“Ev şəraitində müalicə olunuram”.
Kulis.az xəbər verir ki, bu sözləri koronavirusa yoluxan yazıçı Azad Qaradərəli deyib.
“Özümə fikir verən adamam. Əyin-başıma, yeməyimə diqqət edən. O cümlədən bu koronavirus məsələsi başlayandan heç vaxt bayıra maskasız çıxmamışam. Hətta xüsusi əlcəklərdən də istifadə edirdim. Qonaq getmirdim, qonaq da qəbul etmirdim. Elə ki, bu yumşalmalar başladı, hamı kimi mən də yəqin bir az boşunu tutmuşam. Amma olmazmış...”
A.Qaradərəli sondan bunları bildirib:
“Koronavirusa dair ona yaxın hekayə, bir roman yazdım. Roman hələ ilk variantdadır, ciddi işləmək lazımdır. Sağalım, işləyəcəyəm. Dost-tanışdan, xüsusən qələm dostlarımdan, gənclərdən bir istəyim var: məsuliyyətsizlik etməsinlər. Maskasız bayıra çıxmasınlar. Özlərini qorusunlar. Vaksin tapılmayanacan mütləq qorunmaq lazımdır”.