikrət çıxış edir. O, qardaşının təkcə ictimaiyyət üçün böyük yazıçı olmadığını, eyni zamanda ailədə çox gözəl ailə başçısı və qayğıkeş ata olduğunu diqqətə çatdırır. Aysel xanım qardaşına cansağlığı və yeni yaradıcılıq uğurları arzulayır.

Yubiley mərasiminin sonunda söz səbəbkara – Orxan Fikrətoğluna verilir. O, tədbirin təşkilatçılarına, çıxış edən ziyalılara və iştirakçılara öz dərin təşəkkürünü bildirir. Yubilyar bu cür görüşlərin yazıçı üçün böyük mənəvi stimul olduğunu vurğulayaraq, bu tədbirdən aldığı yüksək enerji ilə bundan sonrakı fəaliyyətində yaradıcılığına daha çox fokuslanacağını diqqətə çatdırır. O, həmçinin oxucularını və tamaşaçılarını sevindirəcək yeni əsərlər üzərində işləməyinin də anonsunu verir.

Foto: İlkin Nəbiyev

# 89 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər