Şəhriyar del Gerani: “Balığa gedirəm, xoruz saxlayıram”

Şəhriyar del Gerani: “Balığa gedirəm, xoruz saxlayıram”
21 aprel 2020
# 10:48

“Balıq ovuna gedirəm, xoruz saxlayıram. Döyüşkən xoruzdur.”

Bu sözləri karantin dövrünü doğulduğu İmişli rayonunda keçirən tanınmış şair Şəhriyar del Gerani Kulis.aza açıqlamasında söyləyib. O, daha sonra oxuduğu kitablardan danışıb:

“Füzulinin, Nizaminin yaradıcılığına yenidən qayıtmışam. Filoloji tərcümədə oxuyuram. Mövlanəni oxuyuram. Təzə müəlliflərə müraciət etməyə ehtiyat edirəm. Məni çəkmir. Aşağı-yuxarı dünya ədəbiyyatında 50 müəllif var. Onların külliyyatını oxumaq daha maraqlıdır, nəinki yeni müəllifə müraciət eləmək. Yeni müəlliflər məni sarsıdır. Sonuncu dəfə İstanbulda kitab fuarında olanda Samuel Bekketin "Mörfi" romanını almışdım. Bu günlərdə bu kitabı oxuyub bitirdim. Nihad Bəhramın "Dar ağacında üç fidan" adlı Dəniz Gəzmişin həyatından bəhs edən bir kitabını almışdım. Onu oxudum. Kiveydə magistraturada dərslik kitabları oxuduğumdan bədii kitablardan uzaq düşmüşdüm. Üç il keçir, təsəvvür edin, o kitabları indi açıb oxuyuram.”

Şair pandemiyanın insanlara təsirindən də danışıb:

“Qətiyyən heç kəs düzəlməyəcək. Allaha tapınmayınca heç kəsin nicatı yoxdur. Bu virus söhbətləri də boş şeylərdir. Heç kəsə təsiri olmayacaq. Adamlar qəbiristanlığa gedirlər, o auraya, atmosferə düşürlər, qəbiristanlıqdan çıxan kimi şit-şit zarafatlar edirlər. Fanilik duyğusu insanda fərdi olur. Böyük mənada bunun bəşəriyyətə xeyri olmayacaq. Adamlara elə gəlir dünyanı tutub gedəcəklər. Dünya fani deyil.”

Daha sonra Ş.Gerani əlavə edirb:

“Məni ən çox düşündürən, Azərbaycan cəmiyyətidir, kasıb adamlardır, onların vəziyyətidir. İstənilən halda hökumət onlara dəstək olmalıdır. Kasıb təbəqəni məmurların, yaxud da maddi cəhətdən pullu insanların ixtiyarına buraxmaq olmaz ki, gedin, kömək edin. Mənasız adamlar cəmiyyətdə bu vəziyyətdən istifadə edib hörmət qazana bilərlər. Bu dırnaq qarası hörməti bağışlamaq olmaz.”

# 2754 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #